SON XƏBƏRLƏR

İran mediası dini zəmində Azərbaycan Respublikasını qaralamaq kampaniyasına davam edir

2021.10.20, 07:36
İran mediası dini zəmində Azərbaycan Respublikasını qaralamaq kampaniyasına davam edir

Gunaz.tv

GünAz TV: İranın media orqanlarında daim anti-Azərbaycan mövqe sərgiləyən məlumatları görmək mümkündür.

 

Bu istiqamətdə İran rejiminin Azərbaycan Respublikası və azərbaycanlılara qarşı apardığı düşmənçilik siyasətinin alətinə çevrilmiş “Anac” kimi bir qrup saytlar fəaliyyət göstərir. Onlar Azərbaycan daxilində dini zəmində qarşıdurmalar yaratmaq üçün tez-tez guya ölkəmizdə “dindarların hüquqları pozulur”, “Azərbaycan hökuməti dini mərasimləri icra edənlərə əngəl törədir”, “hicablı xanımlar təhsil müəssisələrinə buraxılmır” və s. bu tipli xəbərlər dərc edirlər.

 

Azərbaycan üzrə ixtisaslaşmış “Anac” saytının bu yaxınlarda “Azərbaycan Respublikasında islamçılara qarşı qəbul edilmiş qanunun iti ülgücü/ Dindarlara təzyiq göstərmək üçün xurafat dövləti təşkilinin qarşısını almaq bəhanəsi ilə qəbul edilmiş qanun” başlıqlı məqaləsində də yuxarıda qeyd edilən qondarma xüsuslardan ağız dolusu söhbət açılıb.

 

Agentlik Azərbaycanın dindar vətəndaşlarında, eləcə də İran xalqı içərisində Azərbaycan dövlətinə qarşı dini nifrət hissinin oyanması və insanlar arasında dini dözümsüzlük hissinin yaradılması istiqamətində guya dindarların sırf öz inancları səbəbindən “həbs edildiyi”, onlara “ağır işgəncələr verildiyi” və “dindar məhbuslarla digər məhbuslar arasında ayrı-seçkilik qoyulduğu”nu iddia edir.

 

Baxmayaraq ki, Azərbaycan Respublikasının Prezidentinin mart ayında imzaladığı əfv sərəncamı çərçivəsində məhkumluq dövründə islah olmuş, Nardaran əməliyyatı zamanı həbs olunan şəxslərdən də bir neçəsi daxil olmaqla, 15-dən çox dindar azadlığa çıxıb, agentlik bunları görməzdən gələrək, “qərbpərəst məhbuslar”ın buraxıldığına baxmayaraq, “dindar rəhbərlər”in hələ də həbsxanalarda qalmasından şikayətlənir.

 

Məqalədə birbaşa olaraq Taleh Bağırzadənin adı çəkilməsə də, agentliyin “hələ də həbsdə saxlanılan dini rəhbərlər” deməklə onu nəzərdə tutduğu məlumdur.

 

“Anac” saytı sonda bu cür məlumatların dərcinin səbəbinin “Azərbaycan hökumətinə qarşı beynəlxalq təzyiqlərin gücləndirilməsinə” xidmət etdiyini bəyan edir. Təbii ki, son cümlə əslində İran rejimi tərəfindən Azərbaycana qarşı aparılan həqiqətə uyğun olmayan, məkrli və çirkin kampaniyanın əsl hədəfinin nə olduğunu bir daha isbata yetirir.

 

Qeyd edək ki, rejimin anti-Azərbaycan siyasətinin alətinə çevrilən İran informasiya resursları Azərbaycan Respublikasına qarşı nifrət hisləri, eləcə də ölkə içərisində dini qarşıdurmalar yaratmaq istiqamətində Azərbaycan və fars dillərində demək olar ki, hər gün belə məlumatlar nəşr edirlər. Agentliklərin qondarma ittihamlarının əksinə olaraq, Azərbaycan daxilində dini dözümlülük mövcuddur. Dindarlar öz dini vəzifələrini tam yaşamaq hüququna malikdirlər. Onlar istər adi günlərdə, istərsə də, ramazan və məhərrəm aylarında bütün dini ritual və mərasimləri icra etməkdə sərbəstdirlər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar