SON XƏBƏRLƏR

Heroini Cəlilabaddan necə keçirirlər?

2021.10.20, 07:36
Heroini Cəlilabaddan necə keçirirlər?

Gunaz.tv
QAPALI MÖVZUYA DAİR ŞOK XƏBƏRLƏR Heroini Cəlilabaddan necə keçirirlər? ABŞ narkoticarətin “Balkan marşrutu”nu bağlayandan sonra Azərbaycanın cənub bölgəsinin beynəlxalq rolu artıb 4294.jpg Son iki gündə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həyata keçirdiyi əməliyyat-axtarış tədbirlərini əslində alqışlamaq lazımdır. Söhbət ondan gedir ki, bu qurum son iki gündə İran-Azərbaycan marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotik daşınması ilə məşğul olan iki qrupu yaxalayıb, onlardan ümumi çəkisi 6 kiloqramdan çox olan heroin aşkarlanaraq götürülüb. Söhbət həm Yardımlı rayon sakinləri Cabir Bədirovla Qabil Bağırovdan götürülən 3,5 kiloqrama yaxın heroindən, həm də Cəlilabadda keçirilən analoji əməliyyatdan gedir... Azərbaycanın adı ABŞ-ın narkotranzit saydığı ölkələr siyahısında “Azərbaycan Əfqanıstan və Mərkəzi Asiyadan Qərbi Avropaya, həmçinin İrandan Rusiyaya və Qərbi Avropaya narkotik maddələrin nəql olunduğu marşrut boyunca yerləşir. Yerli istehsalat böyük deyil, ancaq tələbatın həcmi artmaqdadır”. Bu barədə ABŞ Dövlət Departamentinin “Narkotiklərə beynəlxalq nəzarət strategiyası” adlı illik hesabatında da bildirilir. Həmin sənəddə o da deyilir ki, “Balkan marşrutu” bir neçə il öncə bağlanandan sonra Azərbaycanın tranzit ərazi kimi rolu artıb. Azərbaycan hökumətinin məlumatına görə, ölkədən daşınan narkotiklərin əsas hissəsi Əfqanıstanda istehsal olunandır. Onların əsas daşınma marşrutu belədir: Əfqanıstan-İran-Azərbaycan-Gürcüstan-Qərbi Avropa; Əfqanıstan-İran-Dağlıq Qarabağ; Azərbaycanın işğal olunmuş əraziləri-Ermənistan-Gürcüstan-Qərbi Avropa; Əfqanıstan-İran-Azərbaycan-Rusiya; Əfqanıstan-Mərkəzi Asiya-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Qərbi Avropa. Hesabatda deyilir ki, Azərbaycanın İranla 611 km sərhədi var. Lakin ölkənin sərhəd qüvvələri sərhədlərin səmərəli qorunması üçün kifayət qədər hazırlıqlı deyil və təchiz olunmayıb. İrandan və başqa yerlərdən narkotik daşıyanlar bu vəziyyətdən istifadə edir. Sənədə görə, Azərbaycanda ən geniş istifadə olunan narkotik maddələr tiryək, heroin, ekstaz, həşiş, kokain və LSD-dir. Narkotiklərə daxili tələbat artmaqda davam edir və rəsmi hakimiyyət narkomanların sayının 18 min nəfər olduğunu bildirir. Qeyri-rəsmi rəqəmlər isə 200-300 mindir. Narkomanların 75 faizi heroindən istifadə edir. Onların 30-35 faizi tələbələrdir. Heroindən ən çox Lənkəranda (64 faiz) istifadə olunur. Cəlilabadım, Cəlilabad... Azərbaycana narkotik daşınmasının ən vacib məntəqələrindən biri də Cəlilabaddır. Bu rayonun İranla təxminən 50 kilometrlik quru sərhədi var. Rayonun Buravar kəndindən Dələli kəndinədək olan məsafədən keçən bu sərhəd zolağı Azərbaycana narkotik vasitələrin keçirilməsində ən əlverişli ərazi hesab edilir. Araşdırmalarımız nəticəsində bəlli oldu ki, İranın Germi vilayətinin mərkəzindən - Germi şəhərindən Cəlilabada kimi narkotranzitin marşrutu aşağıdakı kimdir: 1. Germi-Cəlilabadın sərhəd kəndi Kövüzbulaq; 2. Kövüzbulaq-Petrovka kəndi. Əvvəllər Petrovka kəndinin rolunu rayon mərkəzinə bitişik Astanabad kəndi oynayırmış. Amma sonra iri “narkoakulalar” hansı səbəbdənsə Astanabadı bu statusdan məhrum ediblər. Narkobaronların xüsusi təlim görmüş atları var Sərhəddən Kövüzbulağa keçirilən narkotik maddələr, daha konkret desək, heroin sonrakı məntəqələrə atla daşınır. Bunun üçünsə kəndlərdə xüsusi atlar bəslənir. Söhbət ondan gedir ki, Kövüzbulaqdan Cəlilabada, daha dəqiqi, şəhərə bitişik Petrovkaya olan təxminən 40 km-lik yolu atla kəsə getmək daha münasib variant sayılır. “Malı” Kövüzbulaqdakı narkokuryerdən götürən şəxs onu Petrovkaya - başqa bir narkokuryerə çatdırır. Petrovkadan isə başqa bir narkokuryer “malı” digər məntəqələrə, bu dəfə artıq realizə etmək üçün daşıyır. Burada bir məqama xüsusi diqqət yetirmək lazımdır: narkokuryerlərin heç biri “malın” əsl sahibinin, necə deyərlər, baronun kim olduğunu bilmir. Cəlilabadda danışırlar ki, əgər əvvəllər narkokuryerlər və qaçaqmalçı dəstələr təkcə heroinlə ələ keçirdilərsə, indi vəziyyət tamam fərqlidir: “Onlar artıq silahlanıblar da. Son vaxtlar tutulanların üstündən silah da tapılır. Bir qədər əvvəl DİN Narkotiklərə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı bir polis zabiti güllələnmişdi”. Nəzarətsiz qalan İran maşınlarına diqqət!!! Cəlilabaddan keçən narkotranzit Azərbaycanın bir çox bölgələrini, hətta MDB məkanını da əhatə edir. Tranzitdə önəmli rollardan birini də İran şirkətlərinə məxsus tirlərin - ağırtonnajlı yük maşınlarının oynadığı deyilir. Tirlər Astarada gömrük yoxlanışından keçdiyindən Cəlilabad ərazisində, necə deyərlər, nəzarətsiz qalırlar. Bir məqamı da qeyd edək ki, həmin tirlərin bir çoxu Rusiyaya, Ukraynaya, MDB-nin digər ölkələrinə doğru hərəkət edir. “Heroin qaçaqmalçılığı təkcə Cəlilabad səviyyəsi ilə məhdudlaşmır. Bu, böyük bir beynəlxalq şəbəkədir. Və bu şəbəkənin hər bir ölkədə, hətta Avropada belə güclü dayaqları var”- deyir həmsöhbət olduğumuz ekspertlərdən biri. Araşdırmalarımız nəticəsində o da məlum oldu ki, əslində İranın özü də bu əməliyyatda tranzit rolunu oynayır. Əfqanıstandan İrana gətirilən yüksək keyfiyyətli tiryək bu ölkədə emal olunandan sonra Azərbaycana keçirilir. İranda 1 kq yüksək keyfiyyətli heroin emalçıya 4-5 min dollar arası başa gəldiyi halda Azərbaycanda bundan 10 dəfə baha, MDB və Avropa ölkələrində isə daha yüksək qiymətə satılır. *** Qəzetimiz bir neçə dəfə yazıb ki, Azərbaycanın Kürdəmir rayonunda heroini saflaşdırma laboratoriyaları fəaliyyət göstərir. Bu cür laboratoriyaların ölkəmizin başqa məntəqələrində də yerləşdiyi barədə təsdiq olunmayan məlumatlar almışıq. Belə bir məlumatımız da var ki, ölkəmizin narkotranzitindən gələn gəlirlərə iqtidarda təmsil olunan və etnomafiyaya rəhbərlik edən bir məmurun şəbəkəsi şərikdir. O, İran əsilli bir kürd iş adamının daşınma şirkəti vasitəsilə narkotiklərin Əfqanıstan, İraq və İran üzərindən Azərbaycana gətirilməsi və buradan da Avropaya ixrac edilməsi prosesinə nəzarəti həyata keçirir. MTN-imizin kiçik narkotacirlərə qarşı mübarizəsini təqdir etməklə, onu da diqqətə çatdırırıq ki, iri narkobaronlar toxunulmaz şəraitdə və tam gücləri ilə fəaliyyət göstərməkdədirlər. Araşdırmalarımız davam edəcək. Səbuhi MƏMMƏDLİ musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar