SON XƏBƏRLƏR

Güney Azərbaycan şəhərlərində iş qəzalarında ölən və xəsarət alanların ardı-arası kəsilmir

2021.10.20, 07:36
Güney Azərbaycan şəhərlərində iş qəzalarında ölən və xəsarət alanların ardı-arası kəsilmir

Gunaz.tv

GünAz TV: İran və Güney Azərbaycanın şəhər və kəndlərində iş yerlərində baş verən qəzalarda ölən fəhlələrin sayı günü-gündən artır.

 

Son 2, 3 gün ərzində Güney Azərbaycanın müxtəlif əyalətlərində bir neçə fəhlə iş yerində baş verən qəzalarda həyatını itirib.

 

Ərdəbil Əyaləti Tibbi Yardım Mərkəzinin İctimaiyyətlə Əlaqələr Şöbəsi iyunun 11-də 35 yaşlı bələdiyyə fəhləsinin kanalizasiya quyusuna düşərək öldüyünü bildirib. Deyilənlərə görə, fəhlənin atası onu quyudan çıxarmağa çox çalışıb, lakin bu nəticə veməyib. Sonda fəhlə xilasedici qrup tərəfindən ölümcül vəziyyətdə quyudan çıxarılsa da, onun həyatını qurtarmaq mümkün olmayıb.

 

Oxşar ölüm faktı Qərbi Azərbaycanın Sərdəşt (Sarı daş) şəhərində qeydə alınıb. Məlumata görə, inşaatda işləyən fəhlə binanın 3-cü mərtəbəsindən yıxılıb. Baş nahiyyəsindən ağır yaralanan fəhlə Təcili Tibbi Yardım Mərkəzinə çatdırılıb, lakin bütün müdaxilələrə rəğmən həyatını itirib.

 

Zəncanda isə tikinti qaydalarına zidd şəkildə aparılan qazıntı işləri 1 nəfərin ölümü və 2 nəfərin ağır xəsarət alması ilə nəticələnib. Məlumata görə, Zəncanın Vəhidiyyə məhəlləsində bir divarın ətrafında qazıntı işləri aparılıb, həmin qazıntı divarın yıxılmasına səbəb olub. Zəncan Əyaləti Təcili Tibbi Yardım Mərkəzinin rəisi Dr. Cəfərinin sözlərinə görə, divarın altında 3 nəfər qalıb. Onlardan biri ölüb, ikisi isə ağır xəsarət alıb. Xəsarət alanlar Musəvi Xəstəxanasına yerləşdirilib.

 

Qəzvin Əyalətində isə lift (asansör) ustası təmir işi ilə məşğul olduğu zaman 4 ayaq barmağını itirib. Onun ayaq barmaqlarının liftın qapısında qaldığı bildirilir.

 

İran işçilərin sağlamlığı və əmək təhlükəsizliyinin təmin olunmasında dünya üzrə 102-ci ölkədir. Təhlükəsizlik texnikası qaydalarının tətbiq olunmaması və əlverişli əmək şəraitinin yaradılmaması hər il ölkədə çox sayda fəhlənin ölüm, xəsarət alma və bədən üzvlərinin itirilməsi ilə nəticələnir. Bundan əvvəl İran İnşaat Fəhlələri Dərnəyinin rəisi bildirmişdir ki, bir ildə 15 min işçinin bədbəxt hadisə ilə üzləşməsi İran üçün rekord vurmaq deməkdir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar