SON XƏBƏRLƏR

Güney Azərbaycan yolları can almaqda davam edir

2021.10.20, 07:36
Güney Azərbaycan yolları can almaqda davam edir

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın müxtəlif bölgələrində son iki gün ərzində bir neçə ağır yol qəzası baş verib, hadisə nəticəsində ölən və xəsarət alanlar var.

 

Ərdəbil Əyalətinin şimal bölgəsində Meşginşərdən Germiyə gedən yolda “Suzuki” və “Pejo” markalı minik avtomobilləri toqquşub, hadisə nəticəsində sərnişinlərdən 2-i ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

Bu barədə mətbuata məlumat verən Ərdəbil Əyaləti Təcili Tibbi Yardım Mərkəzinin rəisi Məcid Məhəmməd Qəribani qəzada xəsarət alanların xəstəxanaya çatdırıldığını bildirib.

 

Daha bir ağır yol qəzası Zəncan-Miyana yolunda baş verib.

 

Zəncan Yol Polisi İdarəsinin rəis müavini polkovnik Əziminin “Gənc Müxbirlər Klubu”nun jurnalistinə verdiyi məlumata görə, “Pejo” və “Nissan” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Yaralıların uşaq olduğu bildirilir, onlar xəstəxanaya çatdırılıb.

 

Aslanduz-Xudafərin yolunda isə 8 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Şərqi Azərbaycan Təcili Tibbi Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya bu barədə bildirib ki, “Prayd” və “Pejo” markalı avtomobillər Gün kəndinə yaxın bir yerdə toqquşub, hadisə nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Vəhid Şadiniyanın sözlərinə görə, qəzada xəsarət alanlar təcili yardım maşınları ilə Parsabad xəstəxanasına aparılıb.

 

Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ölkənin səlahiyyətli orqanları isə insan həyatına real təhlükə yaradan problemi müxtəlif səbəblərlə izah edir və bu barədə tədbir almaq yerinə, sadəcə xəbər yaymaqla kifayətlənirlər. Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzalarının əsas səbəbi kimi göstərir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar