SON XƏBƏRLƏR

İRAN AZƏRBAYCANA QARŞI İNFORMASİYA MÜHARİBƏSİ APARIR

2021.10.20, 07:36
İRAN AZƏRBAYCANA QARŞI İNFORMASİYA MÜHARİBƏSİ APARIR

Gunaz.tv
İRAN AZƏRBAYCANA QARŞI İNFORMASİYA MÜHARİBƏSİ APARIR Cənub bölgəsində yayımlanan "Səhər" telekanalının "Kompas" proqramında bir saat ərzində ölkəyə separatçılıq toxumu səpilib İdrak ABBASOV "Mən kasıb yaşayıramsa, sosial-iqtisadi, siyasi hüquqlarım tapdanırsa, deməli, bu, milli mənsubiyyətimdən və ya hansısa bölgədən olmağımla bağlıdır". Çox təəssüf ki, bu gün çoxsaylı azərbaycanlı bu fikirdədir. Belə bir təhlükəli fikrin formalaşdırılması üçün həm ölkə daxilində, həm də xaricində canfəşanlıq edənlərin sayı-hesabı yoxdur. İyunun 24-də "Tolışi sədo" ("Talışın səsi") qəzetinin baş redaktoru Novruzəli Məmmədov və qəzetin əməkdaşı Elman Quliyev vətənə xəyanətdə və İran kəşfiyyatı ilə bağlılıqda ittiham edilərək Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin qərarı ilə müvafiq olaraq 10 və 6 il müddətinə azadlıqdan məhrum edildilər. Qapalı keçirilən məhkəmə prosesi cəmiyyətə də qapalı saxlanıldı. N.Məmmədovun və E.Quliyevin əslində və konkret nəyə görə cəzalandırılması sirr olaraq saxlanıldı. Sözsüz ki, bu qapalılıq bəzi qüvvələr, o cümlədən üzdə Azərbaycana dost olduğunu nümayiş etdirən, əslində isə Azərbaycanın dostu olmadığını əməlləri ilə sübut edən İran İslam Respublikası tərəfindən məharətlə istifadə edildi. "Tolışi sədo"çuların həbsindən bir həftə sonra İranın "Səhər" telekanalının "Kompas" proqramı düz bir saat ərzində Azərbaycan hökumətinin "talışlara etdiyi zülm"dən söz açdı. Hollandiyada yaşayan Əlikram Hümbətovun "Tolışi sədo"çuların həbsinə etiraz əlaməti olaraq verdiyi bəyanat bu proqram zamanı səsləndirilib, habelə proqramda digər "millət fədailəri"nin fikirlərinə yer verilib. Azərbaycanın cənub bölgəsində çox böyük reytinqə malik olan "Səhər" telekanalını izləyən Azərbaycan vətəndaşlarına məlum olub ki, guya, Novruzəli Məmmədov İranın Mədəniyyət Mərkəzindən "Kadusilərin tarixi" kitabını çap etmək üçün 300 dollar, habelə ayda-ildə cəmi 99 nüsxə olmaqla yarısı Azərbaycan, yarısı da talış dilində olan "Tolışi sədo" qəzetini dərc etməyə cüzi məbləğdə maliyyə dəstəyi aldığı üçün həbs edilib. "Soros" Fondu, ABŞ-ın Milli Demokratiya İnstitutu və Qərbin digər maliyyə qurumlarının il ərzində müxtəlif institutlara, qəzetlərə ayırdığı qrantları da daha şişirdilmiş rəqəmlərlə tamaşaçının diqqətinə çatdıran "Səhər" telekanalı Azərbaycanın cənub bölgəsinin vətəndaşlarına, xüsusilə talış xalqının nümayəndələrinə "izah" edir ki, Novruzəli talış olduğu üçün həbs edilib və onun taleyini hər bir talış yaşaya bilər. Guya, ölkənin cənub bölgəsindəki haqsızlıqlar, sosial-iqtisadi problemlərin də kökündə duran yeganə səbəb məhz bölgədə kompakt şəkildə talışların yaşaması ilə bağlıdır. Çox incə məqamlara toxunan İran televiziyası sözsüz ki, 30 milyon soydaşımızın öz ana dilində təhsil almaq hüququnu yada salmasa da, nədənsə Azərbaycan hökuməti tərəfindən talışların, guya, assimilyasiyaya uğradılmasından da geniş söz açıb. Yeri gəlmişkən, analoji kampaniya şimal qonşumuz tərəfindən də Azərbaycana qarşı işlədilir, guya, avarlar avar olduqları, ləzgilər isə məhz ləzgi olduqları üçün haqq və hüquqdan məhrumdurlar, onların sosial-iqtisadi problemləri həll edilmir. Yəni Azərbaycanın bölgədəki bu iki nəhəng qonşusu ölkədə daxili narazılıqlar, insan haqlarının pozulması, sosial problemlər və sairədən orta statistik kasıbın düşünə biləcəyi şəkildə istifadə edir. Ən maraqlısı da budur ki, gecə-gündüz işləyərək insan kimi yaşamaq uğrunda mübarizə aparan hər bir insan süni problemlərlə üzləşirsə, dərhal milli mənsubiyyət və ya yaşadığı bölgə ilə bağlı düşünməyə yönləndirilir. Məsələn, təxminən bir ay öncə Nəqliyyat Departamenti əməkdaşları 49 saylı marşrut üzrə hərəkət edən avtobusların işləməsinə imkan vermirdilər. Bu marşrutdakı avtobusların birində sürücü işləyən 45-50 yaşlarındakı bir bakılı ilə problem barədə söhbət edirdim ki, o, talışlardan, kürdlərdən, hətta azəri türkü olan qaçqınlardan, məcburi köçkünlərdən, naxçıvanlılardan şikayətlənməyə başladı. Onun söhbətindən belə çıxdı ki, planın çox olması, onlardan tələb olunan rüşvətin gün-gündən artırılmasının baiskarları yuxarıda adlarını çəkdiyi bölgələrə mənsub olan insanlardır. Ötən həftə "Ayna" qəzeti redaksiyasına pensiyasına 7-8 manat artımın edilmədiyi üçün şikayət ərizəsi ilə müraciət edən Bakı sakini Anna Yakovleva Sosial Təminat Fonduna dəfələrlə müraciət edəndən sonra əliboş geri dönüb. Buna görə də xanım ərizəsində iddia edib ki, onun haqqı rus millətinin nümayəndəsi olduğu üçün tapdanır. Bu misalları gətirməkdə məqsədim odur ki, ölkənin hər yerində insanlar məmurların, hüquq-mühafizə orqanlarının haqsızlıqları ilə üzləşirlər. Ancaq yarıtmaz hal odur ki, cənub və şimal bölgəsində yaşayan digər millətlərin nümayəndələri kimlərinsə "sehrli çubuğu" ilə "milli mənsubiyyət" istiqamətinə yönləndirilirlər. Yaranmış bu ciddi problemin ciddi səbəbləri var. Ən ciddi səbəb isə informasiya azlığı ilə birbaşa əlaqəlidir. Əgər Azərbaycanın heç olmasa bir müstəqil telekanalı olsaydı və bu telekanal müstəqil şəkildə N.Məmmədovun həbsini nümayiş etdirsəydi, "Səhər" telekanalının yayımladığı cəfəngiyatın heç bir əhəmiyyəti olmazdı. Məlum olardı ki, Novruzəli hər hansı bir tarix kitabının çapına pul aldığı üçün yox, etnik hissləri qızışdırmağa yönələn fəaliyyətinə görə həbs olunub. Yeri gəlmişkən, "Səhər" telekanalı Azərbaycanın sosial-iqtisadi problemləri, siyasi prosesləri haqqında bəzən obyektiv xəbərlər də yayır və buna görə də bölgə əhalisi bu telekanalın yayımladığı istənilən sifarişli proqramı da həqiqət kimi qavrayır. Yerli telekanallara isə etimad yox səviyyəsindədir. Çünki bu telekanalların istənilən biri Azərbaycana bir qəpiklik xeyri olmayan müğənniciyəzin və ya cinsi belə bəlli olmayan məxluqun hansı rəngdə ayaqqabı geyinməsi haqqında saatlarla süjet hazırlayıb versə də, sosial-istisadi və siyasi problemlərə 30 dəqiqə vaxt ayırmır. Efirdə özünü və öz problemini görə bilməyən kəs onu və onun problemini işıqlandıran telekanalı izləyəcək, bu telekanalın verdiyi istənilən xəbəri həqiqət sayacaq, kimin hansı məqsəd güddüyünün çox vaxt fərqinə varmadan... Eyni zamanda, əgər müstəqilliyə iddialı olan yerli telekanallarımız yalnız Azərbaycan deyil, dünya elmi qarşısında xidmətləri olan alimlərin Bakının mərkəzində evlərindən bayıra atılmaq təhlükəsi qarşısında qaldıqlarını (alimlərin yalvar-yaxarından sonra telekanallardan ikisi cəmi 1-2 dəqiqəlik "balanslaşdırılmış" süjet verib - red.) geniş və dəfələrlə işıqlandırsaydı, cənub bölgəsinin sakini başa düşəcəkdi ki, problemin kökü milli mənsubiyyətdə deyil. Gəncədə, Naxçıvanda, Şəkidə, Kürdəmirdə, Salyanda, Qusarda, İmişlidə və s. şəhər və rayonlarımızda sosial-siyasi problemlər telekanallarımızın efirinə ciddi şəkildə yol tapsaydı, Lerik sakini biləcəkdi ki, məsələn, pensiya ilə bağlı hər hansı problem tək Lerikə xas deyil, şirvanlı, salyanlı, naxçıvanlı, qazaxlı da bu problemə tuş gəlib. Daşqından gədəbəyliyə, güclü qar yağmasından şəkiliyə ziyan dəyib və əgər kompensasiya verilmirsə, gədəbəyliyə də, şəkiliyə də verilmir. Bu halda "Səhər", "Kompas", habelə Azərbaycana qarşı diş qıcayan onlarca informasiya orqanları yalnız sabun köpüyü partlatmaqla məşğul olacaqdılar. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar