SON XƏBƏRLƏR

Hüquqşünas İlqar Altay Rafiq Tağının qətli ilə bağlı İranda araşdırma aparıb

2021.10.20, 07:36
Hüquqşünas İlqar Altay Rafiq Tağının qətli ilə bağlı İranda araşdırma aparıb

Gunaz.tv

GünAz TV: Hüquqşünas İlqar Altay Cavad Lənkəraninin Qumdakı ofisində gördüklərini ilk dəfə “Yeni Müsavat”a danışıb.

 

İctimai Təhqiqat Mərkəzinin rəhbəri, hüquqşünas İlqar Altay noyabrın (November) 19-da naməlum şəxs tərəfindən bıçaqlanan və 4 gün sonra müalicə olunduğu xəstəxanada müəmmalı şəkildə vəfat edən yazıçı Rafiq Tağının işi ilə bağlı İranda araşdırma aparıb. Bu barədə “Yeni Müsavat”a İlqar Altay özü məlumat verib.  

 

İ.Altay dedi ki, noyabrın 28-də İrana səfərinin məqsədi qonşu ölkədəki ictimai-siyasi vəziyyəti, Azərbaycana olan ictimai-siyasi təhdidlərin mənbəyini, Güney Azərbaycandakı soydaşlarımızın durumunu öyrənmək və oradakı fəallarla görüşmək olub. Səfərinin beş gün davam etdiyini deyən İ.Altay bildirdi ki, R.Tağının bıçaqlanması və sonra xəstəxanada ölməsi onu bu məsələni də araşdırmağa sövq edib: “Rafiq Tağının ölümü bu səfərlə üst-üstə düşdü. Ona sui-qəsd olanda əsas şübhələr İran üzərində cəmləndi. Buna da səbəb onun İslama qarşı, İran əleyhinə müəyyən çıxışları olmuşdu. Olaydan sonra isə ayətullah Fazil Lənkəraninin oğlu Cavad Lənkərani müsəlmanlara təbrik yollamışdı. Öncə o fitvanın mənbəyi ilə maraqlındım. Rafiq Tağının ölümünə fitva verən ayətullah Fazil Lənkərani İranda çox böyük nüfuz sahibidir. O, dünyasını dəyişəndən sonra oğlu Cavad Lənkərani onun vəzifəsini tutur. Onların ofisləri Tehranda olsa da, özləri İranın dini mərkəzi olan Qum şəhərində yaşayırlar. Əvvəlcə Tehrandakı ofisə getdim. Noyabrın 30-da isə səhər saat 11-də Quma getdim və onların ofisində oldum. Oradan bildirdilər ki, ayətullah Cavad Lənkərani Məşhəddədir. Ofisdən onunla əlaqə saxladılar. Cavad Lənkərani bildirdi ki, ofisində onun dəftərxana müdiri Höccətülislam Əhməd Xudai ilə görüşüm. O da axunddur. Dəftərxananın müdiri 4 il Azərbaycanda, 8 il Rusiyada Xomeneyinin nümayəndəsi olub. O, Lənkəranidən soruşmaq istədiyim suallara cavab verdi. Fitva və təbrik müraciəti ilə bağlı maraqlı məsələlər açıqladı. Verilən fitva ilə onun icrası arasında İslam dinində hansı əlaqənin olduğunu, onun icrasının vacibliyini aydınlaşdırdım. Dedilər ki, fitva vermələri vəzifə borclarıdır. Fitvanın icrasını isə bütün müsəlmanlara yolladıqlarını bildirdilər. Fitva icra olunarsa, ona haqq qazandırılır. Mənə Rafiq Tağı kimisinin ölümünün müsəlman dünyası, İslam qaydaları üçün vacib olduğunu söylədilər. Bildirdilər ki, Rafiq Tağı müsəlman ola-ola İslam dininə həqarət edib. Amma fitvanın icra olunması məsələsinin üzərində dayanmadılar. Fitvanın icrasının təşkilinə baxmadıqlarını, sadəcə fitva verdiklərini və kim icra etsə onu alqışladıqlarını qeyd etdilər”.

 

Hüquqşünas dedi ki, orada Cavad Lənkəraninin R.Tağının ölümü ilə bağlı təbrik məktubu yaymasında müəyyən fikir ayrılığı olduğunu müşahidə edib: “Cavad Lənkəraninin Rafiq Tağının ölümü ilə bağlı müsəlmanlara ünvanladığı təbrik məktubu ilə bağlı onlar tərəddüd edirlər. Bu təbrik ruhanilər arasında çaşqınlıq yaradıb, bəyənənlər də, bəyənməyənlər də olub”.

 

İ.Altay dedi ki, ofisdəkilər Cavid Lənkərani ilə telefon əlaqəsi yaradarkən ayətullah bildirib ki, hüquqşünasın suallarına e-mail vasitəsi ilə cavab verəcək: “Mən də Rafiq Tağının işi ilə bağlı 5 sual yazdım və ofisə təqdim etdim. Bildirdim ki, dekabrın 5-nə kimi cavab gözləyəcəyəm. Cavab gəlməsə, dəftərxananın müdirinin dediklərini mətbuata açıqlayacağam”.

 

Suallara hələlik cavab almadığını deyən İ.Altay əlavə etdi ki, Lənkəraninin Qumdakı ofisinin girəcəyində Rafiq Tağının şəkli var və onun haqqında fars dilində böyük bir yazı asılıb: “Tehranda o yazını tərcümə etdilər. Orda Rafiq Tağının İslam dininə qarşı çıxdığı qeyd olunub. Həmin yazı Rafiq Tağı haqqında yazılar, onun ölümünə fitva verilməsi haqdadır. Bu yazılar ora gələn müsəlmanlar üçündür”.

 

İ.Altay R.Tağının şəkili olan həmin yazının bir neçə il öncə oradan asıldığını dedi. İ.Altay İrandakı araşdırmaları ilə bağlı yaxın günlərdə mətbuat konfransı keçirəcəyini də söylədi.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar