SON XƏBƏRLƏR

İran ordusunun sabiq komandanının oğlu korrupsiya ittihamı ilə 10 il həbsə məhkum edilib

2021.10.20, 07:36
İran ordusunun sabiq komandanının oğlu korrupsiya ittihamı ilə 10 il həbsə məhkum edilib

Gunaz.tv

GünAz TV: İran ordusunun sabiq komandanı, general Ətaullah Salehinin oğlu Əmmar Salehi ölkənin iqtisadi sisteminin pozulmasına kömək etmək ittihamı ilə 10 il həbsə məhkum edilib.

 

Bu barədə bu gün keçirdiyi mətbuat konfransında məlumat yayan İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmayılinin sözlərinə görə, öncə iqtisadi cinayətlər və korrupsiya fatkalarının araşdırılması üzrə məhkəmənin xüsusi şöbəsinin 2 gün gün çıxardığı hökmdə Əmmar Salehi həmçinin ömürlük dövlət qulluğunda çalışmaqdan da məhrum edilir.

 

Əmmar Salehinin cinayət tərəfdaşı olan Məhəmmədrza Cahanbani isə əmlakı müsadirə olunmaqla, 20 il həbs, ictimaiyyət qarşısında 74 şallaq zərbəsi və ömürlük dövlət qulluğunda vəzifə tutma qadağası kimi cəzalara məhkum edilib.

 

Əmmar Salehi məhkəmə prosesi zamanı həbsxanada deyil, azadlıqda olduğundan, onun məhkumluq dövrünün başlanıb-başlanmadığı məlum deyil.

 

Qeyd etmək lazımdır ki, "dini lider" Əli Xamneyinin fərmanına əsasən, iqtisadi cinayətlərə görə həbs edilənlərə qarşı çıxarılmış hökmlər məhkəmə prosesindən bilavasitə sonra qüvvəyə minir və müttəhimin apellyasiya hüququ olmur.

 

Təqsirləndirilən şəxslərin son məhkəmə prosesi yanvarın 6-da keçirilmişdi. Həmin iclas zamanı dövlət ittihamçısı Əmmar Salehinin Sərmayə Bankından özünün təsis etdiyi özəl şirkətlərdən birinə 68 milyard dollar kredit əldə etdiyi, lakin bu vəsaiti şirkətin hesabına deyil, cinayət işi üzrə məsuliyyətə cəlb edilmiş digər müttəhimin şəxsi hesabına köçürdüyünü bildirmişdi. O, bu "xidmət"inin qarşılığında həmin şəxsdən Tehranın Zəfəraniyyə bölgəsində 1 mülk və 650 milyon tümən dəyərində 1 avtomobil əldə edib.

 

Prokurorluq nümayəndəsi Sərmayə Bankının cinayət işi üzrə 400 təqsirləndirilən şəxsin olduğunu deyir. Bu günə kimi bankın müdirlərindən biri və Mahmud Əhmədinejadın prezidentliyi dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri işləmiş Pərviz Kazımi də daxil olmaqla, cinayət işində adı keçən bir neçə nəfər müxtəlif cəzalara məhkum edilib.

 

Bir müddət öncə Əmmar Salehinin dayısı və hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri postunu tutan Məhəmməd Şəriətmədarinin damadı Hadi Rəzəvi sözügedən cinayət işi üzrə 20 il həbs cəzasına məhkum edilmişdi.

 

Digər müttəhim Hüseyn Hidayəti də müxtəlif iqtisadi cinayətlər üzrə 20 il həbs cəzası alan müttəhimlərdəndir. O, məhkəmə prosesi zamanı özünə qarşı irəli sürülmüş bütün ittihamları rədd etmiş, cinayətin əsas faili olan nüfuzlu vəkillərdən birinin adını çəkmişdi. Lakin həmin vəkil məhkəmədən bir neçə gün sonra Tehranda güllələnərək qətlə yetirilmişdi.

 

Cinayət işi üzrə məsuliyyətə cəlb edilənlərdən biri də Ruhullah Xomeyninin ərəb dili üzrə tərcüməçisi və Kamal Xərazinin nazirliyi dövründə Xarici İşlər nazirinin müavini olmuş Məhəmmədəli Hadidir.

 

Cinayət işi üzrə təqsirləndirilən digər şəxslərin məhkəmə proseslərinin 1399-cu ildə (21 mart 2020-ci ildən sonra-red.) keçirilməsi planlaşdırılır.

 

Qeyd etmək lazımdır ki, İranda tez-tez vəzifəli şəxslərin korrupsiya faktları ilə bağlı xəbərlər yayılır. Amerika Birləşmiş Ştatları dəfələrlə yaydığı məlumatlarda başda "dini lider" Əli Xamneyi olmaqla, İran rejiminin korrupsionerlərdən təşkil olunduğunu bəyan edib.

 

Ə.A

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar