SON XƏBƏRLƏR

Həsən Ruhanidən etiraf: “İran tarixdə heç vaxt bu qədər ağır və çətin durumda olmayıb”

2021.10.20, 07:36
Həsən Ruhanidən etiraf: “İran tarixdə heç vaxt bu qədər ağır və çətin durumda olmayıb”

Gunaz.tv

GünAz TV: İran prezidenti Həsən Ruhani Kirman əyalətinə etdiyi səfər çərçivəsində Əyalət Şurasında keçirdiyi görüşdə inqilabdan sonra ölkənin keçdiyi tarix yolunda heç vaxt bu qədər ağır, qarışıq və çətin durumda olmadığını deyib.

 

O, həmçinin Amerika Birləşmiş Ştatlarının İranın neft sektoruna qarşı tətbiq etdiyi sanksiyaların ölkəni idarə etməyi çətinləşdirdiyini etiraf edib.

 

Ruhani ABŞ-ın təzyiqlərinin ölkəni idarə etməyi çətinləşdirdiyini etiraf etməklə yanaşı, bildirib ki, əgər hazırda Amerika prezidenti Donald Tramp deyil, başqa adam olsaydı, İran müzakirələrə başlayardı.  

 

Prezident İranda hazırda adi vəziyyətin hökm sürmədiyini, son bir neçə ay və günün ölkənin 1979-cu il inqilabından sonra keçirdiyi ən ağır və çətin dövr olduğunu etiraf edib.

 

“Ölkədə vəziyyət o qədər ağırdır ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka etdiyim səfər çərçivəsində Amerika prezidenti Donald Trampa etibar edib, müzakirələr aparmağa məcbur idim, lakin ona etimad göstərmək çətin işdir. Onun əvəzinə Amerika prezidenti digər şəxs olmuş olsaydı, Assambleyanın keçirilməsindən öncəyə qədər müzakirələr aparıb, razılaşma əldə etmiş olardıq”, - deyə Ruhani əlavə edib.

 

Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron sentyabrın sonunda keçirilmiş Baş Assambleya çərçivəsində öz amerikalı və iranlı həmkarlarının görüşünü təşkil etmək üçün diplomatik missiya həyata keçirsə də, onun bütün cəhdləri nəticəsizliyə düçar olmuşdu.

 

Daha sonra Qərb mediasında yayılan məlumatlarda qeyd edilirdi ki, Makron Assambleya çərçivəsində tərəflər arasında telefon əlaqəsi yaratmaq istəsə də, Həsən Ruhani qaldığı oteldəki otağından çölə çıxmamışdı.

 

Ruhani çıxışı zamanı həmçinin ölkə rəsmilərinin bəzilərinin “nefti daha sonra satarıq” kimi ifadələr səsləndirməsini tənqid edib və bildirib ki, onların büdcədən və ağır iqtisadi vəziyyətdən xəbərləri yoxdur buna görə də, sərvətlərdən səmərəli istifadə edib, əvəzində gəlir qazanmağa aparan bütün yolları bağlamağa çalışırlar, bu isə hünər deyil.

 

Prezident sonda ölkə rəsmiləri və idarələri arasında müəyyən işlərin icrası ətrafında böyük fikir ayrılıqları olduğunu, bunların isə İranın gəlir mənbələrinin azalmasından və ölkəni idarə etmək üçün kifayət qədər valyuta ehtiyatının olmamasından doğduğunu deyib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar