SON XƏBƏRLƏR

Güney Azərbaycanda koronavirus qurbanlarının sayı artır; ölənlərin əksəriyyəti yaşlı insanlardır

2021.10.20, 07:36
Güney Azərbaycanda koronavirus qurbanlarının sayı artır; ölənlərin əksəriyyəti yaşlı insanlardır

Gunaz.tv

GünAz TV:Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi Şərqi Azərbaycan əyalətində koronavirus infeksiyasından ölənlərin sayının 21 nəfərə çatdığını bildirib.

 

Somi, son 24 saat ərzində daha dörd nəfərin koronavirus infeksiyası nəticəsində öldüyünü  deyib.

 

Onun sözlərinə görə, iki nəfər istisna olmaqla Şərqi Azərbaycanda koronavirus epidemiyasından ölənlərin hamısının yaşı 60-dan yuxarı olub.

 

İran rəsmisi son 24 saat əyalətdə daha 49 nəfərin koronavirusa yoluxduğunun təsdiqləndiyini deyib.

 

“Hal-hazırda əyalətdə 224 nəfərin virusa yoluxduğu dəqiqləşib” –deyən rəsmi əlavə edib ki, “400 nəfər virusa yoluxma şübhəsi ilə səhiyyə mərkəzlərində müalicə alır.”

 

Somi, ötən gün koronavirus infeksiyasının geniş yayılmasına nəzarət etməyin mümkün olmayacağı,  müraciət edənlərin sayının əyalətin səhiyyə sisteminin potensialından qat-qat artıq ola biləcəyi haqda ciddi xəbərdarlıq etmişdi.

 

Qeyd edək ki, qeyri-rəsmi mənbələr Güney Azərbaycan əyalətlərində sözügedən virusa yoluxanların sayının rəsmi statistikadan qat-qat artıq olduğunu bildirir. Lakin İran hakimiyyəti bu barədə doğru məlumat vermir. 

Qərbi Azərbaycanın Tibb Universitetinin rəisi, Cavad Ağazadənin dediyinə əsasən əyalətdə koronavirusa yoluxma şübhəsi ilə 506 nəfərdən analiz götürülüb, bunlardan 119 nəfərində infeksiya aşkarlanıb.

 

Ağazadə əyalətdə koronavirusdan ölənlərin sayının dörd nəfər olduğunu bildirib.

 

Güney Azərbaycanın digər bölgələrində də koronavirusa yoluxma hallarının artdığı müşahidə olunur. 

 

Ərdəbil Tibb Universitetinin rəisi, Qudrət Əxəvan Əkbərinin dediyinə görə, hazırda xəstəlik əlamətləri daşıyan 220 nəfər əyalətin xəstəxanalarında müalicə alırlar. Bunlardan 92 nəfərinin koronavirusa yoluxduğu artıq təsdiqlənib. Əyalətdə xəstəlikdən ölənlərin sayı isə rəsmi məlumata görə 11 nəfərə çatıb. 

 

Zəncan əyalətində isə, hələlik 101 nəfərin koronavirusa yoluxduğu, yeddi nəfərin həyatını itirdiyi açıqlanıb.

 

Bu rəqəm Qəzvində 284 nəfərdir ki, onlardan 21 nəfərinin dünyasını dəyişdiyi təsdiqlənib. 

 

Həmədan əyalətində də 84 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb. Yoluxanlardan dörd nəfər ölüb.

  

Qeyd etmək lazımdır ki, açıqlanan rəqəmlər sadəcə səhiyyə mərkəzlərində xəstəliklə bağlı analizdən keçdikdən sonra  virusa yoluxduqları aşkar edilənlərə aiddir.  

 

 

Ü.F

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar