SON XƏBƏRLƏR

HÖKUMƏT TƏCAVÜZÜN QARŞISINI ALMAĞA QƏRAR VERDİ.Milli, dini, irqi, etnik ədavət yaratmaq istəyən xarici telekanalların Azərbaycanın efir məkanına müdaxiləsinin qarşısı alınacaq

2021.10.20, 07:36
HÖKUMƏT TƏCAVÜZÜN QARŞISINI ALMAĞA QƏRAR VERDİ.Milli, dini, irqi, etnik ədavət yaratmaq istəyən xarici telekanalların Azərbaycanın efir məkanına müdaxiləsinin qarşısı alınacaq

Gunaz.tv
HÖKUMƏT TƏCAVÜZÜN QARŞISINI ALMAĞA QƏRAR VERDİ Milli, dini, irqi, etnik ədavət yaratmaq istəyən xarici telekanalların Azərbaycanın efir məkanına müdaxiləsinin qarşısı alınacaq İ.ABBASOV Srağagün prezident İlham Əliyev "Azərbaycan Respublikasında televiziya yayımının genişləndirilməsi və efir məkanında informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. Sərəncam ölkə ərazisində radio və televiziya verilişlərinin yüksək keyfiyyətli yayımının təmin edilməsi, mövcud yerüstü televiziya yayım sistemlərinin dünya standartlarına uyğunlaşdırılması, eləcə də efir məkanının informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədi ilə imzalanıb. Bu məqsədlə dövlət başçısının Ehtiyat Fondundan 2,5 milyon manat vəsait də ayrılıb. Dövlət başçısının imzaladığı sərəncamı "Turan" informasiya agentliyinə şərh edən Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin sözlərinə görə, adıçəkilən tədbirlər çərçivəsində ilk olaraq köhnəlmiş ötürücülərin müasirləri ilə əvəzlənməsi nəzərdə tutulur ki, bu da yayım keyfiyyətini yaxşılaşdırmağa və onun əhatə dairəsini genişləndirməyə imkan verəcək. Bundan başqa, bu, xarici kanalların verilişlərinin Azərbaycanın efir məkanına müdaxiləsinin qarşısını almağa imkan verəcək ki, bu da ölkənin informasiya təhlükəsizliyi üçün çox vacibdir. N.Məhərrəmlinin sözlərinə görə, yeni texnologiyaların tətbiqi öncə dövlət və ictimai televiziyanın yayım keyfiyyətinə aid olacaq. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ötürücülərindən istifadə edən özəl telekanallar da yayım keyfiyyətlərini yaxşılaşdıra biləcəklər və sairə. Sərəncamda diqqəti cəlb edən ən vacib məqam xarici telekanalların ölkənin efir məkanına müdaxiləsinin qarşısını almaqdır. Hətta analitiklər bu sərəncamı bir qədər gecikmiş də hesab edirlər. Çünki yerləşdiyi məkana görə Azərbaycanın efir məkanına İran, Rusiya, Gürcüstan, Ermənistan və Türkiyə telekanallarının dalğaları rahatlıqla daxil olur. Şərhçilərə görə, xüsusilə Ermənistanla müharibə şəraitində olduğumuzu, İran və Rusiyanın Azərbaycana dost münasibəti bəsləmədiyini nəzərə alsaq, bu ölkələrin Azərbaycanın efir məkanına təcavüzünün qarşısı qısa müddətdə alınmalıdır. Yeri gəlmişkən, "Ayna" qəzetinin ötən şənbə sayında İranın "Səhər" telekanalının Azərbaycanın cənub bölgəsindəki fəaliyyəti barədə qısa şəkildə olsa da məlumat vermişdik. Milli, irqi, dini, hətta məzhəb ədavətini yaratmaqla məşğul olan bu telekanal həm də cənub bölgəsinin sakinlərini Azərbaycanın strateji tərəfdaşları olan ölkələrə qarşı qaldırmaqla da məşğul olur. Ölkənin şimal rayonlarında yayımlanan Rusiya Federasiyasının Dağıstan Respublikasının ayrı-ayrı telekanallarının da fəaliyyəti təxminən eyni qəbildəndir. Habelə Ermənistanın da teleradio kanalları qərb bölgəsinə, Naxçıvan Muxtar Respublikası ərazisinə maneəsiz daxil ola bilir. Bunu nəzərə alan düşmən Ermənistanın "İctimai-2" teleradio kanallarında hətta Azərbaycan dilində proqramlar yayımlanır. Sözsüz ki, bu proqramlarda hiyləgər düşmənin hansı incə məqamlara toxunacağı şübhə yaratmır. Analitiklər hesab edirlər ki, teleməkanda təhlükəsizliyə riayət olunduqdan sonra həm də yerli teleradio kanallarında islahatlar aparılmalıdır. İlk olaraq ucuz əyləncə xarakterli şouların, mənasız teleserialların sayı azaldılmalı, bunun əvəzində telekanallarda intellektual, ictimai-siyasi, sosial xarakterli verilişlər təqdim edilməlidir. Habelə yerli telekanallara seyrçi etimadının artırılması üçün obyektiv və hərtərəfli xəbərlər də təqdim olunmalıdır. Əks təqdirdə acından qarnı quruldayan, haqqı-hüququnun tapdanması hesabına yumağa çevrilmiş şəxs "ölkə çiçəklənir, hər şey əladır" deyəcək heç bir telekanala etimad etməyəcək. Bu halda isə ölkənin informasiya təhlükəsizliyini təmin etmək üçün prezidentin başqa bir sərəncam imzalamasına zərurət yaranacaq... ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar