SON XƏBƏRLƏR

Hadi Bahaduri və Nadir Qazipur təhsil nazirinin qeyri-fars dillərinə qarşı açıqlamasına etiraz bildirib - VİDEO

2021.10.20, 07:36
Hadi Bahaduri və Nadir Qazipur təhsil nazirinin qeyri-fars dillərinə qarşı açıqlamasına etiraz bildirib - VİDEO

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, ötən günlərdə İranın Təhsil naziri Məhəmməd Bəthayi yerli adlandırdığı qeyri-fars dillərində dərs keçməyin qadağan olduğunu vurğulamışdır. Bu açıqlama Azərbaycan əhalisi və bəzi yerli məsulların kəskin etirazı ilə qarşılanıb.

 

Son məlumata görə, Urmiyənin millət vəkilləri Hadi Bahaduri və Nadir Qazipur türk dilini müdafiə edərək nazirin açıqlamasını qınayıb, yaxın gələcəkdə məktəblərdə türk dilinin tədris olmasını tələb ediblər.

 

“Türk dilini yerli dil adlandırmaq olmaz. Bu dil ölkə əhalisinin 40 faizinin dilidir. İranda əslində 3 dil var: Türk, fars və ərəb dilləri. Kürd, lor, gilək və s. bunlar fars dilinin müxtəlif qollarıdır. Biz türk dilinin məktəblərdə tədris olunmasına çalışırıq. Bu ölkə konstitusiyasına da uyğundur. Hətta hörmətli Təhsil naziri özü də bununla razıdır. O mənə türk dilində dərsliklərin hazır olduğunu belə demişdir. İndi onun son açıqlaması məni çox  təəccübləndirir. Ümid edirəm ki, yanlış anlaşılıb. Türk dilinin məktəblərdə tədris olunmasına ölkə prezidenti də müsbət baxır. Hər kəs buna qarşı çıxarsa, əslində konstitusiyaya qarşı çıxmış olur”- deyə Hadi Bahaduri yerli mətbuat orqanı “Təbriz-i mən” agentliyinə verdiyi müsahibədə deyib.

 

Hadi Bahaduri

 

Urmiyənin digər millət vəkili Nadir Qazipur isə Təhsil nazirinə cavab olaraq 2018-ci il fevralın 1-də İran televiziyasında Məhəmməd Bəthayi haqda danışdığı videonu öz səhifəsində yenidən yayıb.

 

https://www.youtube.com/watch?time_continue=44&v=lxI5wuyoNHs

 

İyulun 17-də İnstaqramda yayılan Video azərbaycanlı sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı olaraq dəstəklənib.

 

Videoda göründüyü kimi, naziri fəaliyyətsizlikdə günahlandıran millət vəkili onu müqəvvaya oxşadıb. Millət vəkili bildirib ki, nazir iş görmək deyil, talançılıq barədə fikirləşir.

Nadir Qazipur açıqlamasında 6-18 yaş arası uşaq və yeniyetmələrin təhsildən kənarda qalması və müəllimlərin maaşlarının ödənilməməsində təhsil nazirini günahlandırıb.

 

Millət vəkili həmçinin İran coğrafiyasında yaşayan bütün türkləri müdafiə etdiyini də bildirib. 

 

İyulun 14-də İranın Təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin qadağan olduğunu vurğulayaraq məktəblərdə fars dilinin tədris olunması məsələsini “sistemin qırmızı xətti” adlandırıb. Nazirin bu açıqlaması Azərbaycan türklərinin geniş etirazına səbəb olub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar