SON XƏBƏRLƏR

Güney Azərbaycanın tarixi məkanlarında “Təxti Cəmşid” təbliğ olunur

2021.10.20, 07:36
Güney Azərbaycanın tarixi məkanlarında “Təxti Cəmşid” təbliğ olunur

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda tarixi və mədəni məkanların giriş biletlərində fars bölgələrinin əsərləri, xüsusi ilə də “Təxti Cəmşid” kimi irqçilik simvollarının əks olunması Azərbaycana qarşı daha bir ayrı-seçkilik faktını üzə çıxarır. Soydaşlarımız buna dəfələrlə geniş şəkildə etiraz bildirsə də dövlət apardığı ayrı-seçkilik siyasətini davam etdirməkdə israrlıdır.

 

Mədəni fəallardan biri Azərbaycanın turizm məkanlarında fars bölgələrinin tarixi yerlərinin təbliğ olunması haqda bir video paylaşıb.

 

Təbrizdə “Azərbaycan muzeyi”nin önündə dayanaraq bu məkanın giriş biletini əlində tutan soydaşımız Azərbaycana qarşı ögey münasibətdən şikayətlənib. Giriş biletlərində Şiraz və “Təxti Cəmşid”in təbliğ olunmasına etiraz edən soydaşımız bunun yerinə Azərbaycanın tarixi  abidələrinin təbliğ olunmasının vacib olduğunu bildirib. Onun sözlərini yaydığı Videodan olduğu kimi izləyə bilərsiniz.

 

https://www.youtube.com/watch?time_continue=46&v=zQ89jHvhXdk

 

 

İran Mədəni İrs Təşkilatı uzun illərdir Güney Azərbaycanda muzey və turizm məkanlarına giriş biletlərində fars bölgələrinə aid olan əsasən “Təxti-Cəmşid”, Pasarqad və İsfahanın İmam Məscidinin görüntüsünü əks etdirir. Biletlərdə Azərbaycan şəhərlərinə aid heç bir əsər-əlamət yoxdur. Bu məsələ soydaşlarımızın kəskin etirazına səbəb olsa da, hələ də əksər biletlərdə bu kimi görüntülər dərc olunur.

 

Ərdəbilin məşhur Şeyx Səfi Kompeksinə giriş biletində “Təxti-Cəmşid” görüntüsünün əks olunması ötən il avqust ayında geniş etirazlara səbəb oldu. Sosial şəbəkə istifadəçiləri biletləri internetdə yayaraq “bu artıq konkret olaraq müstəmləkəçilikdir” kimi sözlərlə reaksiya verdilər.

 

2017-ci ilin aprel ayında da Təbrizin Göy Məscidinə giriş biletində “Təxti-Cəmşid”in əks olunması sosial şəbəkələrdə böyük etiraza səbəb olmuşdur. Bununla yanaşı Təbriz, Azərşəhr və Üskünün İran parlamentindəki millət vəkili Məhəmməd İsmail Səidi, Şərqi Azərbaycan Turist Liderləri Birliyinin rəisi, İran Turist Liderləri Mərkəzinin əvəzedici üzvü Aydın Nezafət və Şərqi Azərbaycan Muzeylər üzrə Qurumun müdiri Mehdi Bəzzaz Dəstfruş açıqlama verərək Azərbaycana qarşı ayrı-seçkilik faktına etiraz bildirmişdilər.

 

“Təxti Cəmşid”in Tikantəpədə yerləşən “Təxti-Süleyman” (Sorğulu) abidəsinin giriş biletində əks olunması 2017-ci ilin may ayında ayrıca etirazlara səbəb olmuşdur.

Həmin zaman Tikantəpənin İran parlamentindəki millət vəkili Homayun Haşeminin ofisindən baş verən hadisələrə belə münasibət açıqlanmışdır: “Bu, ölkənin milli siyasətidir və tarixi əsərləri tanıtdırmaq məqsədi güdür. Ona görə də “Təxti-Cəmşid”in biletində də “Təxti-Süleyman”ın görüntüsü əks oluna bilər.”

Lakin bu iddia heç vaxt özünü doğrultmadı və fars bölgələrinin turimz məkanlarının biletlərində Azərbaycanın tarixi məkan və  əsərlərinə bu günədək rast gəlinməyib. Mədəni İrs Təşkilatının  ümumiyyətlə Azərbaycanın tarixi və mədəni əsərlərini tanıtdırmaqda maraqlı olmadığı dəfələrlə sübut olunub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar