SON XƏBƏRLƏR

İran rəsmisi: “Ölkədə hicab sürətlə öz əhəmmiyyətini itirməkdədir”

2021.10.20, 07:36
İran rəsmisi: “Ölkədə hicab sürətlə öz əhəmmiyyətini itirməkdədir”

Gunaz.tv

GünAzTV: İranda Mədəni İnqilab Şurası rəisinin qadınlar üzrə müavini Firiştə Ruhəfza, dekabrın 1-də Tehranda keçirilən “İslam inqilabından sonra iranlı qadınların geyimi” adlı toplantıda çıxış edərək, hakimiyyətin son 40 ildə hicabla bağlı yürütdüyü siyasətinin iflasa uğramasından danışıb.

 

Ölkədə hicabın təbliği ilə bağlı hakimiyyətin 40 illik yürütdüyü siyasətinin uğursuzluğuna toxunan Firiştə Ruhəfza, deyib ki, hazırda İranda hicabın cəmiyyətdə bir dəyər sayılıb sayılmaması barədə konkret bir fikir söyləmək çətindir: “Bu gün cəmiyyətdə hicab bəziləri üçün hələ də bir dəyər sayılır. Lakin bunu ümumiləşdirmək olmaz. Xüsusən də ki, tanınmış məşhurlar hicabı qəbul etmirlər. Təəssüflər olsun ki, bu hün ölkədə hicab sürətlə öz əhəmiyyətini itirməkdədir. Sözsüz ki, vəziyyət belə olduqda, hicabın gündən-günə zifləyib öz əhəmiyyətini itirməsi daha sürətli templə davam edəcək.

 

Əgər biz hicabla bağlı düzgün bir siyasət irəli sürsəydik, bu gün cəmiyyətdə hicabsızlığın sürətlə baş alıb getməsi faktı ilə üz-üzə qalmazdıq. Biz düzgün əməl və rəftar etməmişik. Çünki, əgər biz düzgün əməl etsəydik, bu gün uşaqlarımız daha abırlı geyinər, daha həyalı davranardılar. Hesab edirəm ki, cəmiyyətimizdə heç bir qurum öz işini düzgün yerinə yetirməyib. Yalnız polis bununla bağlı öz vəzifəni yerinə yetirib ki, bunun da nəticəsi heç də yaxşı olmayıb. Şəxsən düşünürəm ki, heç bir canlıya zor demək olmaz. O ki, qaldı insana.

 

Hicabın öz əhəmiyyətini itirməsinin səbəblərinə gəlincə, hesab edirəm ki, bu, qadınların ali təhsilata yiyələnməsi, cəmiyyətdə ös yerini tapıb hansısa bir işlə məşğul olması, iqtisadi baxımdan öz ayaqlarının üstündə durması və cəmiyyətdə baş verən bir sıra ictimai məsələlərlə əlaqədardır.

 

Təəssüflər olsun ki, biz, son 40 ildə hicab məsələsini siyasiləşdirməklə nəinki gənclərimizi hicaba inandıra bilmədik, hətta hicaba ideoloji don geyindirərək, insanların dini təlimlərdən də belə bezib uzaqlaşmasına səbəb olduq. Hicabın siyasiləşdirilməsi isə sonunda bütün işləri korladı və vəziyyətin bu yerə gəlib çatmasına səbəb oldu”.

 

 

Qeyd edək ki, İranda qadınların molla rejiminin məcburi hicab siyasətinə qarşı kütləvi etirazı son bir ildə xeyli güclənərək geniş vüsət alıb. Qadınların məcburi hicaba qarşı ilk dinc etirazına cari ilin əvvəllərində (deyin 6-da) start verilib. Bir uşaq anası olan Vida Müvəhhid adlı 31 yaşlı bir qadın, Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi qara çarşaba öz etirazını bildirib. O, göstərdiyi bu şücaətinə görə sosial şəbəkələrdə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşıb. O, baş örtüyünü açdığına görə iki dəfə həbs edilsə də, sonradan şərti azadlığa buraxılıb.

 

Vida Müvəhhid

 

Xatırladaq ki, son aylar  İranın müxtəlif şəhərlərində onlarla qadın “Məcburi hicaba yox” kampaniyasına qatılaraq, küçə və meydanlarda baş örüklərini açaraq hakimiyyətin məcburi hicab siyasətinə dinc etirazlarını bildiriblər. Həmin etirazlarda isə 40-dan çox qadın həbs edilib.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar