SON XƏBƏRLƏR

Güney azərbaycanlılar prezident Ərdoğanın İnstaqram səhifəsində komentlər yazır: “Təbrizə gəlin”

2021.10.20, 07:36
Güney azərbaycanlılar prezident Ərdoğanın İnstaqram səhifəsində komentlər yazır: “Təbrizə gəlin”

Gunaz.tv

GünAz TV : Minlərlə güney azərbaycanlı sosial şəbəkə istifadəçisi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İnstaqram səhifəsində komentlər dərc edərək ondan Təbrizə səfər etməsini istəyirlər.


Bu Türkiyə, Rusiya və İran prezidentləri arasında  sentyabrda keçiriləcək üçtərəfli görüşün yerinin Təbrizdən Tehrana dəyişdirilməsindən sonra baş verib.


Sosial şəbəkələrdə “Prezident Ərdoğan Təbrizə səfərə dəvət edilir” adı altında keçirilən kampaniya bir neçə gündür davam edir.


Kampaniyaya qatılanlar prezident Ərdoğanın Təbriz səfərinə mane olmaq üçün üçtərəfli görüşün yerinin dəyişdirilməsinə etiraz bildirir.

Etiraz komentləri prezident Ərdoğanın İnstaqram səhifəsi ilə yanaşı, Facebook və Twitter səhifələrində də dərc olunur.


Güney azərbaycanlılar “Təbriz sizi gözləyir”, “Təbrizə gəlin”, “Prezident Təbrizə gəlsin” və s. kimi komentlər yazaraq Ərdoğanı Təbrizdə görmək istədiklərini bildirirlər.
Onlar ən azı İran rejiminin Azərbaycan və Türkiyəyə qarşı qərarı haqda prezident Ərdoğana məlumat çatdırmaq istəyirlər.


Xəbər verdiyimiz kimi, Türkiyə, Rusiya və İran prezidentlərinin Suriya ilə bağlı sentyabrda keçiriləcək üçtərəfli görüşü Təbriz şəhərində baş tutmalı idi. Lakin hazırlıq işlərinin getdiyi bir vaxtda görüşün yerinin Təbrizdən Tehrana dəyişdirildiyi ilə bağlı xəbər yayıldı.


Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov avqustun 31-də prezidentlərin sentyabrın 7-də Tehranda görüşəcəyini açıqlayıb. O bildirib ki, görüşün yerinin Təbrizdən Tehrana dəyişdirilməsi İran rəsmilərinin istəyi əsasında baş verib.


Soydaşlarımız R.T.Ərdoğanı Təbrizdə təntənə ilə qarşılamağı planlaşdırırdı. İran rejimi Türkiyə prezidentinin Təbrizdə yüz minlərlə insan tərəfindən qarşılanmasından vahiməyə düşərək görüşün yerini dəyişmək qərarına gəlib.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar