SON XƏBƏRLƏR

Hökumətin Qərbi Azərbaycan aşıqlarına laqeyd münasibəti tənqidlərə səbəb olub

2021.10.20, 07:36
Hökumətin Qərbi Azərbaycan aşıqlarına laqeyd münasibəti tənqidlərə səbəb olub

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycan İncəsənət Qurumunun rəisi məsulların əyalət aşıqlarına laqeyd münasibətini tənqid edərək bildirib ki, bu yanaşma incəsənət xadimləri, xüsusi ilə də aşıqların ölkə üzrə tanınmasına mane olur.

 

Bu barədə Əhəd Huşmənd şənbə günü “İsna” xəbər agentliyinə danışıb.

 

“Aşıq musiqisi Urmiyənin qeyri-maddi mədəni irs siyahısına daxildir. Bu, incəsənət sahəsində yeganə musiqidir ki, Urmiyə adına milli siyahıya alınıb. Aşıq musiqisi, folklor musiqisi hesab olunur. Bu musiqi ustad aşıqlar vasitəsi ilə nəsildən-nəsilə ötürülüb.

Hazırda Qərbi Azərbaycan Əyalətində təxminən 100 ustad aşıq var. Onlar əsasən Urmiyə, Makı, Salmas, Sulduz, Qoşaçay və Xoy şəhərlərində fəaliyyət göstərir. Urmiyədə türkcə folklor dastanlarının mərkəzi kimi, əhali arasında 30-dan çox dastan olub, lakin onlar qeydə alınmadığı üçün artıq unudulub. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, aşıq sənətinə xüsusi diqqət yetirilməlidir”- deyə o bildirib.

 

Ə.Huşməndin sözlərinə görə, hökumətin incəsənət sahəsinə olan  laqeyd münasibəti bölgənin turizm sənayesinə də mənfi təsir göstərir.

 

“Şair, arif və incəsənət xadimlərinin qəbirlərində təmir-bərpa işlərinin aparılması bölgənin turizm sahəsinə və nəticə etibarı ilə iqtisadiyyatına müsbət təsir edir. Təəssüflər olsun ki, bu sahədə heç bir iş görülmür, bunun nəticəsində əyalətin incəsənət xadimləri, xüsusi ilə də aşıqları ölkə səviyyəsində tanınmır. Halbuki biz daxili və xarici turistlər cəlb etmək üçün bütün imkanlardan istifadə etməliyik. Aşıq musiqisini təbliği bölgəyə turist cəlb etməkdə böyük rol oynaya bilər. Lakin bu musiqi nəin ki xaric ölkələrdə, hətta ölkə daxilində belə tanınmır”- deyə o bildirib.

 

Qərbi Azərbaycan İncəsənət Qurumunun rəisi sözlərinin sonunda təmsil etdiyi qurumun aşıq musiqisi ilə bağlı iki festival keçirdiyini xatırladaraq bildirib ki, maliyyə məsələsi öz həllini tapacağı təqdirdə cari ilin ikinci yarısında Urmiyədə beynəlxalq aşıqlar festivalı keçiriləcək.

 

Bütün türk dünyasında aşıq adı ilə tanınan saz-söz adamları türk millətinin qədim mədəniyyəti və ənənələrinin qorunub saxlanılmasında hər zaman böyük rol oynayıblar. İran rejiminin aşıq musiqisinə olan düşəmçiliyi onların Azərbaycan və türklərin milli kimliyinə verdikləri böyük töhfə ilə bağlıdır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar