SON XƏBƏRLƏR

Milli fəal Əlirza Fərşiyə yenidən həbs və şallaq cəzası verilib

2022.08.30, 17:17
Milli fəal Əlirza Fərşiyə yenidən həbs və şallaq cəzası verilib

Gunaz.tv

Bununla bağlı qərarı Tehranın Fəşafuyə Baş Məhkəməsinin 101-ci cinayət bölməsi çıxarıb.

İslami Cəza Qanununun müxtəlif maddələri ilə yenidən ittiham olunaraq barəsində həbs və şallaq qərarı çıxarılan Fərşinin cəzalandırılmasına onun bundan öncə zindanda baş verən qanunsuzluqları ictimailəşdirməsi səbəb olub.

Əlirza Fərşi və onunla eyni bölmədə saxlanılan başqa siyasi məhbuslar 2021-ci il sentyabrın 28-də ağır cinayətlərdə ittiham olunan təhlükəli məhkumlar tərəfindən hücuma məruz qalmışdı.

İnsidentdən sonra siyasi məhbuslar aldıqları bədən xəsarətlərinə görə zindanın tibb məntəqəsinə, oradan isə dini mərasimlərin keçirildiyi bölməyə, daha sonra isə 9-cu palataya köçürülmüşdülər.

Əlirza Fərşi və başqa 8 məhbus baş verənlər barədə açıq məktub yazaraq zindanda onlara qarşı basqılara, cəza olaraq bölmələrinin dəyişdirilməsinə etirazlarını bildirmişdilər.

"Biz bu məktubu imzalayanlar həbsxana rəhbərliyinin fırıldaqçı, qərəzli və ədalətsiz davranışlarını pisləyir, bu insanlar tərəfindən bizə qarşı ağ işgəncələrə son qoyulmasını tələb edir və bütün insan haqları təşkilatlarını durumumuzla tanış olmaq üçün zindana baxış keçirmələrini istəyirik"-deyə, məhbuslar insan haqları təşkilatlarını zindanı ziyarət etməyə çağırmışdılar.

İranda məhbusların ittihamlarına görə təsnifatlandırılması və yerləşdirilməsi qanunu icra edilmədiyi üçün ağır cinayət törətmiş müttəhimlərlə siyasi məhbuslar bir yerdə saxlanılır.

İran hökuməti və zindan rəhbərliyi bu vasitə ilə siyasi məhbuslara basqı göstərir, istənilən zaman onlara qarşı sui-qəsd törədir. 

Əlirza Fərşi 2014-cü ilin iyul ayının 21-də Tehran şəhərində beynəlxalq ana dili günü mərasimində iştirak etdiyi üçün digər milli fəallar ilə birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb, neçə gün saxlanıldıqdan sonra müvəqqəti olaraq məhkəmə iclasına qədər sərbəst buraxılmışdı.

Ə.Fərşi 2016-cı ildə, Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən "İranın milli təhlükəsizliyini pozmaq qəsdi ilə qruplaşmada iştirak etmək" ittihamı ilə 15 il həbs və İranın güneyində yerləşən Xuzistan vilayətində iki il sürgün həyatı keçirmə cəzasına məhkum edilib.

Bu cəza, daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri olan hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.

Nəhayət 2020-ci ilin iyul ayının 21-də bu milli fəal yaxalanıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülüb. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar