SON XƏBƏRLƏR

Güney azərbaycanlı alim Prof. Əhmədrza Calali edama hazırlıq üçün təkadamlıq kameraya köçürülüb

2021.10.20, 07:36
Güney azərbaycanlı alim Prof. Əhmədrza Calali edama hazırlıq üçün təkadamlıq kameraya köçürülüb

Gunaz.tv

GünAz TV: Tehranın Evin zindanında məhbus həyatı yaşayan güney azərbaycanlı araşdırmaçı-alim, mütəxəssis həkim Əhmədrza Calali edama hazırlıq üçün təkadamlıq kameraya köçürülüb.

 

“Iran International” saytında yayılan məlumata görə, Ə.Calali iyulun 29-da təkadamlıq kameraya aparılıb, o ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq edam hökmünün icra olunacağı ehtimalından danışıb.

 

Köçürüldüyü kameranın həbsxanada və ya digər məkanda olduğunu bilməyən Ə.Calali Ettelaat Nazirliyinin hansısa qrupu tərəfindən təkadamlıq kameraya aparıldığını deyib.

 

Məhbusun ailə üzvlərindən biri bildirib ki, o köçürüldükdən sonra yalnız bir dəfə qısa telefon əlaqəsi saxlaya bilib.

 

Prof. Ə.Calali İsveç vətəndaşıdır, o İranda “Mossad”a casusluq ittihamı ilə edama məhkum olunub və hazırda Tehranın Evin zindanında həbsdədir. Alim özünə qarşı irəli sürülən ittihamı dəfələrlə rədd edib, ittihamın heç bir əsası olmadığını bildirib. Deyilənlərə görə, o Avropa ölkələrinə qarşı “Sepah”ın casusluq projelərinə qatılmaqla bağlı təklifi rədd etdiyi üçün rejimin qəzəbinə tuş gəlib.

 

Təbriz şəhərində dünyaya göz açan Ə.Calali İranda tibbi universitetində təhsilini başa vurduqdan sonra bir müddət Təbii Fəlakətlər Mərkəzində çalışıb. O 2009-cu ildə təhsilini davam etdirmək üçün İsveçə gedib. Təbii fəlakətlər üzrə doktorluq dərəcəsini İsveçin Karolinska İnstitutundan alan Ə.Calali həyat yoldaşı və iki övladı ilə birlikdə İsveçdə qalmalı olub, o İtaliya və Belçika kimi ölkələrdə elmi-tədqiqat müəssisələrində də çalışıb.

 

Ə.Calali 2016-cı il aprelin 24-dən Tehranın Evin zindanında həbsdədir. O Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdiyi zaman saxlanılıb. Onun bu müddətdə vəkili ilə əlaqəsinə çoxlu məhdudiyyətlər qoyulub. Azərbaycanlı alim həbsdə qaldığı müddətdə ona olan təzyiqlər, hüquqi vəziyyəti və vəkili ilə görüşünə qoyulan məhdudiyyətlərə görə aclıq aksiyası da keçirib.

 

Azərbaycanlı alimın dosyesi İranda müəyyən məhbuslara qarşı saxta ittihamla quraşdırılan dəhşətli dosyelərdən biridir. Dosyedə ziddiyyətlərin olduğu ilə bağlı çoxlu faktların üzə çıxdığı bildirilir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar