SON XƏBƏRLƏR

İran nüvə öhdəliklərini azaltmaq istiqamətində “2-ci addım”a start verib

2021.10.20, 07:36
İran nüvə öhdəliklərini azaltmaq istiqamətində “2-ci addım”a start verib

Gunaz.tv

GünAz TV: İran iyulun 7-də nüvə öhdəliklərini azaltmaq istiqamətində “2-ci addım”a başladığını rəsmən bəyan edib.

 

Rəsmi Tehranın bəyanatına əsasən, İranın Avropaya verdiyi 60 günlük möhlət bitdiyindən, artıq bu ölkə iyulun 7-dən etibarən uranın nüvə razılaşmasında nəzərdə tutulan 3.67%-lik həddən çox zənginləşdirilməsinə start verib.

 

İran Avropa ölkələrinin öz nüvə öhdəliklərinə tam əməl etmədiklərini iddia edir və buna görə də həmin ölkələrə 60 gün möhlət verərək, bu müddət ərzində rəsmi Tehranın mənafeyi təqdim edilmədiyi təqdirdə, “2-ci addım”ı başladacağını bəyan etmişdi.

 

İranlı rəsmilərin “2-ci addım”ın başlanması ilə bağlı bəyanatından sonra İsrailin baş naziri Benyamin Netanyahu Avropa ölkələrindən Tehrana qarşı sanksiyaları qaytarmağı istəyib. O, İranın bu addımını çox təhlükəli adlandırıb.

 

Öz növbəsində Fransa, İngiltərə və Almaniya İranın bu addımını qınamaqla yanaşı, iranlı rəsmilərdən nüvə razılaşmasına zidd olan bütün növ fəaliyyətləri dərhal dayandırmağı tələb ediblər.

 

Avropa İttifaqı isə İranı Hərtərəfli Birgə Fəaliyyət Planının gələcəyini sual altında qoyan addımlardan çəkinməyə çağırıb. İttifaqın yaydığı bəyanatda İranın bu addımından dərin narahatlıq ifadə olunur.

 

Rusiyadan məsələyə yalnız bu ölkənin Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki nümayəndəsi Mixayıl Olyanov səviyyəsində münasibət bildirilib. Diplomat İranın bu addımının “gözlənilən” olduğunu və müzakirə aparmaq üçün yolların hələ də açıq olduğunu deyib.

 

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif məsələ ilə bağlı öz “Twitter” səhifəsində yazdığı statusda ölkəsinin bu addımı nüvə razılaşmasının 36-cı bəndinə əsasən, Amerikanın sanksiyaları qarşısında “milli mənafeyini qorumaq” üçün atdığını iddia edib. O, həmçinin bildirib ki, “Avropa ölkələri öz öhdəliklərinə əməl etsələr, İran heç bir əməli addım atılmamış bu qərardan imtina edə bilər”.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar