SON XƏBƏRLƏR

Güney Azərbaycanda daha 21 nəfər koronavirus infeksiyasından canını itirib

2021.10.20, 07:36
Güney Azərbaycanda daha 21 nəfər koronavirus infeksiyasından canını itirib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan əyalətlərində son 24 saatda daha 143 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb və infeksiyaya tutulanların sayı 3234 nəfərə çatıb.

 

GünAZ TV İran rəsmilərinin açıqlamalarına əsasən xəbər verir ki, infeksiyasından ölənlərin sayı Güney Azərbaycanda 326 nəfər olub.  

 

Qeyri-rəsmi mənbələr İranda, o cümlədən Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayının rəsmi statistikadan qat-qat artıq olduğunu bildirir.

 

 

Güney Azərbaycan bölgələri arasında ən yüksək yoluxma və itki faktı Şərqi Azərbaycan əyalətində qeydə alınıb.

 

 

Təbriz Tibb Universitetinin rəis müavini Ruzbeh Rəcayi əyalətdə koronavirusa yoluxanların sayının 1005 nəfərə çatdığını bildirib.

Onun sözlərinə görə, Şərqi Azərbaycanda son 24 saat ərzində daha 68 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

 

O, keçən gün daha doqquz nəfərin koronavirus infeksiyasından öldüyünü və beləliklə əyalətdə qurbanların sayının 97 nəfərə çatdığını bildirib.  

 

 

Qərbi Azərbaycanda da infeksiyaya yoluxanların sayı 497 nəfərə çatıb. Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadənin dediyinə əsasən son 24 saatda beş nəfər daha infeksiyadan canını itirib. Beləliklə Qərbi Azərbaycanda bu virusdan ölənlərin sayı artıq 40 nəfərə çatıb.

 

 

Ərdəbil əyalətində də hazırda 342 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır. Ərdəbil Tibb Universitetinin müavini Əfşin Fəthinin dediyinə görə, əyalətdə 318 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib. Xəstəlikdən ölənlərin sayı isə 44 nəfərə çatıb.

 

Fəthinin dediyinə görə, Ərdəbildə 24 saat ərzində doqquz yeni yoluxma halı qeydə alınıb.

 

Zəncan əyalətində də son rəsmi açıqlamalara görə infeksiyaya yoluxanların sayı 432, xəstəlikdən ölənlərin sayı isə 32 nəfərdir.

 

Qəzvin əyalətində isə hələlik 734 nəfərin koronavirusa yoluxduğu, 88 nəfərin həyatını itirdiyi təsdiqlənib. Qəzvin Güney Azərbaycanda virusa yoluxanların və qurbanların sayına görə Şərqi Azərbaycandan sonra ikinci yeri tutur.

 

Bu rəqəm Həmədanda 266 nəfərdir ki, onlardan 25 nəfəri dünyasını dəyişib.

 

İranda koronavirusa yoluxma faktı ilk dəfə Qum şəhərində qeydə alındıqdan sonra hökumət şəhəri karantinə almağa qarşı çıxaraq virusun bütün ölkəyə, o cümlədən Güney Azərbaycana yayılmasına, yüzlərcə insanın qurban olmasına yol verdi.

 

Ü.F

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar