SON XƏBƏRLƏR

Həbib Sahirin əsərləri doğma xalqına dərin sevgi və ehtiramdan yaranıb."Mən Yurdumu özgələrə satmadım"

2021.10.20, 07:36
Həbib Sahirin əsərləri doğma xalqına dərin sevgi və ehtiramdan yaranıb."Mən Yurdumu özgələrə satmadım"

Gunaz.tv
"Mən Yurdumu özgələrə satmadım" Həbib Sahirin əsərləri doğma xalqına dərin sevgi və ehtiramdan yaranıb Elçin Qaliboğlu 200 ildir ki, parçalanmış, paralanmış Azərbaycanımızın ayrılıq dərdi hər birimizin sinəsində yaradır: Vətənin ikiyə parçalanması onu candan artıq səviyyədə sevənlər üçün doğrudan da dərddir. Bir olmaq, Bütöv olmaq Azərbaycanın milli haqqıdır - gec-tez yetəcəyi. Azərbaycanın ikiyə bölünmüşlük dərdi zaman-zaman Güney Azərbaycanın şairlərinin yaradıcılığının əsas mövzusuna çevrilib. Sürgünlərdə, əzab-əziyyətli, məşəqqətli həyatlarıyla Vətən üçün yaşadıqlarını sübut edən neçə-neçə oğullarımız bu yolda canlarını fəda veriblər. Belə Vətən oğullarından biri də şair Həbib Sahirdir. Azərbaycan oxucusu Həbib Sahir imzasını eşitsə də, şeirlərini oxusa da, amma onun haqqında çox az bilir. Təbii ki, bu yaradıcı insanlar haqqında araşdırmalar artdıqca onların Azərbaycan sevgiləri haqqında daha çox bilgimiz olacaq, bu sevginin yaşarılığını sabahkı nəsillərə böyük bir sevgi ilə çatdıra biləcəyik. Həbib Sahirin həyat və yaradıcılığını araşdıran araşdırmaçı Vəfa Əliyev onun əzab-əziyyətlərlə dolu ömrü haqqında bilgi verir: "Bu gün Həbib Sahirin adı Güney Azərbaycan ədəbiyyatının tanınmış simaları Məhəmmədhüseyn Şəhriyar, M.Etimad, B.Səhəndlə birgə çəkilməkdədir. Onun adı 20-ci yüzillikdə Azərbaycanın Güney torpaqlarında imperializm və irticaya qarşı azadlıq uğrunda gedən şanlı mübarizə ilə qırılmaz və sarsılmaz tellərlə bağlı olub". Həbib Sahir 105 il əvvəl Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Təbrizin Sürxab məhəlləsində yoxsul bir ailədə anadan olub. O, ibtidai və orta təhsilini Təbrizdə alıb, 1924-cü ildə İstanbula gedib, orada universitetin coğrafiya fakültəsinə daxil olub. Türkiyədə 5 il oxuduqdan sonra Vətənə qayıdıb, bir neçə il Zəncanda, Qəzvində müəllimlik edib. Araşdırmaçı qeyd edir ki, Həbib Sahir bir müddət doğma yurdundan ayrı düşüb, qürbətdə yaşamaq məcburiyyətində qalıb: "Şair Vətəndən uzaqlarda ağır məhrumiyyətlərlə, çətinliklərlə üzləşir: qürbət ona cəhənnəm kimi gəlir, Vətəninin üfüqlərini qara duman bürüyür. Al günəşin üzərini bürüyən qara örtük - gecənin zülməti səhərin açılmasına imkan vermir. Zindanda ah-nalələri göyə ucalan minlərlə Vətən oğullarının səsini eşidən şair deyir: "Nə qədər istəyirsən, ah-nalə et. Ancaq bil ki, bu qaranlıq mühitdə heç kəs sənin nalələrini dinləyib, onların səsini soruşmayacaq. Sənin fəryadına ancaq mənim ürəyimin qapıları açıqdır. Onun sığınacağı bir yer varsa, o da mənim ürəyimdir". Qəlbi Vətən həsrətiylə qübar edən Həbib Sahirin lirik qəhrəmanı ürəyinin dərdini Vətənə sarı uçan quşlara açır: "Dəstələnib axşam şəfəqlərini yara-yara Vətənə sarı uçan quşlar, mənim salamımı Təbrizə çatdırın. Evimin taxta qapısını açın görün, anam qürbətdən dönübdürmü? Uşaqlarım uzun illərin həsrətini unudublarmı, yoxsa yenə də ölüm və aclığın pəncəsində can çəkişirlər?" Yüksək erudisiyalı şair Həbib Sahir türk, fransız və ingilis dillərini bilirdi: "O, dünya ədəbiyyatını dərindən mənimsəmişdi. Bodlerdən, Lermontovdan və bir sıra dünyaca ünlü şairlərin əsərlərini Azərbbaycan Türkcəsinə tərcümə edib. O, fars, ərəb, fransız, İstanbul türkcəsi, Azərbaycan Türkcəsində şeir və hekayələr yazıb. Həbib Sahir 83 illik əzablı, məşəqqətli ömründə Güney Azərbaycanda Səttar xan, Xiyabaninin başçılığı altında milli azadlıq hərəkatının şahidi, Pişəvərinin başçılığı ilə gerçəkləşən 21 Azər hərəkatının iştirakısı olub. 60 illik ədəbi-bədii təcrübəyə malik qocaman şairin zəngin yaradıcılıq yolu doğma Vətənlə, onun keçmişi, bu günü və gələcəyi ilə bağlı olub. Şahlıq rejiminin sərt qayda-qanunlarını görmüş şair nə qədər ağır məhrumiyyətlərlə qarşılaşsa da, doğma yurddan sürgün edilsə də, sona kimi öz məramına sadiq qalıb. O, daim ictimai quruluşun doğurduğu haqsızlıqlara qarşı öz üsyankar səsini qaldırırdı. Həbib Sahirin əsərləri doğma xalqına dərin sevgi və ehtiramdan yaranıb. Öz yurddaşlarını sevdiyindən, ana dilinə qarşısıalınmaz məhəbbətdəndir ki, şair yazırdı: "Türkcə yazdım, şirinləşdi sözlərim", "Cəvahirmiş şeir türkü dilində"... Həbib Sahirin şeirləri zaman-zaman Güney Azərbaycanda çıxan bir sıra dərgilərdə işıq üzü görüb: "O, ana dili və milli istiqlaliyyət uğrunda apardığı mübarizəyə görə daim təqib olunub, dəfələrlə sürgün həyatı yaşayıb. Şair 60 illik mübarizədən sonra 1986-cı ildə 83 yaşında ikən hökumət nümayəndələri tərəfindən yenidən həbs olunacağı xəbərini eşidir və düşmənə təslim olmamaq üçün evində özünü asmaqla həyatına qəsd edir". Şairin "Məndən salam deyin gözəl Təbrizə", "Sürgün", "Qorxma", "Qovala düşmanları", "Vətənin matəmində" və bu kimi şeirlərində dərin, sarsılmaz Vətən sevgisi, Yurd uğrunda hər cür cəfalara dözmək mətanəti özünü göstərir. "Yurd mahnısı" şeirində onun yurdun gözəliklərindən ilhamlanması ifadəsini tapıb. Fəqət yurd yağıların əlindədir: Həbib Sahir bir an da olsun düşmənə təslim olmamağı, daim ağılla, inadla şərə qarşı vuruşmağa çağırır: "Gəl köçmə Vətəndən, Yada bel bağlama, qardaş, Dövran belə getməz, qalamaz, Daş üzərinə daş! Şimşək kimi çax, Sel kimi ax! Çalxalanıb daş! Bu gün taleyə boyun əyməyən, özünün döyüşkənliyi ilə aqibətini yazan Azərbaycanımızın Güneyində milli özünüdərk prosesində Həbib Sahirin döyüşkən şeirləri də soydaşlarımıza mənəvi güc verir, onları şərə boyun əyməməyə çağırır. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar