SON XƏBƏRLƏR

Həbib Sasaniyan haqda Apelyasiya Məhkəməsinin son iclası keçirilib

2021.10.20, 07:36
Həbib Sasaniyan haqda Apelyasiya Məhkəməsinin son iclası keçirilib

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Həbib Sasaniyanın son apelyasiya məhkəməsi iclası keçirilib.

 

Fevralın 24-də Təbriz İnqilab Məhkəməsinin 26-cı Şöbəsində keçirilən iclasda azərbaycanlı fəala qarşı irəli sürülən ittihamlar və barəsində çıxarılan 10 illik həbs qərarına baxılıb.

 

Apelyasiya məhkəməsi iclasında H.Sasaniyan qrup yaratmaq və gizli sənədləri ifşa etməkdə günahlandırılıb, lakin müttəhim özünə qarşı irəli sürülən bütün ittihamları rədd edib. Məlumata görə, azərbaycanlı fəal barəsində  yaxın günlərdə yekun qərar çıxarılacaq.

 

H.Sasaniyan 2016-cı il mayın 15-də daha 5 fəalla birlikdə Ərdəbildə yaxalanıb. O 15 ay yarım qanunsuz olaraq saxlanıldıqdan sonra 2017-ci il avqustun 28-də 350 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb. Digər fəallar bir müddət saxlandıqdan sonra mülki vəsiqə qarşılığında sərbəst buraxılmışdır. Azərbaycanlı fəallar ermənilərin Dağlıq Qarabağda azərbaycanlılara qarşı törətdikləri cinayətlərlə bağlı maarifləndirmə fəaliyyəti ilə məşğul olduqlarına görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, onlar əsassız etiraflar etmək üçün ağır işgəncəyə məruz qalıblar.

 

Fəallar ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qrup yaratmaq və milli təhlükəsizliyə qarşı sözləşmədə ittiham olunub, lakin onlar irəli sürülən bütün ittihamları rədd edib.

 

H.Sasaniyan dəfələrlə məhkəmə prosesinə qatılmaqdan imtina edib. O son dəfə yanvarın 28-də keçirilən Apelyasiya Məhkəməsi prosesinə qatılmayıb. Fəal buna səbəb kimi məhkəmənin müstəqil qərar vermədiyini göstərib.

 

H.Sasaniyan zindanda qanunsuz və qeyri-müəyyən vəziyyətdə uzun müddət saxlanılması, həmçinin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsinin məhkəmə prosesinə müdaxiləsinə etiraz olaraq dəfələrlə aclıq aksiyası keçirib və səhhətində yaranan problemlərlə bağlı həbsxananın poliklinikasına aparılmışdır.

 

43 yaşlı H.Sasaniyanın iki övladı var. O bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar