SON XƏBƏRLƏR

"Ukraynanın işğalı digər dövlətlər üçün də təhlükəlidir"-Məhsa Mehdili

2022.03.11, 08:43
"Ukraynanın işğalı digər dövlətlər üçün də təhlükəlidir"-Məhsa Mehdili

Gunaz.tv

"Ukrayna xalqı Rusiyaya qarşı sərgilədiyi dirənişlə vətənə və demokratik dəyərlərə sahib çıxmağın nə qədər dəyərli olduğunu bölgə xalqlarına öyrətdi"-Məhsa Mehdili belə deyib.

Onun fikrincə, Rusiyanın hücumu sadəcə Ukraynanın ərazisinə qarşı deyil, eyni zamanda xalqın iradəsi və demokratiyanın yerləşməsinə qarşı bir işğalçı hərəkətdir.

“Rusiyanın bu işğal hərəkəti əslində Sovetlər Birliyi dağıldıqdan sonra müstəqilliyini qazanmış ölkələrdə xalqın iradəsi, demokratik sistemlərin qurulması, yerləşməsi və güclənməsinə qarşı bir işğal hərəkətidir.

Millətə qarşı bir işğal hərəkətidir. Yəni sadəcə torpaq işğalı deyil. Rusiya öz qonşuluğunda demokratik dəyərlərə bağlı sistemlərin qurulmasını istəmir"- deyə, o bildirib.

Ukraynada müharibə başlayandan bəri 2 milyona yaxın insan ölkədən qaçdığını vurğulayan Məhsa Mehdilinin sözlərinə görə, bu bədəli Ukrayna ödəyir, ancaq bu işğal hərəkətinin təhlükəsi sadəcə Ukraynaya deyil:

"Ukraynanın işğalı Sovetlər Birliyinin dağılmasından sonra yenidən müstəqilliyini qazanan millətlər və dövlətlər üçün ciddi bir təhlükədir"

Siyasi şərhçi Ukrayna xalqının dərs mahiyyətində olan bir dirəniş sərgilədiyini vurğulayır:

“Rusiya Ukraynada böyük bir dirəniş və müqavimətlə qarşı-qarşıya qaldı. Ukraynada işğala qarşı sərgilənən o dirəniş həqiqətən də vətənə, seçilmiş dövlətə və demokratik dəyərlərə sahib çıxmaq baxımından dünyada bir örnəkdir.

Bu əslində Ukraynalıların bu savaşda nə qədər haqlı olduğunu göstərdi. Ukrayna xalqı yalnız buraxılmasına rəğmən, nəhəng görünən və ya göstərilən o gücə əli yalın qarşı çıxması ilə bizlərə də bir dərs keçdi.

Ukrayna xalqı həm öz adına böyük bir tarix yazdı, həm də bölgə xalqları üçün bir umud və bir güc qaynağı göstərdi ki, müstəqilliyini və dəyərlərini hətta Rusiyaya qarşı müdafiə edə bilərsən".

Məhsa Mehdili İran İslam Respublikasının mövqeyinə diqqət çəkib.

“İran beynəlxalq normalar və qanunlara bağlı olmadığını və bu normaları nə qədər ayaqladığını Ukrayna məsələsində də göstərdi. Beynəlxalq normalarda bir ölkə öz hərbi güclərini icazə almadan başqa bir ölkənin içinə soxa bilməz. Bu bir işğal hərəkətidir. Artıq hər kəs bununla həm fikirdir"-deyə, o,bildirib. 

Şərhçi hesab edir ki, İran hər zaman demokratik gücləri əzənlərin yanında olub

"İran prezidenti elə işğalın ilk gecəsi Putinə bir dəstək telefonu açdı. İranın bu baxışını Suriya məsələsində də gördük. Demokratik gücləri əzən Əsədin yanında durdu.

Yəni, İran bölgədə demokratik sistemlərin qurulması və işləyişinə qarşı işğalçılara və diktatorlara dəstək verməyi tərcih edir.

Putin Ukraynaya hücumundan öncəki danışıqlarında o bölgələrin Rus imperiyası və qədim Rus torpaqları olduğunu iddia etmişdi. İran sisteminin də mahiyyəti budur.

Baxın, İranşəhri düşüncəsinə sahib olanlar haradasa dünyanın neçə bucağına ora İran idi deyirlər. Bu, eyni psixologiyadır"-Məhsa Mehdili belə deyib.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar