SON XƏBƏRLƏR

Güneydə modern və postmodern ədəbiyyat bütün gücü ilə öndədir

2021.10.20, 07:36
Güneydə modern və postmodern ədəbiyyat bütün gücü ilə öndədir

Gunaz.tv
Güney Azərbaycanda nəşr olunan "Yaşmaq" dərgisinin baş redaktoru Səid Muğanlı ilə söhbət Səid Muğanlı: "Güney Azərbaycanda da gənclərlə qocalar bir-birini sevmir, amma sizdəki kimi, bir-birlərinə nifrət etmirlər" - Səid bəy, öncə özünüzü Qüzey oxucularına tanıdardınız. - Güney Azərbaycanın Muğan bölgəsində anadan olmuşam. Hazırda Tehranda yaşayır və çalışıram. İlahiyyat təhsili almışam. Hazırda "Yaşmaq" jurnalının baş yazarıyam. Bundan başqa, "Yaşmaq" kitab yayını evinin də müdiriyəm. Keçən illərdə isə Güneyin tanınmış yazarlarından Eyvaz Tahanın çıxarmış olduğu "Yarpaq" qəzetinin də baş redaktor müavini kimi çalışmışam. - Hazırda Güneydə Qüzey şair və yazıçılarının əsərlərini rəhbərlik etdiyiniz dərgidə, eləcə də ayrıca kitab halında və antologiyalarda farsca çap edib yaymaqla məşğulsunuz… - Yox, yox, farsca deyil, Azərbaycan dilində əski əlifbada… - Aha, olsun. Necədir Qüzey yazarlarının yaradıcılığına münasibət? - Ümumi götürsək, yaxşıdır. Xüsusən əgər həmin yazar kifayət qədər tanınıbsa, onların əsərlərinə maraq da böyükdür, yaxşı da satılır. Məsələn, Ramiz Rövşənin kitabını çap etdik, iki ayda satılıb qurtardı və məcbur olduq ki, ikinci dəfə çap edək. Hardasa iki çap üst-üstə 6 min tiraja yaxındır və deyəsən, Ramiz bəyin kitabını üçüncü dəfə də çap etməli olacağıq. Sizin Ramiz Rövşənə tənqidi münasibətinizi bilirəm, amma açıq deyəcəm, onun əsərlərinə belə maraq mənim özümü də təəccübləndirdi. Yəni necə oldu ki, Güneydəki oxucular Ramiz Rövşəni bu qədər sevdi? İndi biz Ramiz bəyin satılan kitablarından əldə etdiyimiz vəsaitlə başqa kitablar nəşr etməyi planlaşdırırıq. Bununla belə, deməliyəm ki, Qüzeyin yeni və müasir ruhlu ədəbiyyatına maraq Güneydə çox böyükdür. Məsələn, Rasim Qaracanın şeir toplusunu buraxanda öz-özümə fikirləşirdim ki, satılmayacaq, kitab əlimizdə qalacaq, baxmayın, Rasim bəyin şeirləri çox moderndir, oxucuya yad görünə bilərdi-filan, amma fikirləşdiyimin əksi baş verdi, yaxşı satıldı… - Bəyəm Güneydə modern şeirə maraq azdır? - Yox, bizdə də modern şeir yazılır, bu gün aparıcı istiqamətlərdən biridir, ancaq necə olmasa da, Rasim Qaracanın şeirləri daha irəli gedib. Amma gözlədiyimizin əksinə olaraq, böyük ilgi gördü. Hətta şeirə marağı olmayan adamlar mənə deyirdilər ki, "bax biz belə yazıları oxumaq istəyirdik, nə yaxşı ki, çap elədiniz". Bir sözlə, Qüzey ədəbiyyatının həm klassik, həm də modern istiqamətlərinə Güneyin ilgisi çox böyükdür. Siz təəccüblənəcəksiniz, amma biz orada nəşr etdiyimiz kitabların arxasında anons vermişdik ki, İsmayıl Şıxlının "Dəli Kür" romanını çap edəcəyik. Ondan sonra elə hey soruşurlar ki, bəs nə oldu, niyə çap etmirsiniz? Sizdə "Dəli Kür" 1950-ci illərin ədəbiyyatı sayılır, artıq unudulmuş ola bilər, amma Güneydə onun çapını intizarla gözləyirlər. Ümumiyyətlə, Güneydə bir dil qarma-qarışıqlığı var, onu aradan qaldırmaq üçün Qüzeyin bir neçə qalım-qayın romanını çap etmək lazımdır deyə düşünürəm. - Arazın bu tayında ədəbi cameədə bir "atalar-oğullar" dartışması var. Güneydə necə, bunu müşahidə etmək olurmu? - Olur, bunsuz olmaz ki?!. Orada da yaşlı nəsillə yeni nəsil arasında estetik mübahisələr, bir-birini bəyənməməzlik, bir-birini qəbuletməzlik var, amma daha Qüzeydəki kimi gərgin deyil. Güneyin yaşlı ədəbi nəsli hələ də kənd təsvirləri üzərində çabalayır, bir xeyli əyalətçidirlər, bu da onlarla yeni yaradıcı qüvvələr arasında bir narazılığa səbəb olur. Siz müşahidə etdiyim qədəri ilə, ədəbiyyatdakı "qocalar"a nifrət edirsiniz, amma bizdə nifrət yoxdur, sadəcə, sevmirlər. Hətta mən oxuyuram, siz özünüz də bizim Güneydə əsərlərini sevdiyimiz, çap etdiyimiz adamları da yıxıb-sürüyürsünüz. Mən buna təbii baxıram, ədəbiyyatın inkişafı belə estetik toqquşmalardan çox asılıdır. Güneydə gənclər yaşlı ədəbi nəsildən Şəhriyar və Səhəndi çıxmaq şərti ilə, hamısının üstünə gedirlər, amma Şəhriyar və Səhəndə bir rəğbət var. Bəzən Şəhriyarın da adını dilinə alanlar olur, amma deyirik ki çox dərinə getməyin, bizim danışdığımız, yazdığımız bu dilin formalaşması onun xidmətidir. - Ümumiyyətlə, bu gün Güney ədəbiyyatın istiqaməti haradır? Məsələn, bizdə klassik ədəbi düşüncədən qopma və Qərb estetikasına qovuşma meyli güclənib… - Güney ədəbiyyatında Şəhriyar və Səhənd bir cığır açdılar, amma onu modernləşdirə bilmədilər. Sonra Sahir meydana çıxdı və Güney şeirində müasirləşmə meyli qüvvətlənməyə başladı. Doğrudu, Sahir şeirin formasında yeniləşmə aparsa da, amma düşüncə bir o qədər də müasir olmağı bacarmadı. Sonra Əlirza Oqtay meydana çıxdı və kommunist olmasına baxmayaraq, Güney şeirində həm forma, həm məzmunca daha da modernləşməni gücləndirdi. Adını çəkdiklərim Pəhləvi dövründə yaşayıb-yaradıblar. Beləcə, Güney Azərbaycan poeziyasında modernləşmə dönməz bir prosesə çevrildi və Səhər xanımın gəlişi ilə bu proses özünün pik nöqtəsinə çatdı. Səhər xanım Güney şeirini doğrudan da, ölümdən qurtardı, poeziyada əyalətçi düşüncəni tamamilə arxaya atdı. Əziz Salami, Süleymanoğlu kimi şairlərin gəlişi ilə Güney şeirində yeni bir nəfəs açıldı və bu gün bizim gənc yaradıcı nəsil də sonuncu adını çəkdiklərimdən etkilənib tamamilə Qərbyönümlü şeir xətti tutdular. Hətta artıq milli şeirlərdə də Qərb estetik əhval-ruhiyyəsi aydın duyulur. Yəni Güneydə modern və postmodern ədəbiyyat bütün gücü ilə öndədir. Amma biz keçmişdən də qəfil, birdəfəlik qopmaq fikrində deyilik, onlara da sayğı ilə yanaşırıq. - Kim var ən yeni parlayan gənc imzalardan? - Məsələn, Duman Ərdəm var, onun şeirlərini çap edəndən sonra bəzi yaşlı şair-yazıçılar mənə zəng eləyib deyirlər ki, "bu nədir, niyə çap edirsiniz?" Onları da qıcıqlandıran Dumanın şeirlərində seksual azadlığın olmasıdır, bu da İranda qadağandır. Yaşlı nəsili də çox qıcıqlandırır. Və yaxud Məmmədrza Ləvayi var. Gənc nəslin ən aparıcı yazarlarındandır. Aydın Araz, Hadi Qaraçay var, hərəsi fərqli cərəyanlara məxsus olsa da, Güney şeirinin yeni sifətləridir. Onları da Qüzeydə tanıtmaq, çap etmək sizin üzərinizə düşür. - Güneydə Qüzey ədəbiyyatından yeni nə çap etməyi fikirləşirsiniz? - İstəyirəm Qüzey yazıçılarının hekayələrindən ibarət bir toplu buraxaq, özü də ən cavan nəsil yazıçılarının hekayələri olsun. Sonra sizin gənc xanım şairlərin, - Nərmin Kamal, Sevinc Pərvanə, Günel Mövlud və başqaları, - şeirlərindən bir toplu buraxmaq niyyətindəyik. Qurban Səidin "Əli və Nino" romanını, - klassik əsər olsa da son illər Azərbaycanda çox sevildiyini və dünyada da maraqla qarşılandığını bilirəm, - artıq mətbəəyə verib gəlmişəm, yəqin ki, Tehrana qayıdanda artıq işıq üzü görmüş olacaq. Bir sözlə, işlər çoxdur və yavaş-yavaş da öhdəsindən gələcəyimizi düşünürəm. Aynur Zeynallı

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar