SON XƏBƏRLƏR

İran Milli Məclisinin deputatı işçi fəallara ağır həbs cəzalarının verilməsinə etiraz edib

2021.10.20, 07:36
İran Milli Məclisinin deputatı işçi fəallara ağır həbs cəzalarının verilməsinə etiraz edib

Gunaz.tv

GünAz TV: İran Milli Məclisinin Tehrandan seçilmiş millət vəkili Pərvanə Sələhşuri bu gün keçirilən plenar iclasda ölkədə işçi fəallara uzun müddətli həbs cəzalarının verilməsinə etiraz edib.


O, işçi fəallara korrupsiya, rüşvətxorluq və maliyyə fırıldaqçılığı ittihamları ilə tutulanlarlarla eyni və ya daha çox cəzanın verilməsinin ədalətli olmadığını deyib.


Xatırladaq ki, cari ilin may ayının 1-də Beynəlxalq Əmək günü münasibətilə bir qrup fəal İran Milli Məclisin qarşısında etiraz aksiyası keçirmişdi. Təhlükəsizlik qüvvələri onlardan təqribən 35 nəfərini saxlamışdı.


Son həftələr ərzində tutulanların bəzilərinə qarşı uzun müddətli həbs və şallaq cəzası çıxarılıb. Həmin fəallardan biri olan Atifə Rəngrizə qarşı Tehran məhkəməsi 11 il 6 ay həbs və 74 şallaq zərbəsi vurulmasıyla bağlı hökm verib.


Bundan başqa, jurnalist Mərziyə Əmiri 10 il yarım həbs, 148 şallaq, işçi fəal Nəsrin Cavadi 7 il həbs, eləcə də Tehran Bus şirkətinin həmkarlar ittifaqının üzvləri olan Həsən Səidi və Talıb Müqəddəm də müvafiq olaraq 5 və 2 il həbs cəzalarına məhkum ediliblər.


Digər işçi fəallar Pərvin Məhəmmədi, Əlirza Səqəfi və onun həyat yoldaşı Halə Səfərzadəyə isə 1 il həbs cəzası hökmü oxunub.


Ötən ay dünyanın 80 işçi həmkarlar ittifaqı İranın "dini lider"i Əli Xamneyiyə məktub yazaraq, ölkəsində işçi fəalların saxta təhlükəsizlik ittihamları ilə həbs olunmasını kəskin tənqid edib.

 

Pərvanə Sələhşuri sonda Nuşin Cəfərinin həbsinə də münasibət bildirib və deyib ki, "onun ədalət çağırışı sosial şəbəkələri bürüyüb".

 

Qeyd etmək lazımdır ki, İran rəsmilərinin ölkədə baş verən haqsızlıqlara qarşı fikir bildirməsi formal xarakter daşıyır və müsbətə doğru dəyişikliyə yol açmaq iqtidarında deyil.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar