SON XƏBƏRLƏR

Həsən Ruhani ölkədə koronavirusla bağlı qəbul edilmiş məhdudiyyətlərin zamanının uzadıldığını bəyan edib

2021.10.20, 07:36
Həsən Ruhani ölkədə koronavirusla bağlı qəbul edilmiş məhdudiyyətlərin zamanının uzadıldığını bəyan edib

Gunaz.tv

GünAz TV: İranda koronavirusla bağlı qəbul edilmiş məhdudiyyətlərin zamanı aprelin 8-nə qədər uzadılıb.

 

Bu barədə bu gün Koronavirusla Mübarizə üzrə Milli Qərargahın iclasında çıxış edən İran prezidenti Həsən Ruhani həmçinin bildirib ki, xəstəliyə tutulmuş şəxslərin vəziyyətləri ilə bağlı onların iş yerlərinə məlumat veriləcək.

 

Ruhani Səhiyyə Nazirliyi tərəfindən iclasda virusun nəzarət altına alınması ilə bağlı təqdim edilən statistikanın "ümid verici" olduğunu və yeni yoluxmaların sayının "azaldığını" iddia edib. O, həmçinin insanları evlərində oturmağa, qeyri-zəruri səfərlərdən çəkinməyə çağırıb.

 

İran prezidenti həmçinin bildirib ki, xəstəxanalarda yer azlığı səbəbindən xəstəliyə tutulduqları təqdirdə, özlərini yaxşı hiss edənlər evlərinin bir otağında özlərini karantinə alıb sağalsınlar. O, həmin şəxslərin bu qaydaya əməl etmədikləri təqdirdə, cinayət məsuliyyətinə cəlb ediləcəklərini deyib.

 

Ruhani sonda qeyd edib ki, Səhiyyə, Təhsil, Daxili İşlər və digər Nazirliklərin yaxın günlərdə Qərargaha təqdim edəcəkləri hesabatlar əsasında mövcud məhdudiyyətlərin yenidən uzadılıb-uzadılmamasına dair qərar qəbul edəcəklər.

 

Ruhaninin iddialarının əksinə olaraq, son günlər Səhiyyə Nazirliyinin gündəlik yaydığı statistikada İranda 24 saat ərzində koronavirusa yoluxma hallarının 3 min nəfəri keçdiyi müşahidə edilir. Eləcə də, bir çox rəsmilər vəziyyətin həddən artıq ağır olduğunu əsas gətirərək, dövlətə insanların evdən çıxmasına qadağa qoymağı tövsiyə edirlər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar