SON XƏBƏRLƏR

Güney Azərbaycanın bəzi bölgələrində koronavirus təhlükəsi fövqəladə hal səviyyəsinə çatıb

2021.10.20, 07:36
Güney Azərbaycanın bəzi bölgələrində koronavirus təhlükəsi  fövqəladə hal səviyyəsinə çatıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın bəzi bölgələri, o cümlədən, Qərbi Azərbaycan əyalətində koronavirus pandemiyasının sürətlə yayılması böhran həddinə çatıb.

 

 

Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadənin verdiyi məlumata əsasən, əyalətdə “böhran vəziyyəti” davam edir və infeksiyadan ölənlərin sayı 111 nəfərə çatıb. Ağazadə Qərbi Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayının 1573 nəfərə çatdığını bildirib.

 

 

 

Güney Azərbaycanın başqa əyalətlərində də koronavirusa yoluxanların və bu xəstəlikdən ölənlərin sayı artaraq davam edir.

 

 

Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi “Səhənd” Telekanalına verdiyi açıqlamada Şərqi Azərbaycan Əyalətində son 48 saat ərzində 268 nəfərdə koronavirus infeksiyasının aşkarlandığını, 18 nəfərin isə bu virusdan öldüyünü bildirib. Beləliklə, bu günədək əyalətdə 2859 nəfərin koronavirusa yoluxduğu məlum olub, onlardan 266-i həyatını itirib.

 

 

Somi əlavə edib ki, pandemiyanın yayıldığı gündən etibarən  kəskin tənəffüs çətinliyi əlamətləri daşıyan 6400 nəfər xəstəxanalara yerləşdirilib, onlardan 80 faizi sağalıb.

 

 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sərəncamına əsasən yalnız analizdən keçən və cavabı pozitiv olan xəstələrin sayı koronavirusa yoluxanların rəsmi statistikasına daxil edilir. Xəstəliyə yoluxanların hamısından analiz götürülmədiyinə görə isə rəsmi rəqəmlər koronavirusa yoluxanların həqiqi statistikasının sadəcə bir hissəsini əhatə edir. 

 

 

Ərdəbil əyalətində də bu günədək 809 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib. Ərdəbil Tibb Universitetinin müavini Məhəmməd Rza Rzayinin dediyinə görə, son 24 saat ərzində bu əyalətdə daha bir nəfər həyatını itirib və beləliklə infeksiyadan ölənlərin ümumi sayı 125 nəfərə çatıb. 

 

 

Zəncan əyalətinin Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri İsmayıl Rəhmaninin açıqlamasına görə, əyalətdə infeksiyaya yoluxanların sayı 805, xəstəlikdən ölənlərin sayı isə 81 nəfərə çatıb. 

 

 

Qəzvin və Həmədan əyalətlərinin səhiyyə xidməti məsulları isə pandemiya ilə bağlı yeni rəqəmlər açıqlamağı dayandırıb. İranın Rəsmi statistikalarına əsasən Qəzvin Güney Azərbaycan əyalətləri arasında virusa yoluxanların və qurbanların sayına görə Şərqi Azərbaycandan sonra ikinci yeri tutur. Ötən həftə verilən məlumatda Qəzvində 1125 nəfərin koronavirusa yoluxduğu, 173 nəfərin həyatını itirdiyi bildirilmişdi.

 

Həmədan əyalətində isə 619 nəfərin koronavirusa yoluxduğu, 52 nəfərin bu xəstəlikdən öldüyü təsdiqlənib.

 

 

Ü.F 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar