SON XƏBƏRLƏR

“Hər azərbaycanlı şagird üçün türk dilində bir kitab” kampaniyası davam etdirilir – VİDEO

2021.10.20, 07:36
“Hər azərbaycanlı şagird üçün türk dilində bir kitab” kampaniyası davam etdirilir – VİDEO

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, sentyabrın 23-də (mehrin 1-i) İran və Güney Azərbaycanda yeni dərs ili başlayıb. Təhsil müəssisələrinin açılışı günündən Güney Azərbaycanda kitab paylama kampaniyasına start verilib.

 

Azərbaycanlı milli-mədəni fəallar tərəfindən “Hər azərbaycanlı şagird üçün türk dilində bir kitab” şüarı ilə başladılan kampaniya hələ də bir çox şəhərdə davam etdirilir. Oktyabrın 17-də Nir şəhərinin şagirdləri arasında türk dilində çox sayda kitabların paylandığı barədə məlumat yaymışdıq.

 

İlk öncə Ərdəbildə başladılan kampaniya 2 həftə davam etdi. Fəallar müxtəlif məktəblərə müraciət edərək şagirdlər arasında kitablar payladılar. Sonra kampaniya Meşginşəhr (Xiyav), Zəncan, Astara, Nir və s. kimi şəhərlərdə davam etdirildi.

 

Kitab paylayan fəallar eyni zamanda İranda türk dilinin rəsmi dil olması və ana dilində təhsilin əhəmiyyəti ilə bağlı söhbət edir, bu barədə şagirdlər, valdeyinlər və müəllimlərin fikir və təkliflərini öyrənirlər. Məqsəd ana dilində təhsillə bağlı tam olaraq ortaq məxrəcə gəlmək və eyni mövqedən çıxış etməkdir.

 

Kitabla bağlı kampaniya ilk öncə azərbaycanlı milli-mədəni fəallar və “Traxtur” tərəfdarları tərəfindən “türk dilində kitab almaq” adı ilə sosial şəbəkələrdə başladı, kampaniya azərbaycanlı internet istifadəçiləri tərəfindən böyük rəğbətlə qarşılandı.

 

Güney Azərbaycanda yeni dərs ili və Beynəlxalq Ana Dili Günü ərəfəsində bir çox mədəni tədbir, o cümlədən kitab paylama kampaniyası həyata keçirilir. Günümüzə qədər Ərdəbildə belə tədbirlərin həyata keçirilməsində xüsusi aktivlik müşahidə olunur.

 

Fəalların dediyinə görə, kampaniyanın keçirilməsindən məqsəd azərbaycanlı şagirdlərə türk dilində kitab hədiyyə etmək, ana dilində təhsilin əhəmiyyətini şərh etmək və ölkənin təkdilli təhsil sisteminə etiraz edərək ana dilində təhsil tələbini dəstəkləməkdir.

 

Tanınmış azərbaycanlı fəallar, o cümlədən Əkbər Azad, Məhəmməd Rəhmanifər, İşıq Sönməz və s. sosial şəbəkələrdə müxtəlif postlar paylaşaraq Kitab paylama kampaniyasına dəstək verdiklərini bildiriblər.

 

İranda türk dilinin rəsmi olması və ana dilində təhsil məsələsi uzun illərdir öz həllini tapmır, bu məsələ ilə bağlı yüzlərlə azərbaycanlı fəal saxlanılıb, işgəncə edilib və uzun illər həbs cəzası ilə üzləşib.

 

İranda ölkə əhalisinin 70 faizdən çoxunun ana dili məktəblərdə tədris olunmur, bu məsələni İranın keçmiş təhsil naziri Həmidrza Hacı Babayi də təsdiqləyib.

 

Bu günədək bir çox Beynəlxalq Təşkilat İranı qeyri-fars millətlərinin ana dilində təhsil hüququnu tanımağa çağırıb, lakin rejim bu çağırışlara məhəl qoymadan ölkədə təkdilli təhsil sistemini davam etdirməkdədir.

 

Video:

https://www.youtube.com/watch?v=Ga8bKon8VIU&feature=youtu.be

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar