SON XƏBƏRLƏR

“Heyran gədiyi”nin yerləşdiyi əyalətlə bağlı təhriflər davam edir

2021.10.20, 07:36
“Heyran gədiyi”nin yerləşdiyi əyalətlə bağlı təhriflər davam edir

Gunaz.tv

GünAz TV: Ərdəbil Əyalətində yerləşən “Heyran gədiyi”ni bu əyalətdən ayırıb Gilan Əyalətinə ilhaq edilməsi planı ilə bağlı cəhdlər sistemli şəkildə davam etdirilir.


Son vaxtlar daha çox kütləvi informasiya vasitələrində müşahidə olunan təhrif etmə prosesinə bu dəfə rəsmi xəbər saytı “Şüar-i sal” qoşulub. Sayt dərc etdiyi bir xəbərdə “Heyran gədiyi”ni Ərdəbil Əyalətində deyil, Gilan Əyalətində yerləşən ərazisi kimi göstərib. Bundan əlavə “Heyran gədiyi” Ərdəbil Əyalətinin qonşuluğundakı bir məntəqə kimi təqdim olunub.


Son günlərdə İranın “İrna” və “Mehr” xəbər agentlikləri, həmçinin “Şərq” xəbər saytı oxşar təhrifə əl ataraq “Heyran gədiyi”ni Gilan Əyalətində yerləşən bir ərazi kimi qələmə vermişdilər. “İrna” və “Mehr” agentlikləri məntəqənin adını təhrif edərək onu “Astara heyranı” adlandırmışdır.

 

Sərhədyanı Astara şəhəri Gilan Əyalətinin mərkəzi olan Rəşt şəhərinin 220, Ərdəbilin isə 79 kilometrliyində yerləşir. Bu şəhər vaxtı ilə Ərdəbil şəhəri və Şərqi Azərbaycan Əyalətinə bağlı olub. Sonralar ölkənin inzibati ərazi bölgüsündə müvəqqəti olaraq Gilan Əyalətinə ilhaq edilib. Şəhərin əhalisi Azərbaycan türkləridir, onlar bütün azərbaycanlılar kimi Astaranın yenidən Ərdəbil Əyalətinə ilhaq edilməsini tələb edir.

 

Güney azərbaycanlılar ötən onilliklərdə doğma ərazilərinin digər əyalətlərə ilhaq edilməsi və “Azərbaycan” sözünün müxtəlif bölgələrin üzərindən götürülməsinə şahid olublar. Son illərdə isə “Heyran gədiyi”nin yerləşdiyi Ərdəbil əyalətindən ayırıb Gilan əyalətinə ilhaq edilməsi məsələsi vaxtaşırı bəzi məsullar və kütləvi informasiya vasitələri tərəfindən gündəmə gətirilir.

 

2015-ci ildə Ərdəbil-Astara yolu üzərində yerləşən “Heyran gədiyi” (aşırım) yaxınlığında Gilan Əyalətinə məxsus bir lövhənin yerləşdirilməsi ilə başlayan qalmaqallar ölkə parlamentinə qədər uzandı. Bu məsələ bütün azərbaycanlılar, xüsusi ilə də Milli Hərəkat fəallarının kəskin etirazına səbəb olmuşdur.

 



N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar