SON XƏBƏRLƏR

Güneyin İrandakı siyasi proseslərin gedişindən geri qalması təhlükəlidir – Professor Nəsib Nəsibli

2021.10.20, 07:36
Güneyin İrandakı siyasi proseslərin gedişindən geri qalması təhlükəlidir – Professor Nəsib Nəsibli

Gunaz.tv

GünAz TV: Türkiyədə yaşayan və Ankara Universitetində dərs deyən azərbaycanlı tarixçi alim professor Nəsib Nəsibli İranda baş verən etiraz aksiyaları və davam edən gərginlik barədə “Xeber365.com”-a müsahibə verib.

 

Müsahibəni olduğu kimi təqdim edirik:

- Nəsib bəy, İranda yaşananlar Azərbaycanda müxtəlif müstəvidə qəbul olundu, etiraz aksiyaları ilə bağlı fərqli şərhlər verildi. Bəs azərbaycanlı tarixçi olaraq bu günlərdə Türkiyədən İrana baxanda hansı mənzərəni görürdünüz, daha çox nə nəzərə çarpırdı?

- İran sıradan bir ölkə deyil. Həm qonşuların, həm də bu ölkədə maraqları olan böyük dövlətlərin İrandakı son prosesləri diqqətlə izləmələri çox təbiidir. Türkiyə iqtidarının olaylara münasibətini ölkə prezidenti və xarici işlər nazirinin qonşu ölkədəki tərəfdaşları ilə telefon danışıqları, bu danışıqların mediaya sızan bilgilərdən bilirik. Televiziya kanallarında son həftə hər gün İran hadisələri müzakirə edildi. Türkiyədə İran haqqında bilgilərin bu qədər bəsit və səthi olmasını bilirdim. Bu bəsitlikdən başqa, həm də hadisələrin təhlilində təktərəfli yanaşma  bir daha məni xəyal qırıqlığına uğratdı. Mediadakı dırnaqarası dərin analizlər bu səviyyədə qalacaqsa, yaxın zamanlarda İranda baş verəcək daha dərin hadisələrə Türkiyənin “hazır olmadığını” bir daha görəcəyik.

 

- Həmyerlilərimizin vətəndaş olaraq bu çaxnaşmanı o taylı-bu taylı Azərbaycanın birləşmək fürsəti kimi görməsi, həyəcan keçirməsi təbiidir. Bəs hadisələri tarixi və siyasi baxımdan bir peşəkar kimi təhlil etdikdə ortaya hansı nəticə çıxır: doğrudanmı, bu, bir fürsət idi?

- Quzey Azərbaycanda olayların həyəcanla izlənməsindən təbii bir şey ola bilməz. Bu olaylar perspektivdə birləşmək arzusu yarada bilər və yaratmalıdır. Amma son olaylar tamamilə başqa məsələləri ortaya qoydu.

 

- Bəs Güney Azərbaycandakı həmvətənlərimizin bu mənada, belə desək, soyuqqanlılıq göstərməsini necə dəyərləndirirsiniz?

- Bu, ətraflı və dərin müzakirənin mövzusudur. Qısaca onu deyim ki, son onilliklərdə Güneydə gedən siyasi proseslərin özünəməxsus gedişi ciddi analiz olunmalı, ciddi də qərarlar qəbul edilməlidir. Hərəkat artıq aydınlanma, oyanış mərhələsindən çıxıb, məqsədyönlü  əməli fəaliyyətə keçməlidir. Vaxt yoxdur. Güney siyasi proseslərin gedişindən geri qalır. Bu da milli maraqlar baxımından təhlükəli durum yaradır. 

 

- Sizcə, cənubi azərbaycanlılar İranda nə baş verdiyini dəqiqliyi ilə anlayıb çözə bildilərmi? Yoxsa elə onların özünə də qaranlıq qalan məqamlar oldu?

- Ümumiyyətlə, son olayların mahiyyətiylə bağlı çox suallar qalır. Hələ olaylar davam etməkdədir. Bir daha təkrar edim. Son olayları milli fəallar çox ciddi şəkildə analiz edib, ciddi qərarlar verməlidirlər.

 

- Nəsib bəy, aksiyaların Məşhəddən başlaması təsadüfi qarşılanmır, bəs sizcə, etirazçıların bu planı nəyi fərqli etdi?

- Məncə, hadisələrin məhz Məşhəddə başlaması üstündə xüsusi nəzəriyyələrin qurulmasına ehtiyac yoxdur. Olayların səbəbləri bölgə xarakterində deyil, bütün İrana xasdır. Bahalıq, korrupsiya, talançılıq, qanunsuzluq, ölkə ehtiyatlarının xaricdəki əməliyyatlara sərf olunması, ölkədəki durum və onun gələcəyiylə bağlı hakim elita daxilində ciddi fikir ayrılıqları kimi ciddi strukturlu səbəblər ölkəni və onun əhalisinin əksəriyyətini qayğılandırır.

 

- İran qapalı ölkədir. Bəs Amerika etirazçılara dəstəyi ilə getdikcə siyasi xarakter alan aksiyada özünə qapalı ölkədə hansısa yeri tuta, Tramp nəyəsə nail ola bildimi?

- Ölkə daxilində xarici dəstəyə ehtiyacı olan müxalif qüvvələr var. Onlar bu cür mənəvi dəstək istəyirlər. Amma Amerika prezidenti Trampın bu tvitləri kaş ki, olmayaydı. Onun ziyanı daha çox oldu. Olayların xarici güclərin fitnə-fəsadının nəticəsi olması haqqında hakimiyyətin haqsız ittihamlarının ortaya çıxması və bunun əhalinin bir hissəsinə təsir etməsini görürük.

 

- Bir az əvvəl İranın keçmiş prezidenti Mahmud Əhmedinejadın etiraz aksiyalarına dəstək verdiyi üçün saxlanıldığı barədə xəbər yayıldı. Bu, onsuz da cığırından çıxaran prosesləri daha da qəlizləşdirə bilərmi? Hadisələrin sonu sizə necə görünür?

- Keçmiş prezident Əhmədinejadın həbs ediləcəyi məsələsi çoxdan danışılırdı. Hətta etirazların başlanmasından əvvəl də belə söz-söhbət vardı. Bu, Xamnei və tərəfdarlarının artıq “qəti addım” atmağa başlamalarının əlamətidir. Böyük ehtimalla indiki mərhələdə etiraz aksiyakları səngiyəcək, hətta dayanacaq. Amma bu, İranda problemin həllinin göstəricisi olmayacaq.

 

Qaynaq: Xeber 365 SAYTI

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar