SON XƏBƏRLƏR

Güney Azərbaycan və İranda son günlər elektrikin tez-tez kəsilməsinin səbəbi məlum olub

2021.10.20, 07:36
Güney Azərbaycan və İranda son günlər elektrikin tez-tez kəsilməsinin səbəbi məlum olub

Gunaz.tv

GünAz TV: Son günlər ərzində Güney Azərbaycanda və İranın Tehran, Gilan, Mazandaran, Xorasan və Siman əyalətlərində elektrik enerjisinin verilişində kəsilmələr olduğu müşahidə edilir. Bəzən bu kəsilmələr saatlarla davam etdiyindən, eləcə də soyuq hava səbəbindən həmin bölgələrdə yaşayan insanlar bir çox problemlərlə üzləşirlər.

 

Bu gün məsələyə münasibət bildirən İran Elektrik Sənayesi İstehsalat Birliyinin sözçüsü Mustafa Rəcəbi Məşhədi bunun səbəbini soyuq səbəbindən qaz istehsakının artması, bunun nəticəsində isə qazla işləyən elektrik stansiyalarının yanacaq təminatında yaranan problemlə əlaqələndirib.

 

Mustafa Rəcəbi Məşhədinin sözlərinə görə, gündəlik qaz istehlakının həddi ölkədə “misli görünməmiş” səviyyəyə, yəni 600 milyon kubmetrə qədər yüksəlib. O, buna görə də, təmsil etdiyi qurumun elektrik stansiyalarının yanacaqla təmin edilməsində böyük məhdudiyyətlə üzləşdiyini iddia edib.

 

“Elektrik şəbəkəsində qəzaların baş verməsinin qarşısını almaq üçün elektrik verilişində bəzən təcili kəsilmələr zəruridir. Havaların soyuq keçməsi səbəbindən insanlar qazdan istifadəni artırıblar. Bu səbəbdən bizim üçün hazırda əhalini qazla təmin etmək prioritet olduğundan, elektrik stansiyalarına verilən qazı azaltmağa məcbur qalmışıq”, - deyə sözçü əlavə edib.

 

O, elektrikin verilişinin kəsilməməsi üçün hər bir evi qazdan istifadəni minimum 10% azaltmağa çağırıb. Mustafa Rəcəbi Məşhədinin sözlərinə görə, belə olduğu təqdirdə, yaranmış problem aradan qalxacaq.

 

Qeyd etmək lazımdır ki, İranın elektrik stansiyalarının əksəriyyəti qaz ilə çalışır. İranın elektrik sənayesinin əsas problemlərindən biri maliyyə çatışmazlığı və investisiya qoyuluşunun azalmasıdır.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar