SON XƏBƏRLƏR

İran Parlamentində Cənubi Tehran əyalətinin yaradılması təklif edilib- Tehranda sistematik milli ayrı-seçkilik etiraf edilir- FOTO

2021.10.20, 07:36
İran Parlamentində Cənubi Tehran əyalətinin yaradılması təklif edilib- Tehranda sistematik milli ayrı-seçkilik etiraf edilir- FOTO

Gunaz.tv

GünAz TV: İran Milli Məclisində Cənubi Tehran əyalətinin yaradılması ilə bağlı 16 deputat tərəfindən təklif irəli sürülüb. Layihədə türklər, kürdlər və lorlar kimi millətlərə qarşı sistematik ayrı-seçkilik açıq-aşkar etiraf edilir.

 

Layihədə 16 millət vəkili İslamşəhr, Baharıstan, Robat Kərim, Savə və Zərəndiyə şəhərlərinin mövcud Tehran əyalətindən ayrılması və mərkəzi Pərənd şəhəri olmaqla, yeni Cənubi Tehran əyalətinin təşkil edilməsini təklif edirlər.

 

“15 milyondan çox əhalisi olan Tehran əyalətində hökm sürən qarışıq vəziyyəti nəzarətə almaq üçün Cənubi Tehran əyaləti yaradılmalıdır. Digər tərəfdən, belə qarışıq vəziyyət səbəbindən Tehranda yerləşən baş idarələr cənub rayonlarının ağır şəraitlərini və problemləri araşdıra bilmirlər”, - deyə deputatlar layihəni əsaslandırarkən bildiriblər.

 

Qeyd etmək lazımdır ki, adları çəkilən bölgələr əhali baxımından Tehran əyalətindən fərqlənirlər. Tehran əyalətinin cənub hissəsində yerləşən bölgədə əksəriyyəti türklər, kürdlər və lorlar təşkil edir.

 

Layihədə qeyri-fars əhalinin yaşadığı həmin sənaye şəhərlərinə dövlətin diqqət ayırmadığı və ağır vəziyyətdə olduqları qeyd edilir.

 

Deputatlar iddia edirlər ki, layihə sözügedən şəhərlərdəki mövcud ağır vəziyyətin aradan qaldırılması, eləcə də bölgənin kənd təsərrüfatı və təhlükəsizlik məsələlərinin nizama salınması, həmçinin şəhərlərin daxili imkanlarından lazımi qədər faydalanmaq üçün irəli sürülüb.

 

Lakin sosial şəbəkələrdə güney azərbaycanlı istifadəçilər bu layihəni şübhəli və qeyri-adi adlandırıblar. Xüsusilə də, onlar benzinin bahalaşdırılmasına qarşı keçirilmiş aksiyalardan sonra irəli sürülmüş bu layihədə sözügedən şəhərlərdə “təhlükəsizlik məsələlərinin nizama salınması” kimi ifadəyə yer verilməsinə diqqət çəkirlər.

 

Yuxarıda adları sadalanmış, Tehranın cənubunda yerləşən həmin bölgələrdə məskunlaşanlar dövlətin Güney Azərbaycana sərmayə yatırmaması səbəbindən yaranan kəskin yoxsulluq səviyyəsinə görə daha yaxşı iş imkanları tapmaq üçün ora köçən türklərdir. Lakin burada da dövlətin ayrı-seçkiliyi səbəbindən onlar ağır vəziyyətdə yaşayırlar.

 

Ötən ay benzinin bahalaşdırılmasına qarşı keçirilən etiraz aksiyaları zamanı da Tehran əyalətində ən kəskin nümayişlər cənub bölgələrində baş tutmuşdu. Həmin aksiyalarda çoxlu sayda güney azərbaycanlı təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində ölmüşdü. Hələ ki, o bölgədə qətlə yetirilən azərbaycanlılardan yalnız 15 nəfərinin şəxsiyyətini müəyyənləşdirmək mümkün olub.

 

Xatırladaq ki, Tehran əyalətində yerləşən və əhalisinin əksəriyyətini güney azərbaycanlılar təşkil edən İslamşəhr şəhəri 1995-ci ildə, Haşimi Rəfsəncaninin prezidentliyi dövründə bahalıq və ictimai nəqliyyatda gediş haqlarının 30% artırılmasına qarşı etiraz aksiyalarına səhnə olmuşdu. 1979-cu il inqilabından sonra İranda keçirilmiş ən böyük nümayişlər hesab edilən həmin etiraz aksiyalarını təhlükəsizlik qüvvələri onlarla insanı öldürməklə, qan bahasına yatıra bilmişdilər. Şahidlərin dediklərinə görə, həmin vaxt İran təhlükəsizlik qüvvələri pulemyotlarla təchiz edilmiş helikopterlərdən insanları atəşə tutmuşdular.

 

Cənubi Tehran əyalətinin yaradılması ilə bağlı təklif edilmiş layihədə “şərəfli əhalisi” ifadəsinin yalnız Tehranın şimalında yaşayan farslardan söhbət gedəndə işlədilməsi və bunun cənubda yaşayan qeyri-fars əhaliyə nisbət edilməməsi sosial şəbəkələrdə böyük qalmaqala səbəb olub.

 

 

 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar