SON XƏBƏRLƏR

Güney Azərbaycanı müxtəlif əyalətlərə parçalama siyasəti davam edir: “Şimali Azərbaycan...”

2021.10.20, 07:36
Güney Azərbaycanı müxtəlif əyalətlərə parçalama siyasəti davam edir: “Şimali Azərbaycan...”

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanı müxtəlif bəhanələrlə bir neçə əyalətə bölən qüvvələr bu dəfə bölgədə “Şimali Azərbaycan” adında əyalət yaratmaq sevdasına düşüblər.

 

Yeni yaradılacaq əyalət Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin parçalanması hesabına baş verəcək.

 

Yaradılacaq əyalətin “Şimali Azərbaycan” adlandırılması da ayrıca analiz olunmalıdır. Ona görə ki, bir çoxları, xüsusi ilə də güney Azərbaycanlılar Azərbaycan Respublikasını “Şimali Azərbaycan” adlandırır.

 

“Şimali Azərbaycan” Əyalətinin təsis edilməsi ilə bağlı xəbər çərşənbə günü, sentyabrın 5-də Meşginşəhrin millət vəkili Vəli Məlekinin xəbərdarlığından sonra mətbuatın gündəminə düşüb. O bildirib ki, “parlamentdə gündəmə gətirilən “Şimali Azərbaycan” Əyalətinin təşkili ilə bağlı təklif qəbul olunmalıdır. Məqsəd isə iqtisadi və icra işlərinə vaxtı-vaxtında baxmaq və mərkəzləşdirmə siyasətinin qarşısını almaqdır.”

 

Sözdə millət vəkilinin bu antiazərbaycan mövqeyi soydaşlarımızın kəskin etirazı ilə qarşılanıb.

 

Əhər və Herisin millət vəkili isə belə bir əyalətin yaradılmasını hansısa millət vəkilinin xülyası adlandırıb.

“Mən Əhər və Heris şəhərlərinin nümayəndəsi kimi “Şimali Azərbaycan” Əyaləti ilə bağlı təklifə qoşulmadım. Bu layihə Parsabad, Meşginşəhr, Biləsuvar və Germinin millət vəkilləri tərəfindən hazırlanıb. Onlar Ərdəbilin millət vəkilləri ilə ixtilaflarına görə belə bir işə əl atıblar, bunun Şərqi Azərbaycan Əyalətinin şəhərləri ilə heç bir əlaqəsi yoxdur”- deyə Beytulla Abdullahi qeyd edib.

 

Kəleybər, Xudafərin və Hurandın millət vəkili isə həmkarının sözlərini təkzib edən açıqlama ilə çıxış edib.

“Şərqi Azərbaycan və Ərdəbil Əyalətlərinin şimal bölgəsinin millət vəkilləri mərkəzi Əhər olmaqla “Şimali Azərbaycan” Əyalətinin təşkili ilə bağlı layihə təklifi hazırlayıb. Təklif Meşginşəhr, Parsabad və Biləsuvar, Germi, Əhər, Vərziğan, həmçinin Kəleybər, Xudafərin və Hurandın millət vəkilləri tərəfindən irəli sürülüb”- deyə Qulu Allahquluzadə bildirib.

 

O Əhər və Herisin millət vəkilinin təkzibi ilə bağlı qeyd edib ki, “Cənab Abdullahi ilə bu barədə söhbətimiz olub. Lakin onun layihəni imzalayıb və ya imzalamadığını bilmirəm. İstənilən halda sözügedən əyalət təşkil olunarsa, əhalinin əsas tələblərindən biri öz həllini tapmış olur.”

 

“Hökumət rəsmiləri daha çox mərkəzi şəhərlərə diqqət yetirir. Ona görə də biz “Şimali Azərbaycan” Əyalətinin təşkil edilməsini təklif etdik. Qoy, məsullar özlərinə gəlsin və iqtisadi cəhətdən zəif şəhərlərə də diqqət yetirsinlər”- deyə Kəleybərin millət vəkili əlavə edib.

 

Şübhəsiz ki, “Şimali Azərbaycan” Əyalətinin təşkili Güney Azərbaycanı daha çox parçalamağa yönəlib, bəzi azərbaycanlı millət vəkilləri də qərəzli şəkildə hazırlanmış ssenarinin icraçılarıdır. Güney Azərbaycan birinci müxtəlif bölgələrə parçalanır, sonra əyalətlərin əhalisi arasına nifaq salınır. Bəzi əyalətlərin üzərindən isə ümumiyyətlə Azərbaycan sözü götürülür. Həmədan, Ərdəbil, Zəncan və Qəzvin əyalətləri o cümlədəndir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar