SON XƏBƏRLƏR

Güney Milli Hərəkatı revanşda

2021.10.20, 07:36
Güney Milli Hərəkatı revanşda

Gunaz.tv
Güney Milli Hərəkatı revanşda Azərbaycan türkləri ayaqda olduğunu sübut edəcək Bəzz yürüşlərinin tarixi Güney Azərbaycanda artıq ənənə halını almış Babək qalasına yürüş hazırlıqları başa çatıb. Molla rejiminin qəddar metodlarına uyğunlaşaraq yeraltına çəkilmiş Milli Hərəkat hazırlıqları barədə məlumat verməsə də, gələn xəbərlər budəfəki aksiyanın möhtəşəm olacağından xəbər verir. Bu il aksiya həmişəkindən bir gec başlana bilər, amma hökmən Babək qalasına yürüş olacaq və bu aksiyada milyonlarla güney azərbaycanlı soydaşımız iştirak edəcək. Qeyd edək ki, Kəleybər bölgəsində yerləşən tarixi Babək qalasına yürüşlər ötən əsrin 90-cı illərinin ortalarından başlanıb. Güney Azərbaycanın milli ruhlu ziyalısı mərhum Məhəmmədtağı Zehtabinin öz tələbələri ilə birgə əsasını qoyduğu Babək yürüşü sonradan ənənə halını almağa başladı. İlk illər Bəzz qalasına yürüş mədəni-kültürəl səciyyə daşıyırdı. İnsanların çoxu Bəzz qalası ətrafına həm də dincəlməyə gəlirdi. 1996-97-ci illərdən etibarən aksiya siyasiləşməyə başladı. Oyanış mərhələsində olan Güney Azərbaycan Milli Hərəkatı yeraltından üzə çıxdı. Azərbaycan milli musiqisi, xalq mahnıları, tanınmış Azərbaycan şairlərinin şeirləri səslənən aksiyalarda tədricən siyasi tələblər yer aldı. Bəzz yürüşləri 2000-ci ildən sonra daha izdihamlı keçirilməyə başlandı. İlk milli təşkilatlar, dərnəklər burada təşkilatlandı, tanındı. Milli Hərəkatın avanqard təşkilatı olan Güney Azərbaycan Milli Oyanış Hərəkatı da burada təşkilatlandı, ilk qurultayını keçirdi. Milli Hərəkat üç-dörd il ərzində Babək qalasında yetkinləşdi, milli oyanış mərhələsi məhz Bəzz yürüşlərinin hesabına sürətləndi. Babək qalasına yürüşlər il-ildən daha izdihamlı şəkil aldığından İranda hakimiyyəti qəsb etmiş cinayətkar və mürtəce molla hakimiyyəti yürüşlərin qarşısını almağa çoxsaylı cəhdlər etdi. Gah Kəleybər bölgəsində iri miqyaslı hərbi təlimlər başlatdı, gah "yürüşlərdə İranın konstitusiyalı quruluşuna qarşı şüarlar səslənir" deyə qadağalar qoyuldu. Bəzz yürüşlərinin qarşısının alınması ilə bağlı məsələ müzakirə olunarkən İran rejimi daxilindəki daha mürtəce qüvvələr tarixi qalanın təbii fəlakət bəhanəsi ilə ümumiyyətlə partladılıb, dağıdılmasını təklif edirdilər. Amma rejim Güney Azərbaycan türkünün milli iradəsindən qorxduğu üçün bu rəzilliyə getmədi. Sadəcə, Bəzz yürüşlərinə, daha doğrusu "hərbi bölgədir" bəhanəsi ilə Kəleybərə giriş yasaqlandı. Amma molla rejimi qaş qayıran yerdə vurub göz çıxardı. Etiraz dalğası şəhərlərə çıxdı Babək qalasına çıxa bilməyən narazı kütlə etiraz aksiyasını şəhərlərdə keçirməyə başladı. 2006-cı ilin mayın 22-də (Bəzz yürüşlərinə təxminən ay yarım qalmış) Güney Azərbaycanın iri şəhərlərində-Təbriz, Ərdəbil, Miyana, Meşkin, Marağa, Urmu və digər bölgələrdə izdihamlı aksiyalar təşkil olundu. Güney Azərbaycan xalqı mürtəce "İran" qəzetində azərbaycanlıların tarakana bənzədilməsinə etiraz etmişdi. Azərbaycan türkləri bundan öncə İran qəzetlərində, fars şovinistlərinə mənsub sayt və jurnallarda dəfələrlə təhqir olunmuşdular. Amma heç zaman bu təhqirlərə may hadisələrində olduğu kimi reaksiya verilməmişdi. Bu reaksiya heç şübhəsiz ki, Bəzz qalasına keçirilən yürüşlərin yaratdığı nəticə idi. Bəzz yürüşləri Azərbaycan türklərinin milli oyanış prosesini yekunlaşdırdı desək, yanılmarıq. Həqiqətən də qalaya təbrizli, ərdəbilli, miyanalı, sulduzlu kimi girmiş, hələ də böyük bir qismi özünə "iranlı" deyən xalq hədəfini bilən, dostunu, düşmənini tanıyan yetkinləşmiş Güney Azərbaycan türkü olaraq çıxdı. May günlərində küçələrə çıxan da həmin yetkinləşmiş xalq idi. O idi ki, may hadisələrindən sonra molla rejiminin həyata keçirdiyi geniş kapsallı repressiya siyasətinə baxmayaraq yenidən toparlandı, özünə gəldi və bu gün yenidən Bəzz qalasına çıxacaq gücə çevrildi. Geriyə addım, ya revanş ? Bir sıra ekspertlər may hadisələrindən (şəhərlərdə keçirilən etiraz aksiyalarından) sonra yenidən Bəzz qalasına yürüşü geriyə addım kimi qiymətləndirirlər. Hesab olunur ki, Təbrizin mərkəzində aksiya keçirmiş, rejimin dinc insanların üzərinə motosikl sürən, güllə atan yarımvəhşi hərbi birləşmələri ilə üz-üzə gəlmiş Milli Hərəkatın təzədən kültürəl aksiyaya getməsi doğru deyil və Milli Hərəkat Təbrizdən Tehrana keçməlidir. Amma fikrimizcə, bu doğru yanaşma deyil. İranda hakim olan rejim dünyanın ən qəddar, hakimiyyətini qorumaq üçün insanlığa zidd addımlardan belə çəkinməyən bir rejimdir. İran qapalı, beynəlxalq təşkilatların girə bilmədiyi ölkədir. Bu ölkədə açıq mübarizə olduqca təhlükəlidir. Bircə faktı qeyd etmək lazımdır ki, may hadisələrindən sonra molla rejimi Güney Azərbaycan Milli Hərəkatının passionar insanlarını xeyli dərəcədə zərərsizləşdirib. Hadisələrin təşkilatçısı olmuş fəalların əksəriyyəti ya öldürülüb, ya da hələ də türmələrdədir. Mühacirətə gedənlər də var. Bu hərəkat Təbrizdən Tehrana hansı güclə keçməlidirğ Ona görə də Milli Hərəkatın toparlarıb yenidən rejimə diş göstərməsi üçün uyğun məkan Bəzz qalasıdır. Bu həm də molla rejiminin may hadisələrindən sonra apardığı təbliğatın effektini öldürər, Milli Hərəkatının boğulmadığını, sıradan çıxarılmadığını, Azərbaycan türklərinin hələ də ayaqda olduğunu göstərər. Elman Cəfərli olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar