SON XƏBƏRLƏR

Güney Azərbaycandan olan məşhur müğənni Huşəng Azəroğlu vəfat edib - VİDEO

2021.10.20, 07:36
Güney Azərbaycandan olan məşhur müğənni Huşəng Azəroğlu vəfat edib - VİDEO

Gunaz.tv

GünAz TV: Məşhur güney azərbaycanlı müğənni Hüşəng Azəroğlu iyunun 19-da vəfat edib.

 

Ömrünün son illərini Urmiyə şəhərində yaşayan müğənni Ənzəli şəhərində dünyaya göz açıb.

 

H.Azəroğlu musiqidən əlavə özünü aktyorluq və peşəkar idmanda da sınayıb və musiqi sahəsində olduğu kimi böyük uğurlar əldə edib. İran milli komandasında güləşən H.Azəroğlu dövrün dünya çempionu Qulamrza Təxti, İmaməli Həbibi, Abdulla Müvəhhid və s. kimi güclü güləşçilərlə rəqabət aparıb.

 

O güney azərbaycanlı kimi, Türkiyədə musiqi üzrə “Qızıl Kəpənək” mükafatına layiq görülən birinci sənətkardır.

 

Müğənni 2011-ci ildə Urmiyənin “Yaşayış” nəşriyyəsinə verdiyi müsahibədə 1938-ci ildə Ənzəli şəhərində doğulduğunu bildirib. Yeniyetmə yaşlarında Tehrana gedən sənətkar sonralar İstanbul şəhərində məskunlaşıb.

 

İlk müəllimlərinin Vəli Vahid, Məşədi Səlamət, sonralar isə Mustafa Payan olduğunu bildirən H.Azəroğlu Bakı radiosunu özünün ən böyük müəllimi adlandırıb.

 

O Əli Səlimi ilə tanış olduqdan sonra onun ustad Şəhriyarın “Heydər babaya salam” şeirinə bəstələdiyi mahnını ifa edib və bununla da azərbaycanlıların böyük rəğbətini qazanıb.

 

https://www.youtube.com/watch?time_continue=60&v=iTRSaVbAjXk

 

H.Azəroğlu İranda islam inqilabından sonra İstanbula köçüb, orada uzun illər yaşayıb. O Türkiyədə İstanbul və TRT radioları ilə əməkdaşlıq edib. Müğənni Əli Səliminin bəstələdiyi “Sizə salam gətirmişəm” mahnısını ifa etdikdən sonra Türkiyədə məşhurlaşıb. O həmin mahnıya görə 1985-ci ildə Türkiyənin mərhum prezidenti Turqut Özal tərəfindən “Qızıl Kəpənək” ödülü ilə mükafatlandırılıb.

 

Böyük sənətkar əldə etdiyi bütün uğurlara baxmayaraq digər güney azərbaycanlı sənətkarlar kimi İran məsulları tərəfindən qiymətləndirilmədi. Lakin o Azərbaycan türk millətinin yaddaşında hər zaman yaşayacaq.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar