İran Radio və Televiziyasının Güney Azərbaycana qarşı təxribatları davam edir.
Gunaz.tv
Bir müddət öncə İran Televiziyasının 1-ci kanalında yayınlanan kürdcə “Nun X” serialında Qərbi Azərbaycan əyalətinin bir çox bölgələrinin kürd torpaqları kimi qələmə verilmişdi.
Adı çəkilən serialın son bölümünün final klipi Urmu gölünün kənarında yerləşən “Kazımxan Daşı” qalasının qarşısında, kürd dilində və kürd rəqsi ilə icra edilir.
“Kazımxan Daşı” qalası Qərbi Azərbaycanda ötən əsrin əvvəllərində, birinci dünya müharibəsi zamanı Kazımxan Quşçunun başçılığı altında Azərbaycan türklərinin İsmayıl Simitqonun rəhbərlik etdiyi kürd terrorçularına qarşı müqavimət mərkəzi kimi tanınıb.
Səid Aqaxaninin rejissorluğu, Məsud Şəmsnejadın prodüsserliyi ilə icra edilən klipdə Şimali Xorasandan olan kürd müğənni Möhsün Mirzəzadə Urmuda fəaliyyət göstərən “Dilan” rəqs qrupunun müşayiəti ilə kürd mahnısı ifa edir.
“Dilan” rəqs qrupunun təsisçisi Məsud Şəmsnejad Qərbi Azərbaycanda silahlı kürd təşkilatı PEJAK-ın və İsmayıl Simitqonun nəvəsi Arman Simitqonun yaxın adamı kimi tanınır.
O, bundan öncə bir neçə dəfə məhkum edilsə də, şübhəli şəkildə azadlığa buraxılıb və “mədəni fəaliyyət” adı altında işlərini davam etdirib.
Qeyd edək ki, bir müddət öncə İran Televiziyasının 1-ci kanalında yayınlanan serialın final bölümündə Urmu gölü, Tikantəpə, Təxti-Süleyman tarixi abidəsi, Çəmli göl və digər türk yurdları Kürdüstan torpağı kimi qələmə verilmiş, görüntülər kürd musiqisi və mahnısı ilə müşayiət olunmuşdu.
Bundan öncə də müxtəlif veriliş, film, serial və ölkə rəsmilərinin çıxışlarında Qərbi Azərbaycan torpaqları Kürdüstan kimi qələmə verilib.
Hətta İran prezidenti Həsən Ruhani Qərbi Azərbaycan əyalətinə səfəri zamanı bölgəni “Urmiyə əyaləti” adlandırmışdı.
Xatırladaq ki, “Urmiyə əyaləti” kürd miliyyətçiləri və təşkilatlarının Qərbi Azərbaycan əyalətinə verdikləri qondarma addır.
H.Ruhaninin əyaləti belə adlandırması təsadüfi deyil.
C.E