SON XƏBƏRLƏR

İran polisinin saçı baş örtüyündən çölə çıxmış gənc xanıma qarşı vəhşi davranışı qalmaqala səbəb olub -FOTOLAR və 1 VİDEO

2021.10.20, 07:36
İran polisinin saçı baş örtüyündən çölə çıxmış gənc xanıma qarşı vəhşi davranışı qalmaqala səbəb olub -FOTOLAR və 1 VİDEO

Gunaz.tv

GünAzTV: İran polisinin, saçları baş örtüyündən çölə çıxmış gənc bir qadına qarşı misilsiz zorakılıq nümayiş etdirməsi, ona qarşı vəhşi davranışı qalmaqala səbəb olub.

 

Hadisə, aprelin 18-də paytaxt Tehran parklarından birində baş verib. Tehran polisinin bir neçə qadın əməkdaşı hicabına irad tutduqları gənc bir xanıma yaxınlaşaraq, ondan başındakı yaylığı düzgün bağlamağı, saçlarını gizlətməyi tələb ediblər. Polislərin kobud hərəkətini özünə qarşı hörmətsizlik sayan gənc xanım, bunun onlara dəxli olmadığını və hicabında hər hansı bir irad olmadığını söyləyib. Nəticədə gənc xanımın onlara müqavimət göstərdiyini görən qadın polislər, ona yaxınlaşaraq söyüş və təhqir dolu ifadələrlə onu tutub özləri ilə aparmağa çalışıblar. Onlar həmin xanımı döyərək onu yerə oturmağa məcbur etsələr də buna nail ola bilmədiklərini gördükdə, onu itələyərək yerə yıxıblar.

 

Gənc xanım, bir neçə qadın polisin üstünə gəlməsinə baxmayaraq, onlara “murdar zibillər, mənə toxunmayın” deyərək müqavimət göstərib. Hadisəni kənardan izləyən insanlar, qıza yardım göstərməyə, onu polisin əlindən qurtarmağa çalışsalar da, kişi polsləri tərəfindən təhdid ediliblər. Adı mediaya bəlli olmayan həmin gənc xanımın sonrakı taleyi, onun polis tərəfindən tutulub-tutulmaması barədə hər hansı bir məlumat yayılmayıb.

 

Hadisədən az sonra, polisin gənc qadına qarşı misli görülməmiş zorakılığı sosial şəbəkələrdə geniş yayılaraq, internet istifadəçilərinin qəzəb və kəskin etirazına səbəb olub. Beləliklə də, İranın bəzi rəsmiləri, o cümlədən də daxili işlər naziri və digər polis rəsmiləri jurnalistlərə açıqlamalarında məsələyə münasibət bildirərək, polisin hicabına riayət etməyən xanımlarla bu kimi rəftarını tənqid edərək, məsələni araşdıracaqlarına söz veriblər.

 

 

Xatırladaq ki, son aylar,  İranın müxtəlif şəhərlərində onlarla qadın “Məcburi hicaba yox” kampaniyasına qatılaraq, küçədə baş örüklərini açaraq hakimiyyətin məcburi hicab siyasətinə dinc etirazlarını bildiriblər. Bununla bağlı paytaxt Tehranda və digər şəhərlərdə onlarla qadın həbs edilib.

 

 

Qeyd edək ki, İranda ictimai yerlərdə baş örtüyünü açan qadınlara cinayət işi açılır. Belə qadınlar, həbs zamanı polis zorakılığına məruz qalır, həbsxanada müxtəlif təhqir, təzyiq və təhdidlərlə üzləşir, həbsə və pul cəriməsinə məhkum edilirlər.

 

VİDEO:

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar