SON XƏBƏRLƏR

Güney azərbaycanlı vəkil Məhəmmnəd Güneylinin məhkəmə iclası keçirilib

2021.10.20, 07:36
Güney azərbaycanlı vəkil Məhəmmnəd Güneylinin məhkəmə iclası keçirilib

Gunaz.tv

GünAz TV: Həyatdaykən Məlikanın (Məlik kəndi) sözdə millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalan Zəhra Nəvidpurun qətl hadisəsini araşdıran güney azərbaycanlı milli-mədəni fəal və vəkil Məhəmməd Güneylinin birinci məhkəmə iclası keçirilib.

 

Noyabrın 16-da keçirilən məhkəmə prosesinə hakim Məhəmməd Ehrari sədrlik edib, məhkəmə iclasında “Sepah”ın nümayəndəsi də iştirak edib.

 

 

Azərbaycanlı vəkil prokurorluq tərəfindən hazırlanan iddianamədə “hökumətə müxalif olan qrupların xeyirinə olaraq sistemin əleyhinə təbliğat aparmaq və virtual məkanda İslam Cümhuriyyətinin əleyhinə yalan məlumat yaymaqla milli təhlükəsizliyi pozmağa cəhd götərmək”, “müəyyən rəsmi məlumatları səlahiyyəti olmayan şəxslərə ötürmək” və “İslam Cümhuriyyətinin əleyhinə düşmən dövlətlərə casusluq etmək” kimi qondarma ittihamlarla üzləşib.

 

 

Azərbaycanlı fəalın vəkilləri isə dindirilmə prosesi və müttəhimin açıqlamaları nəzərə alınmadan iddianamənin yazıldığına etiraz bildirərək onun yenidən hazırlanmasını tələb ediblər.

 

“Sepah” nümayəndəsi isə azərbaycanlı vəkili Teleqram kanalı vasitəsi ilə sistemin əleyhinə təbliğat apardığını və millətçilik zəminində yalan məlumatlar yaydığını iddia edib, onun bu iddiaları vəkillərin kəskin etirazına səbəb olub.

 

“Sepah”ın nümayəndəsi digər iki ittihamla bağlı bildirib ki, müttəhim xanım Zəhra Nəvidpurun qətli ilə bağlı aşkarlanan Flash Kart və digər sənədləri xarici dövlətlərə ötürmək məqsədi ilə bir dövlət rəsmisindən alıb. Lakin təhlükəsizlik qüvvələri tərəfindən təqib olunduğunu bilincə sənədləri lazımi səlahiyyəti olmayan bir şəxsə verib.

 

Azərbaycanlı fəalın vəkilləri sözügedən dövlət rəsmisi və Məhəmməd Güneylinin əlaqədə olduğu dövlətlərin adının açıqlanması və iddianı sübut edən sənədlərin təqdim olunmasını tələb ediblər.

 

Məhəmməd Güneyli irəli sürülən bütün ittihamları rədd edərək bildirib ki, o Zəhra Nəvidpurun qətl hadisəsi ilə bağlı məhkəmə işini üzərinə götürmək üçün hadisəni araşdırırdı. Bu arada Məlikandan bir şəxs ona zəng edərək qətl hadisəsi ilə bağlı ciddi məlumatlara malik olduğunu bildirib. Vəkil həmin şəxslə görüşmək üçün 2019-cu il yanvarın 23-də Tehrandan Məlikana gedib, lakin zəng edən şəxs görüşə gəlməyib, ona görə də heç bir material və ya sənəd ona verilməyib.

Azərbaycanlı fəal vurğulayıb ki, o görüşmək istədiyi şəxsin dövlət məmuru olduğundan xəbərsiz olub. Vəkil əlavə edib ki, bu hadisədən bir gün sonra Təbrizdəki ata evinə getmək istədiyi zaman təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Məhkəməyə verilən sənədlərdən xəbərsiz olduğunu deyən azərbaycanlı fəal yalnız Flash Kartın ona aid olduğunu etiraf edib. Lakin o Flash Kartda şəxsi fayllardan başqa heç bir faylın olmadığını vurğullayıb.

 

Sonda vəkillərin istəyi əsasında hakim iddianamə ilə birlikdə təqdim olunan sənəd və Flash Kartın daha dəqiq araşdırılması barədə qərar qəbul edib. “Sepah”ın nümayəndəsi hakimin qərarına etiraz etsə də hakim qərarını dəyişməyib. Bundan sonra Məhəmməd Güneyli 850 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.

 

Xatırladaq ki, Zəhra Nəvidpur həyatdaykən Məlikanın sözdə millət vəkili Salman Xudadadi tərəfindən 4 il cinsi təcavüzə məruz qalıb. Bu məsələni ifşa edən 28 yaşlı qız millət vəkili və onun əlaltıları tərəfindən təhdid edilmişdir. Zəhra Nəvidpurun cansız bədəni 2019-cu il yanvarın 6-da anasının evində tapılıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar