SON XƏBƏRLƏR

İRAN AVROPA BANKLARINDAN ÇIXARDIĞI PULLARI AZƏRBAYCANA YÖNƏLDƏ BİLƏR

2021.10.20, 07:36
İRAN AVROPA BANKLARINDAN ÇIXARDIĞI PULLARI AZƏRBAYCANA YÖNƏLDƏ BİLƏR

Gunaz.tv
İRAN AVROPA BANKLARINDAN ÇIXARDIĞI PULLARI AZƏRBAYCANA YÖNƏLDƏ BİLƏR 3922.jpg Qubad İbadoğlu: “İstənilən halda bu vəsaitin Avropadan Asiyaya doğru hərəkət edəcəyinə şübhəm yoxdur” İranın Avropa Birliyi ölkələrinin banklarındakı valyuta aktivlərinin əksəriyyətini təşkil edən 75 milyard dolları çıxararaq müxtəlif dövlətlərin banklarına yerləşdirməsi diqqəti bu ölkənin indən sonra atacağı addımlara yönəldib. Xatırladaq ki, bir qədər əvvəl İsveçrənin UBS və “Credit Suisse”, Almaniyanın “Deutsche Bank” və “Commerzbank”, daha sonra Fransanın “BNP Paribas” bankları İranın ən böyük “Mille”, “Mellat” və “Sederat” bankları ilə bütün əməliyyatları dayandırıb. Həyata keçirdiyi nüvə proqramı və uranın zənginləşdirilməsi ilə bağlı işləri dayandırmaq niyyətində olmayan, buna görə də Qərbin ticari, iqtisadi, maliyyə və siyasi sanksiyalarının sərtləşəcəyini bilən rəsmi Tehran bu minvalla Avropadakı pullarını “dondurulma”dan xilas etmək üçün qabaqlayıcı addımlar atıb. Çıxarılan vəsaitin böyük qismi Asiya və Afrikanın kiçik və orta banklarındakı hesablar arasında paylanıb, bir qismi qızıla döndərilib, bir qismi də qiymətli kağız və istiqrazlara yatırılıb. İranın bank dairələrindəki mənbələrin “The Tehran Times”, “Həmşəhri” və “Keyhan” qəzetlərinə verdiyi açıqlamalara görə, ölkə prezidenti Mahmud Əhmədinejadın göstərişi ilə Avropa banklarından çıxarılan pulların Asiya və Afrika ölkələri ilə yanaşı, Türkiyə, Yaxın Şərq və postsovet məkanı ölkələrinin banklarına yatırılacağı gözlənilir. “Əsas diqqət İrana qonşu ölkələrə veriləcək. Rusiya, Azərbaycan və Türkiyə ilə bağlı variantları nəzərdən keçiririk”- deyə İranın ən böyük banklarından biri olan “Sədarət”dəki mənbə “Baztab”a bildirib. Adıçəkilən dövlətlərin dünya maliyyə-bank sistemi ilə inteqrasiyası güclü, Qərb ölkələri ilə maliyyə təmasları isə sıxdır. Ən başlıcası odur ki, Azərbaycan, Rusiya və Türkiyə ABŞ və Avropa Birliyinin bütün təzyiqlərinə rəğmən İrana qarşı maliyyə, ticari, iqtisadi və siyasi sanksiyalara qoşulmayıb. Sadəcə bir fakt: İranın ən böyük “Bank Melli” bankının hər üç ölkədə nümayəndəlikləri var. Bu baxımdan AB-dəki bankların depozit hesablarından çıxarılan və ya qiymətli kağızlarla istiqrazlara yatırılmış vəsaitlərin nağd pula döndərilən hissəsinin bir qisminin Azərbaycana da gəlişi mümkündür. İlkin hesablamalara görə, ilin sonunadək İranın Azərbaycana yönəldəcəyi maliyyə axınının həcmi 3 milyard dollara çata bilər. İqtisadçı-ekspert Qubad İbadoğlu deyir ki, bu, kifayət qədər böyük məbləğdir və Azərbaycan banklarının belə depozitləri qəbul etməkdə müəyyən çətinlikləri ola bilər: “Çünki depozitlərin qəbul edilməsi onların idarə olunması ilə bağlı tələb və öhdəlikləri artırır. Güman edirəm ki, bu, sadəcə, bir mesajdır ki, ayrı-ayrı ölkələr Avropa banklarının İrana qarşı sanksiyalarına qoşulmasın. İstənilən halda bu vəsaitin Avropadan Asiyaya doğru hərəkət edəcəyinə şübhə yoxdur. Vəsaitlər bölüşdürülüb Asiya ölkələrinin maliyyə və bank bazarında yerləşdiriləcək”. İran Milli Bankının Azərbaycanda çoxdan işlədiyini deyən iqtisadçı bildirdi ki, sözügedən qurum müəyyən şəbəkəyə malikdir: “Bu bank İranın ən böyük bankı hesab edilir. Ola bilər ki, həmin bank Azərbaycanda fəaliyyətini genişləndirsin. Yəni onun öz nizamnamə kapitalını artırması, fəaliyyətini genişləndirməsi, bu bankın valyutası ilə həmin vəsaitlərin müəyyən investisiyalara yönəldilməsi ehtimalı ola bilər. Amma 3 milyard dollar səviyyəsində vəsaitin yönəldilməsinə inanmıram”. Q.İbadoğlu bildirdi ki, bütövlükdə götürəndə İran Milli Bankının birdən-birə böyük kapitalla Azərbaycan bank bazarında iştirak etməsi heç ölkə üçün də o qədər arzuolunan deyil: “İran Milli Bankı vəsaitləri daha çox müxtəlif ölkələrdə olan filiallarına köçürəcək. Bu baxımdan Azərbaycana da vəsait gələ bilər. Lakin bu qədər böyük vəsaitin gələcəyinə və yaxud banklarda yerləşdiriləcəyinə inanmıram”. Ekspertin sözlərinə görə, Qazaxıstan və Rusiya ilə müqayisədə bu gün Azərbaycan banklarının potensialı o qədər də yüksək görsənmir: “Son illər Azərbaycanda bank kapitalı daha da genişlənib. Bütövlükdə mən Azərbaycan bank kapitalının bu kimi böyük məbləğləri qəbul etməsinə, o cümlədən yerləşdirməsinə hazır olduğunu deyə bilmərəm”. LEYLA musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar