SON XƏBƏRLƏR

“Heyran gədiyi” ətrafında baş verən hadisələrlə bağlı bildiriş yayılıb / Keçirilən sorğularda Astara əhalisinin Ərdəbilə birləşmək istədikləri məlum olub

2021.10.20, 07:36
“Heyran gədiyi” ətrafında baş verən hadisələrlə bağlı bildiriş yayılıb / Keçirilən sorğularda Astara əhalisinin Ərdəbilə birləşmək istədikləri məlum olub

Gunaz.tv

GünAz TV: Ərdəbil Əyalətində yerləşən “Heyran gədiyi”nin Gilan Əaylətinə ilhaq edilməsi ilə bağlı cəhdlərə qarşı etirazlar səngimir.

 

Son məlumata görə, Ərdəbil və Meşginşəhrdə (Xiyav) “Heyran gədiyi” ilə bağlı baş verən hadisələr haqda yüzlərlə bildiriş paylanılıb. Azərbaycanlı milli-mədəni fəallar tərəfindən hazırlanan bildirişlərdə Astara, Ənzəli vcə Rəşt ətrafındakı məntəqələrin Azərbaycandan necə ayrılması və “Heyran gədiyi”inin Ərdəbil Əyalətindən qoparılması ilə bağlı planlardan bəhs olunub.

 

Bildirişlərdə soydaşlarımız “Heyran gədiyi” məsələsində dirənməyə, bununla bağlı azərbaycanlı millət vəkillərinə tələb irəli sürməyə çağırılıb.

 

Bildiriş vərəqələri əhali arasında paylanılıb, onlardan bəziləri şəhərin ən çox hərəkətli olan yerlərində divarlara yapışdırılıb.

 

Azərbaycanlı fəallar bundan öncə Ərdəbil şəhəri və Nəmin tunelinin girişində bannerlər asaraq Azərbaycan ərazisinə göz tikənlərə xəbərdarlıq etmişdilər.

 

Bu arada Astara şəhərinin Ərdəbilə ilhaq edilməsi ilə bağlı keçirilən bir neçə sorğunun nəticəsi məlum olub.

 

Astaranın “Astaraye fərda”, “Məcəlle Tənz Astara” və “Astara Plas” yerli Teleqram kanallarının keçirdiyi sorğuda, iştirakçıların sıralama ilə 62, 84 və 73 faizi Astaranın Ərdəbilə birləşdirilməsini tələb edib.

 

Maraqlıdır ki, qeyd olunan kanalların üçü də dövlət və paniranist qüvvələr tərəfindən idarə olunur. Kanal idarəçiləri sorğunun ilkin nəticəsini görüncə, onu həmən səhifədən siliblər.

 

Xəbər verdiyimiz kimi, aprelin 3-də Astaranın millət vəkili Vəli Dadaşinin rəsmi İnstaqram səhifəsində də  respondentlərə “Siz Astaranın Ərdəbilə ilhaq edilməsinə razısınızmı?” sualı ünvanlanaraq sorğu keçirilmişdir. Nəticəsi çoxlarına öncədən məlum olan sorğuda iştirak edənlərin 68 faizi Astaranın Ərdəbilə birləşdirilməsinin tərəfdarı olduğunu bildirmişdir. Məhz bu səbəbdən millət vəkili bir neçə saat sonra sorğunu İnstaqram səhifəsindən silmişdir.

 

 

İran inzibati ərazi bölgüsü qanununun 10-cu maddəsinə görə, dövlət siyasi-ictimai mülahizələri nəzərə alaraq hər kəndi ən yaxın mərkəzi kəndə, hər mərkəzi kəndi ən yaxın qəsəbəyə, hər qəsəbəni ən yaxın şəhərə və hər şəhəri ən yaxın əyalət mərkəzinin inzibati ərazisinə daxil etməlidir.

 

Astara şəhəri Gilan Əyalətinin mərkəzi olan Rəşt şəhərinin təxminən 200, Ərdəbilin isə 70 kilometrliyində yerləşir. Həm qanuna görə, həm də şəhərin tarixini nəzərə aldıqda bu məntəqə Ərdəbil Əyalətinə birləşdirilməlidir. Üstəlik şəhərin əhalisi də bütün azərbaycanlılar kimi Astaranın yenidən Ərdəbil Əyalətinə ilhaq edilməsinin tərəfdarıdır.

 

Astara məntəqəsi 1958-ci (hicri-şəmsi təqvimi ilə 1337-ci il) ildə Azərbaycanın Xəzər dənizi ilə irtibatını kəsmək məqsədi ilə dövrün Şərqi Azərbaycan Əyalətindən qoparılaraq Gilan Əyalətinə ilhaq edilib. Bu məntəqənin Gilana ilhaq edilməsi, Təbrizdən Astaraya məsafənin uzaq olması, Heyran caddəsinin keyfiyyətsiz olması və bölgədə lazımi infrastrukturun olmaması ilə izah olunub. Hazırda isə Astaranın Gilan Əyalətində qalması üçün heç bir məntiqi dəlil yoxdur.

 

Xatırladaq ki, son günlərdə Ərdəbilin “Heyran gədiyi” ərazisini Gilan Əyalətinə birləşdirməklə bağlı bu əyalətin rəhbərliyinin irəli sürdükləri əsassız iddialar azərbaycanlıların geniş etirazına səbəb olub. Bir çox soydaşımız, o cümlədən Astara əhalisi isə vaxtı ilə Ərdəbil bölgəsi və Şərqi Azərbaycan Əyalətində yerləşən Astara məntəqəsinin yenidən Ərdəbilə birləşdirilməsini tələb edir. Tələblər sərtləşdikcə, Gilan rəhbərliyi təhlükəsizlik qüvvələrini azərbaycanlılara qarşı tədbir görməyə çağırır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar