SON XƏBƏRLƏR

İran daxilindən həqiqətlər: “Yoxsulluq səbəbindən işləyən uşaqların sayı çoxalıb”- FOTO

2021.10.20, 07:36
İran daxilindən həqiqətlər: “Yoxsulluq səbəbindən işləyən uşaqların sayı çoxalıb”- FOTO

Gunaz.tv

GünAz TV: İranın Rifah Təşkilatı ölkədə ictimai problemlərin, eləcə də uşaqların əməyə cəlb edilməsi hallarının həddən artıq çoxaldığı barədə məlumat yayıb.

 

Məlumatda qeyd edilir ki, işləyən uşaqların statistikası ilə bağlı dəqiq rəqəmlər söyləmək çətin olsa da, aparılmış araşdırmalar əsasında hazırlanan təxminlər göstərir ki, ölkənin bütün bölgələrində bu sahədə artım müşahidə olunur.

 

Təşkilat qeyd edib ki, bir neçə il əvvəl aparılmış araşdırmalarda Tehranda 14 min, bütün ölkədə isə 70-mindən çox uşağın işləmək məcburiyyətində qaldığı məlum olmuşdu. Hazırki rəqəmlər isə bundan dəfələrlə artıqdır.

 

Təşkilat bunun səbəbini iqtisadi problemlər və ailə-məişət şəraitinin ağırlığı ilə bağlayıb.

 

Digər tərəfdən, İranın Əmək və Əhalisinin Sosial Müdafiəsi Nazirliyinin Statistika və Strateji Məlumatlar Mərkəzinin yeni yaydığı hesabatda 1397-ci il (21 mart 2018- 21 mart 2019-red.) ərzində ölkə əhalisinin 9.7%-ni yaşlıların təşkil etdiyi bildirilir.

 

Həmin müddətdə yaşlıların iqtisadiyyata töhfəsi 16.6% olub. Eləcə də, yaşlılar arasında işsizlik dərəcəsi təqribən 2.3% təşkil edib. Bu göstəricidən 2.36% kişilərin, 0.7% isə qadınların payına düşür. Bu indekslərin təhlili hazırda İranda 1 milyondan çox yaşlının ya işlədiyini, ya da iş axtardığını nümayiş etdirir.

 

 

Mütəxəssislərin dediklərinə əsasən, yaşlıların əksəriyyəti 2 milyon tüməndən az pensiya alırlar və bu məbləğ onların məişət qayğılarını ödəməyə bəs etmir. Bundan əlavə, ölkədə 50 yaş ətrafında da təqaüdə çıxmağa məcbur olmuş insanlar var. Lakin onlar da aldıqları pensiyanın azlığına görə, yenə də işləmək məcburiyyətindədirlər. Bu şəxslər yaşlı sayılmasalar da, təqaüdə çıxmış, amma işləmək məcburiyyətində qalan insanlar hesab edilirlər. Buna görə də, rəqəmlər nazirliyin təqdim etdiyi statistikadan daha da çoxdur.

 

Mütəxəssislər həmçinin bildirirlər ki, təqaüdə çıxmaq gəlirlərin azalması anlamına gəldiyindən, insanlar bundan imtina etməyə çalışırlar. Eləcə də, ölkədə insanların çoxu 1 işdən aldıqları əməkhaqqı ilə ehtiyaclarını qarşılaya bilmədiyinə görə, eyni zamanda 2 və hətta 3 işdə işləyirlər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar