SON XƏBƏRLƏR

Höccətiyyə Qrupu və Iran hakimiyyəti-3: Misbihi Yəzdi və “Misbahiyyə” firqəsi

2021.10.20, 07:36
Höccətiyyə Qrupu və Iran hakimiyyəti-3: Misbihi Yəzdi və “Misbahiyyə” firqəsi

Gunaz.tv
Son zamanlarda Höccətülislam Möhtəşəmipur İranın hazırkı prezidenti Mahmud Əhmədinejadı və onun iqtidarını dini xadimlər arasında ən çox müdafiə edən və bəzi hallarda isə Əhmədinejad və ətrafındakıların müəllimi adlandırılan Ayətullah Misbahi Yəzdinin fərqli bir siyasi və ideoloji cəmiyyətin üzvləri olduğunu iddia edib. Möhtəşəmipur İsfəhanda Həzrəti Fatimənin vəfatı münasibətilə tərtib olunmuş mərasimdə çıxış edərkən bildirmişdir ki, Xomeyninin yanında olan insanlara zülm olunduğundan onlar kənara çəkilmişlər, hakimiyyətdə isə bir gün belə Xomeyninin yanında olmayan və onun mübarizəsinə qatılmayan insanlar təmsil olunur. Möhtəşəmi bildirib ki, Xomeyninin mübarizəsini bəyənməyən və onun fikirlərinə bir zərrə qədər də inanmayan qüvvələr indi onun adından sui istifadə edərək öz düşüncələrini yaymağa başlayıblar. O əlavə edib: “bu qüvvələr “Misbahiyyə firqəsi”dir və onlar İranda Xomeyninin fikrlərinin əksinə olaraq respublika sisteminin tam əleyhinə çıxış edirlər. Xalqın səsini qəbul etmirlər. Firqənin başında duran “dini xadim” Xomeyninin qurduğu sistemi dağıdıb radikal və diktator bir sistem yaratmağa cəhd göstərirlər.” Möhtəşəminin açıqlamasına görə bunun başında duranlardan biri dini xadim və müctehid Ayetullah Məhəmmed Təği Misbah Yezdidir. Möhtəşəmipur əlavə edib ki, Misbah Yəzdi 8 il müharibə dövründə bir dəfə belə cəbhəyə getməyib, amma indi bütün müharibə könüllülərini və Bəsicləri (fanatikləri) hər gün ziyarət etməyə başlayıb. Onun sözlərinə görə bu firqə ilə Talibanlar və Peyğəmbər dövründəki cahillərin arasında heç bir fərq yoxdur. Misbah Yəzdini sərt ittiham edən Hüccətülislam Möhtəşəmipur öz çıxışında bildirib ki, Xomeyni heç zaman Misbahi Yəzdini qəbul etməmişdir. Öz növbəsində Yəzdi də inqilabdan əvəlki mübarizə dövründa Şah əleyhinə heç bir bəyanata imza atmamış və mübarizəni ifrat hərəkət hesab etmişdir. Möhtəşəminin belə etirazları və ifşa edici bəyənatları bəzi veb saytlarda Misbahi Yəzdi haqda kəskin fikirlərin söyləməsinə və etirazlara zəmin yaratmışdır. Buna görə də qarşı tərəfin təşəbbüsü ilə Qum şəhərində təhsil alan tələbələrdən 200 nəfərə yaxını etiraz mitinqi keçirərək, Misbah Yəzdini müdafiə edib və belə saytların müəlliflərinə hədə qorxular yağdırmışlar. Misbahi Yəzdi isə Möhtəşəmipurun dediklərinə cavab olaraq bildirmişdir ki, “hər şey üzdədir, xalq mənim nə olduğumu yaxşı bilir”. Misbahi Yəzdini müdafiə etmək naminə Qum Dini Müəllimlər Cəmiyyətinin sözcüsü Seyid Məhəmməd Qərəvi “Aftab” qezetinə bildirib ki, Misbahi Yəzdini belə adlandırmaq və onun hansısa firqəyə mənsub olduğunu iddi etmək düzgün deyil. O bildirib ki, Misbahi Yəzdi və onun ətrafındakı tələbələrinin ictimai məsələlərdə özünəməxsus baxışları olsa da, bu fakt onun hansısa firqəyə mənsub olduğuna dəlalət etmir. Bəzilərinə görə, belə bir firqə rəsmi şəkildə mövcud deyil. Amma Ayətullah Misbah Yəzdi və onun ətrafında olan dini və siyasi xadimlərin bir sıra əməlləri və düşüncə tərzləri sadə Şiə müsəlman əməllərindən bi az fərqləndiyinə görə bəlkə də belə bir adı bu qrupa yalnız onların fərqliliklərini göstərmək məqsədiylə verilə bilər. Məsələn, Xomeyninin düşüncə tərzi indi bir çox dairələrdə “Xomeynism” kimi təqdim olunur. Din və siyasət dünyası öz tarixində dəfələrlə müxtəlif firqə və ya düşüncə cərəyanlarını görüb. Bu cərəyanların tarixdə izləri də qalmaqdadı. Bunlar bəzi hallarda kütləviləşmiş bəzən isə məhdud sayda insan arasında qalıb yaşamiş və yenidən genişlənmişlər. Dini firqə isə siyasi partiyaların olmadığı yerdə insanların siyasi düşüncələrinin üstündə dini düşüncə dayanan zaman meydana çıxır. Xalq eyni fikirləri eşıtməkdən bezdiyi və onu düşündürməyə vadar edən yeni fikirlərin olmadığı zaman dini firqələrin aldadıcı və vəd verici düşüncə toruna düşmək asan olar. Amma indi İranda sadəcə xalq yox elə dini düşüncəni təbliğ edən dini xadimlər və dini tələbələr də bu torlara düşmək üzrədir. Höccətiyyə haqqındakı əvvəlki yazılarda yazmışdıq ki, Şiə məzhəbi bir çox cəhətdən müasirliyə və yeniləşməyə meyilli məzhəblərdən sayılır. Yəni müctəhidlər nə qədər müasirləşırsə Şiə məzhəbi də müasirləşir. Məsələn, İslama görə “kürü”, “şahmat” və “müsiqi” 20 il bundan əvvəl haram sayılırdısa da indi bu barədə fikir tam əks istiqamətdə dəyişib və halal sayılırlar. Bilindiyi kimi bu, Xomeyninin fitvası ilə belə oldu. Halbuki yaranan fərqli firqələr məzhəbdə müasiləşmə yox bəlkə yeni radikal qaydalar meydana çıxarır. Müasirləşmənin öz axarı ilə inkişaf etməsinin qarşısını alır. İndi halda, bir qrup bir tərəfdən hakimiyyəti əlində cəmləşdirib, digər tərəfdən yeniləşmənin və müasirləşmənin, tam desək cəmiyyətin müsbət mənada dəyişməsinin əleyhinə çıxış edir. Bu bir rəsmi firqə olsa da, olmasa da, fakt budur ki, o insanlar qrup şəklində və vahid bir ideya əsasında davranırlar. Bəzi hallarda bunların düşüncə tərzlərinin Höccətiyyə ilə üst üstə düşdüyünü də müşahidə etmək olar. İndiki hakimiyyətin üzvlərinin əksərini bu qrupa aid etmək olar. Hakimiyyətin düşüncə tərzini göstərən bir sıra fəaliyətləri bunu təsdiq edir. Bu qrup əsasən mühafizəkar təbəqə içində fəaliyyət göstərir, amma bəzi mühafizəkar dairələr onları mühafizəkar yox tam fərqli qrup adlandırmaq istəyirlər. Həta bəziləri onlara mühafizəkar adı verdikləri üçün “İslahatçıları” günahlandırırlar. Bu dini liderlərin yuxuları da İrandakı proseslər baxımından maraqlıdır. 2004-cü ildə həm Ayətullah Meşkini, həm Ayətullah Misbah Yəzdi “yuxuda İmami Zamanı gördüklərini” iddia etdilər. Güya, “İmam onlara yeddinci parlamentə seçilən nümayəndələri təsdiq etdiyini” bildirmişdi. Misbahi Yəzdi isə 2004-ci ildə yuxuda görmüşdü ki, “İmami Zaman Mahmud Əhmədinejadi dəstəkləyir”. Əhmədinejad prezidentliyə namizədliyini irəli sürdüyü zaman onun reytinqi həddindən artıq aşağı idii. Amma Misbahi Yəzdi və onun adamlarının Sipah, Bəsic və digər qurumlarda təbliğatı nəticəsində Əhmədinejad prezident vəzifəsinə seçilə bildi. Onlar inanırlar ki, İmami Zamanı müxtəlif qiyafə və müxtəlif yerlərdə hər gün görmək olar. O adətən cavan qiyafədə görünə bilər. Onlar, Quranın Qisas surəsinin 5-ci ayəsinin, Hud surəsinin 86-cı ayəsinin və İnfal surəsinin 60-cı ayəsinin İmami Zamanın zühuru haqqında olduğuna inanırlar. Hətta özlərini İmami Zamanın köməkçiləri bilirlər. Hesab edirlər ki, vəd olunmuş 313 nəfərdən biri və ya İmami Zamanın 10000 nəfərlik ordusunun üzvləridirlər. Bu qrup İmami Zamanın yaxın illər ərzində zühur edəcəyinə inanır və bunun əlamətlərini də Xorasandan gəlmiş olan Seyidin hakimiyyətə gəlməsi (Xatəmi) və Aşura gününün Cuma gününə düşməsi ilə izah edirlər. Əhmədinejadın Cəmkəran sevdası, BMT-dəki çıxışında Allahdan Mehdinin zühur etməsini tezləşdirməsini istəməsi, sonradan “sankı Mehdi o salonda idi və orda olanların hamısının diqqətini bir möcüzə ilə mənə yönəltmışdi ” kimi iddiası və s. göstərir ki, ya Əhmədinejad Höccətiyyə qrupundan olub, ya da Höccətiyyənin onun üzərində təsiri var. Əlbəttə onun ətrafındakılarının çoxunun Həqqanilər olduğu heç kimə sirr deyil və Həqqanilərin Höccətiyyələrlə əlaqələrinin olduğu haqda bəzi şayiələr də mövcuddur. Şübhəsiz bunlar əsasən qənaətlərdir. Amma əsas olan və heç bir şübhə doğurmayan odur ki, əvvəla son zamanlar Höccətiyyə qrupu fəallaşmağa başlayıb. Onun müxtəlif şəhərlərdə bəyanatları yayılır və bəzi rəsmilər bununla əlaqədar təhlükə siqnalları verir. Hakimiyyət daxilində ciddi fikir ayrılıqları var. Bu isə təkcə siyasi fikir ayrılıqları deyil, artıq getdikcə ciddi ideoloji ixtilaflara çevrilib. Bu ixtilaf elə bir həddə çatıb ki, tərəflər bir birini firqəçilikdə ittiham edir. Tarix isə bu cür proseslərin məzhəb toqquşmaları və tərəflərin bir- birini təkfir (kafir elan etməsi) etməsi ilə davam etdiyini deyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar