SON XƏBƏRLƏR

Hökumətin bütün təzyiqlərinə rəğmən ustad Həsən Dəmirçinin 3 mərasimi keçirilib / “İrna” agentliyi ustadın vəfatı ilə bağlı yaydığı xəbəri saytdan silib – GÖRÜNTÜ

2021.10.20, 07:36
Hökumətin bütün təzyiqlərinə rəğmən ustad Həsən Dəmirçinin 3 mərasimi keçirilib / “İrna” agentliyi ustadın vəfatı ilə bağlı yaydığı xəbəri saytdan silib – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: İran hökumətinin yaratdığı bütün manelərə baxmayaraq tanınmış azərbaycanlı fəal, musiqi ustadı mərhum Həsən Dəmirçinin (Həsən Azərbaycan) 3 mərasimi keçirilib.

 

İyunun 27-də Təbrizin “Cavad-ul Əimmə” məscidində keçirilən mərasimdə, dəfn mərasimində olduğu kimi böyük izdiham yaşanıb.

 

Mərasimdə mərhumun yaxınları və sevənləri ilə birlikdə Güney Azərbaycanın müxtəlif məntəqələrindən gələn çox sayda milli-mədəni fəal iştirak edib.

 

 

 

Bazar günü Təbrizin “Ali nəsəb” xəstəxanasında vəfat edən ustad Həsən Dəmirçinin dəfn mərasimi iyunun 25-də keçirilib. Ettelaat İdarəsi azərbaycanlı fəalların mərasimə qatılmaması üçün bir çox manelər yaratdı. Hətta mərasimə qatılmaq üçün Tehrandan Təbrizə gəlmək istəyən Əkbər Azad, Həsən Raşidi, Behnam Şeyxi, Turan Hejəbri və onun həyat yoldaşı Bəhram kimi tanınmış fəallar Zəncanda Ettelaat əməkdaşları tərəfindən saxlanıldı və onların mərasimə qatılması mümkün olmadı.

 

Ettelaat mərhum ustadın 3 mərasiminin Təbrizin Tubaiyyə məscidində keçirilməsinə də mane oldu. Məhz bu səbəbdən mərhumun ailəsi mərasimi “Cavad-ul Əimmə” məscidində keçirməyə qərar verdi. Ettelaat əməkdaşları mərasimin böyük Tubaiyyə məscidində keçirilməsinin qarşısını almaq məqsədi ilə “Bəhmən” çapxanasına müraciət edərək mərasimlə bağlı hazırlanan bildiriş vərəqələrini götürüb və zəbt etdilər.

 

Bütün bunlara baxmayaraq ustad Həsən Dəmirçinin dəfn və 3 mərasimi azərbaycanlılar tərəfindən yüksək səviyyədə keçirildi.

 

Bu arada “İrna” xəbər agentliyi ustad Həsən Dəmirçinin vəfatı ilə bağlı yaydığı xəbəri saytından silib. İyunun 24-də yayılan xəbərdə Şərqi Azərbaycan valisinin təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Rəhim Şöhrətifər ustadın ölümü ilə bağlı onun ailəsi və incəsənət camiəsinə başsağlığı verib, mərhum Həsən Dəmirçinin Azərbaycan incəsənətinin tanınmış simalardan biri olduğunu demişdir.

 

 

Təəəssüflər olsun ki, bu xəbər qısa müddət sonra naməlum səbəbdən “İrna” xəbər agentliyinin saytından silinib. Azərbaycanlı internet istifadəçiləri xəbər agentliyinin bu hərəkətini Azərbaycana qarşı düşmənçilik kimi qiymətləndirirlər.

 

 

Mərhum Həsən Dəmirçi vəfatından bir gün sonra iyunun 25-də Təbrizdə “Vadi rəhmət” qəbiristanlığında dəfn olunub.

 

Həsən Dəmirçi 1941-ci ildə Təbrizdə dünyaya göz açıb. O şair, yazıçı və musiqi ustadı kimi bütün ömrünü vətəni Azərbaycan, onun musiqisi və ictimai-siyasi məsələlərinə həsr etmişdir. Azərbaycan türk milləti bu xidmətlərinə görə ona “Həsən Azərbaycan” ləqəbi verib.

 

Mərhum Həsən Dərmirçi Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalmışdır.

 

N.S

  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar