SON XƏBƏRLƏR

Həsən Ruhani: “Ölkədə azad mediamız yoxdur. Sosial şəbəkələrə süzgəc qoymaqla səhvə yol vermişik”

2021.10.20, 07:36
Həsən Ruhani: “Ölkədə azad mediamız yoxdur. Sosial şəbəkələrə süzgəc qoymaqla səhvə yol vermişik”

Gunaz.tv

GünAzTV: İran prezidenti Həsən Ruhani yanvarın 21-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin  rəsmiləri qarşısında çıxış edərək, ölkədə azad medianının olmamasından və sosial şəbəkələrə süzgəc qoyulmasından gileylənib.

 

Öz çıxışında, İranda sosial şəbəklərə süzgəc qoyulması siyasətinin məğlubiyyətə uğradığını etiraf edən Ruhani deyib ki, ölkədə azad medianın olmaması səbəbi ilə insanların əksəriyyəti ölkədə və dünyada baş verənləri öyrənmək üçün virtual aləmə üz tutub: “Virtual aləmdə yaranmış sıxlıq da hesab edirəm ki, məhz bununla əlaqədardır. İnsanlar hər şeyi bu virtual aləmdə ifadə etmək istəyirlər. Hesab edirəm ki, ümumxalqın istəyinə qarşı çıxmaq düzgün deyil və qanuni sayılmır.

 

Təəssüflər olsun ki, bu gün ölkədə bizim azad mediamız yoxdur. Yalnız bircə dövlət tele-radiosu var ki, o da insanları qane etmir. Elə buna görə də, insanlar azad informasiya əldə etmək üçün kütləvi şəkildə ağıllı mobil telefonlarından istifadəyə üstünlük verir, virtual aləmə üz tuturlar.

 

Əgər ölkədəki müxtəlif siyasi qrup və ya cərəyanların öz tele-radioları olsaydı, insanların bir çoxu bu yolla öz sözlərini bəyan edər, mobil telefonundan və virtual aləmdən istifadədə bu qədər sıxlıq yaranmazdı və informasiya mübadiləsində hər şey öz təbii axarı ilə cərəyan edərdi.

 

Sosial şəbəkələrə süzgəc qoyulması məsələsinə gəlincə, qəbul etməliyik ki, biz bu addımı atmaqla səhvə yol vermişik. Fikirləşirdik ki, əgər hansısa bir dövlət orqanının yazılı göstərişi ilə şəbəkələrə süzgəc qoyulsa və hamı onu icra etsə, hər şey öz həllini tapar, gənclərimizi sosial şəbəkələrin ziyanından qoruya bilərik. Lakin əməldə hamıya bəlli oldu ki, bu bir çıxış yolu deyil və mövcud problem qadağalarla öz həllini tapa bilməz. 

 

Məhz buna görə də, düşünürəm ki, sosial şəbəkələri bağlatdırmaq və virtual aləmin fəaliyyətini məhdudlaşdırmaq bizi öz hədəfimizə çatdırmaz. Biz sadəcə olaraq, cəmiyyətimizin, yeniyetmə və gənclərimizin media savadını artırmalı, onları maarifləndirərək, onlara virtual aləmdən və sosial şəbəkələrdən necə faydalı istifadə etmək yollarını öyrətməliyik. Bizlər təsəvvür edirik ki, yer üzündə yaşayan insanları nəzarətdə saxlamaq üçün səmadan bizə hansısa bir səlahiyyət verilib, yaxud əlimizdə səmavi bir fərman var və biz onu yerinə yetirməliyik. Halbuki bu səhvdir və belə bir şey yoxdur”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar