SON XƏBƏRLƏR

İngiltərəli mütəxəssislər Ərak reaktorunu modernləşdirmək üçün İrana səfər ediblər

2021.10.20, 07:36
İngiltərəli mütəxəssislər Ərak reaktorunu modernləşdirmək üçün İrana səfər ediblər

Gunaz.tv

GünAz TV: Britaniyanın Tehrandakı səfirliyi bir qrup ingiltərəli mütəxəssisin Ərak ağır su reaktorunu modernləşdirmək üçün İrana səfər etdiyi barədə məlumat yayıb.

 

Səfirliyin yaydığı bəyanatda qeyd edilir ki, İngiltərə baş elmi müşaviri, professor Robin Grimesin rəhbərlik etdiyi expertlər çinli mütəxəssislərlə birlikdə Ərak reaktorunun modernləşdirilməsinin növbəti mərhələsini həyata keçirtmək istiqamətində ötən gün Tehrana gəliblər.

 

Mütəxəssislərin İranın Atom Enerjisi üzrə Agentliyilə reaktor tikintisilə bağlı texniki yardım göstərilməsi üzrə danışıqlar aparacaqları gözlənilir. İngiltərəli qrup bu ölkədə 3 gün qalacaq.

 

“Bu səfər Hərtərəfli Birgə Fəaliyyət Planının İran və razılaşmanı imzalayan digər ölkələrə təmin etdiyi mənfəətləri əməli formada tətbiq etmək və öz öhdəliklərimizdən bir qismini icra etmək üçün həyata keçirilib. Biz üzərimizə götürdüyümüz öhdəliklərə uyğun olaraq, İranın dinc nüvə proqramının modernləşdirməsinə kömək etmək üçün Ərak ağır su reaktorunun yenilənməsi istiqamətində İran tərəfi ilə əməkdaşlıq edirik. Bu sahədə etdiyimiz əməkdaşlıq ötən il ərzində mühüm inkişaf və dəyişikliyə səbəb olub”,- deyə səfirliyin məlumatında qeyd edilir.

 

Xatırladaq ki, İran 2015-ci ildə, 5+1 formatında imzalanan nüvə razılaşması çərçivəsində Ərak ağır su reaktorunun əsas hissəsini ləğv etmiş və onun üzərini sementlə bağlamışdı. Qarşılığında Qərb İrana qarşı qəbul etdiyi nüvə sanksiyalarını ləğv etmiş, eləcə də sözügedən reaktorun modernləşdirilməsi istiqamətində üzərinə öhdəlik götürmüşdü.

 

Lakin 2018-ci ilin may ayının 8-də Amerika Birləşmiş Ştatlarının İrana qarşı yenidən nüvə sanksiyalarını qaytarmaqla razılaşmadan çıxması tərəflər arasında yenidən fikir ayrılıqlarına səbəb olub. Razılaşmanı imzalayan digər ölkələr- Britaniya, Çin, Rusiya, Fransa və Almaniya onu qoruyub saxlamağa çalışsa da, rəsmi Vaşinqton İranın üzərinə götürdüyü öhdəlikləri ilk gündən pozduğunu və 2015-ci il anlaşmasının naqis olduğunu əsas gətirərək, yeni razılaşma əldə edilməsinin zəruri olduğu qənaətindədir.

 

Ə.A

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar