SON XƏBƏRLƏR

İlkin təhqiqatlar İranın BƏƏ yaxınlığında gəmilərə edilmiş hücumda əli olduğunu göstərir

2021.10.20, 07:36
İlkin təhqiqatlar İranın BƏƏ yaxınlığında gəmilərə edilmiş hücumda əli olduğunu göstərir

Gunaz.tv

GünAz TV: “Associated Press”, “Reuters”, “CBC” və “Wall Street Journal” kimi müxtəlif media qurumları amerikalı rəsmilərdən birinə istinadən ilkin araşdırmaların İranın və ya ona bağlı yaraqlıların Birləşmiş Ərəb Əmirliyi yaxınlığında gəmilərə edilmiş hücumda əli olduğunu göstərdiyi barədə məlumat yayımlayıblar.

 

Adı açıqlanmayan rəsminin “Associated Press”ə dediklərinə görə, gəmilərdəki iri dəliklər onlarda partlayış baş verdiyini göstərir.

 

Media qurumlarının məlumatına əsasən, “Əl-Füceyrə” limanı yaxınlığında baş vermiş bu hücumun detallarını araşdırmaq üçün amerikalı bir qrup hərbi ekspert hadisə yerinə göndərilib.

 

Digər adının açıqlanmasını istəməyən amerikalı rəsmi “Reuters”ə “bu hücumun İranın həyata keçirdiyi hücum formaları ilə eyniyyət təşkil etdiyi”ni deyib.

 

Xatırladaq ki, BƏƏ mayın 12-də bu ölkənin “Əl-Füceyrə” limanında 4 ticari gəminin təxribatçı hücuma məruz qaldığı və hadisə nəticəsində ölən və yaralananın olmadığı barədə məlumat yaymışdı.

 

Bu məlumatın rəsmi Əbu-Dabi tərəfindən yayılmasından bir neçə saat öncə İran media orqanları İranın maliyyələşdirdiyi “Əl-Məyadin” telekanalına istinadən “Əl-Füceyrə” limanında 7 və ya 10 gəmidə partlayış baş verdiyi barədə xəbər dərc etmişdilər.

 

Mayın 13-də Səudiyyə Ərəbistanının Neft Naziri hücumlar nəticəsində zərər görən iki tankerin bu ölkəyə məxsus olduğunu bildirmişdi.

 

BƏƏ-nin rəsmi açıqlamasına görə, 2 Səudiyyə gəmisindən başqa, Norveçə məxsus 1 gəmi və Şarja əmirliyinin 1 tankeri də hücuma məruz qalıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar