SON XƏBƏRLƏR

İnsan hüquqları üzrə ekspertkər güney azərbaycanlı alimin dərhal azadlığa buraxılmasını tələb edib

2021.10.20, 07:36
İnsan hüquqları üzrə ekspertkər güney azərbaycanlı alimin dərhal azadlığa buraxılmasını tələb edib

Gunaz.tv

GünAz TV: Birləşmiş Millətlər Təşkilatının (BMT) insan hüquqları üzrə ekspertləri İrandan koronavirus təhlükəsi ilə əlaqədar əqidə və siyasi məhbuslar, eləcə də xarici və ikili vətəndaşlığı olan məhbusların müvəqqəti sərbəst buraxılmasını tələb ediblər.

 

Ekspertlərin azadlığını tələb etdikləri məhbuslar arasında İsveç vətəndaşlığı olan təbrizli alim Prof. Dr. Məhəmmədrza Cəlalinin də adı var.

 

Bu barədə yayılan bəyanatda bütün tələblərə baxmayaraq bu günədək Ə.Cəlalinin sərbəst buraxılmadığına etiraz edilib.

 

Ekspertlərin hazırladığı hesabatda azərbaycanlı alimin 16 məhbusla birlikdə saxlandığı qeyd olunub. Bildirilib ki, Ə.Cəlali bundan əvvəl ağır xəstəliklərə düçar olub. O koronavirusa yoluxarsa, böyük problemlərlə üzləşə bilər.

 

Məhkəmə prosesinin ədalətsiz keçirildiyini vurğulayan ekspertlər İran rejimini Ə.Cəlalinin dosyesinə yenidən baxmağa çağırıblar. Bildirilib ki, məhkəmə prosesində özbaşınalığa yol verildiyi sübut olunarsa, o dərhal azadlığa buraxılmalıdır.

 

Ə.Cəlali İranda “Mossad”a casusluq ittihamı ilə edama məhkum olunub və hazırda Tehranın Evin zindanında həbsdədir. Alim özünə qarşı irəli sürülən ittihamı dəfələrlə rədd edib, ittihamın heç bir əsası olmadığını bildirib. Deyilənlərə görə, o Avropa ölkələrinə qarşı “Sepah”ın casusluq projelərinə qatılmaqla bağlı təklifi rədd etdiyi üçün rejimin qəzəbinə tuş gəlib.

 

Təbriz şəhərində dünyaya göz açan Ə.Cəlali İranda tibbi universitetində təhsilini başa vurduqdan sonra bir müddət Təbii Fəlakətlər Mərkəzində çalışıb. O 2009-cu ildə təhsilini davam etdirmək üçün İsveçə gedib. Təbii fəlakətlər üzrə doktorluq dərəcəsini İsveçin Karolinska İnstitutundan alan Ə.Calali həyat yoldaşı və iki övladı ilə birlikdə İsveçdə qalmalı olub, o İtaliya və Belçika kimi ölkələrdə elmi-tədqiqat müəssisələrində də çalışıb.

 

Ə.Cəlali 2016-cı il aprelin 24-dən Tehranın Evin zindanında həbsdədir. O Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdiyi zaman saxlanılıb. Onun bu müddətdə vəkili ilə əlaqəsinə çoxlu məhdudiyyətlər qoyulub. Azərbaycanlı alim həbsdə qaldığı müddətdə ona olan təzyiqlər, hüquqi vəziyyəti və vəkili ilə görüşünə qoyulan məhdudiyyətlərə görə aclıq aksiyası da keçirib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar