SON XƏBƏRLƏR

İran siyasətində qara, boz və qanlı pullar- Araşdırma

2021.10.20, 07:36
İran siyasətində qara, boz və qanlı pullar- Araşdırma

Gunaz.tv

GünAz TV: Dünyanın hər bir yerində çirkli pulların yuyulması dövlətlərin iqtisadiyyatına böyük həcmdə zərərlər vurur. Narkotik vasitələrin qanunsuz dövriyyəsi, əmtəə qaçaqmalçılığı, silah alveri və terrorizm çirkli pulların yuyulması əməliyyatlarının genişlənməsi və iqtisadiyyata daxil olması üçün ən əlverişli yollardırlar.

 

Çirkli pulların yuyulması termini qeyri-qanuni ticarət və bundan əldə olunan gəlirləri müxtəlif yollarla qanuniləşdirilərək, cinayət məsuliyyətindən yayınmağa deyilir.

 

Çirkli pulların yuyulması qeyri-qanuni iş hesab edilir və dünya ölkələrinin iqtisadiyyatına ciddi zərər vurur. Buna görə də bu qeyri-qanuni fəaliyyətlə mübarizə dünya ictimaiyyətinin diqqət mərkəzində saxladığı məsələlərdən biridir. Bu günə qədər bu istiqamətdə müxtəlif beynəlxalq qurumlar, eləcə də ölkələr tərəfindən zəruri qanunlar qəbul edilib.

 

Çirkli pulların yuyulması əksər vaxtlarda qruplaşmalar tərəfindən həyata keçirilən mürəkkəb, davamlı və uzun müddətli prosesdir. Bəzən bu prosesin miqyası o qədər böyük olur ki, bir ölkənin coğrafiyasından kənara çıxır, transmilli şəkil alır və cinayət yolu ilə əldə edilən pullar daha sonra qanuniləşdirilərək, müxtəlif ölkələrin iqtisadiyyatına daxil olur.

 

Çirkli pullar ümumilikdə 3 hissəyə bölünür:

1) Qara pul: Əmtəə və narkotik vasitələrin qaçaqmalçılığı, eləcə də qanunsuz olaraq əldə edilmiş pullardan hasil olan gəlir

2) Qanlı pul: Bəşəriyyətə qarşı cinayət və digər bu kimi ağır cinayətlər yolu ilə əldə edilmiş gəlir

3) Boz pul: Dövlətin əlaqəli orqanlarından yayınaraq, gizli yollarla əldə edilmiş gəlir

 

Rəsmi statistikalara əsasən, İran iqtisadiyyatında təqribən 81 trilyon tümən çirkli pul dövriyyəsi mövcuddur. Bu böyük həmcdə vəsait İran iqtisadiyyatına qeyri-şəffaf dövlət orqanlarının, hərbi və dini qurumların mütəşəkkil qeyri-qanuni fəaliyyətləri, eləcə də ölkə tüğyan edən mütəşəkkil rüşvətxorluq vasitəsi ilə daxil olub. İran daxili işlər nazirinin sözlərinə görə, bu çirkli pullar prezident seçkiləri zamanı siyasi arenaya da daxil olub və rüşvətxorluqla mübarizəni çətin, daha doğrusu qeyri-mümkün edib.

 

İranda çirkli pulların siyasi arena, eləcə də seçkilərdə sərf edilməsi yeni məlumat deyil. Belə ki, 2005-ci ildə Mahmud Əhmədinejadın qələbəsi ilə sona çatan prezident seçkilərindən sonra namizədlərdən biri olan Mehdi Kərrubi bildirmişdi ki, “biz gizli pul mənbəyinə, qaçaqmalçılıq yolu ilə əldə edilən sərvətə, eləcə də şəkər biznesinə sahib olmadığımızdan, uduzduq”. Kərrubi bundan öncə, İran 6-cı çağırış parlamentinin spikeri olan zaman bəziləri tərəfindən gömrük nəzarəti olmayan yerlərdən ölkəyə qaçaq yolla məhsul gətirildiyini bildirmişdi. Onun müşaviri bu qaçaqmaqlçılığın “xüsusi dövlət orqanı”nı tərəfindən həyata keçirildiyini demişdi.

 

Həmin dövr İran Milli Məclisinin Tehrandan seçilmiş millət vəkili Möhsün Armin öz istefa ərizəsində həmin “xüsusi dövlət orqanı”nın “Sepah” olduğunu və bu hərbi qurumun qaçaqmalçılıq yolu ilə ölkəyə gətirdiyi malların illik 12 milyard dollardan artıq olduğunu qeyd etmişdi.

 

“Sepah” tərəfindən həyata keçirilən məhsul qaçaqmalçılığından əldə edilən gəlirlərin məbləği sonrakı illərdə daha da yüksəlib. 2016-cı ildə İranın Əmtəə və Valyuta Qaçaqmalçılığı ilə Mübarizə üzrə Qərargahının rəhbəri bildirmişdi ki, bu rəqəm 25 milyard dollara, yəni İranın qanuni yolla edilən rəsmi idxalat həcminin yarısına çatıb. Qeyri-rəsmi məlumatlara görə isə, bu rəqəm göstərilənlərdən dəfələrlə çoxdur.

 

Təkcə məhsul qaçaqmalçılığından deyil, eləcə də narkotik maddələrin qanunsuz dövriyyəsindən əldə edilən çirkli pullar da İranın siyasi arenasına daxil olub. İran daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlinin sözlərinə əsasən, İran daxilində narkotik vasitələrin illik dövriyyəsinin həcmi 10 milyard tüməndən artıqdır. O, həmçinin bu pulların namizədlərin seçki qərargahına yardım adı ilə ölkə siyasətinə və seçki sisteminə daxil edildiyini deyib.

 

Rəhmani Fəzlinin bu sözləri ilə Mahmud Əhmədinejadın prezidentlik dövründə vitse-prezident postunu tutmuş Məhəmmədrza Rəhimiyə qarşı möhkəmə hökmü çıxarılmasının eyni zamanda baş tutması onun narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olduğu və bu yolla əldə etdiyi pullardan Əhmədinejadın seçki kampaniyasına xərclədiyi barədə mövcud olan ehtimalları gücləndirir.

 

İran 7-ci çağırış Milli Məclisinin deputatı olmuş İlyas Nadiran bildirib ki, sığorta cinayəti üzrə həbs edilmiş və Məhəmmədrza Rəhiminin cinayət şəriki hesab edilən Cabir Əbdali əvvəllər də narkotik vasitələrin qaçaqmalçılığı və satışına görə həbs edilib, eləcə də o, bu yolla əldə etdiyi vəsaitlərdən müxtəlif dövrlərdə 170 millət vəkilinə pul verib.  

 

2018-cı ildə Tehran Hüquq Mühafizə Orqanlarının komandanı da bu məlumatları təsdiqləyərək bildirmişdi ki, “təəssüf ki, keçmişdə də ölkədə bəzi hallarda istər seçkilərdən əvvəl, istərsə də sonra bəzi şəxslərə çirkli pullar verilirdi və sonra onlar da bu cinayətə bulaşırdılar. Lakin bəzi ölkələrdən fərqli olaraq, bizim ölkədə bu pullar təyinedici rola sahib deyil”.

 

İran Mərkəzi Bankının sədri Vəliyullah Seyf isə 2018-ci il yanvarın 21-də bildirmişdi ki, rəhbərlik etdiyi qurum “çirkli pulların siyasi arenaya daxil olmasının qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirir”. O, bu açıqlamanı bəzi rəsmilərin həmin dövrdə çirkli pulların siyasi arena və seçki kampaniyalarında xərcləndiyi barədə xəbərdarlıqlarından sonra etmişdi.  

 

Bundan öncə İran Milli Məclisinin deputatları da çirkli pulların qeyd edilən sahələrə daxil olduğu barədə fikirlər səsləndirirdilər. Vəliyullah Seyfin açıqlamasından bir neçə həftə öncə iranlı millət vəkili Qulamrza Tacgərdun “xəbər online” agentliyi ilə müsahibəsində bildirmişdi: “Çirkli pulların prezident və Milli Məclisə keçirilən seçkilərdə sərf edilməsi ilə bağlı faktlara qarşı addımlar atılmalıdır. Pul prezidentlərin seçilməsində həlledici rola sahib olub.”

 

İranın Xarici İşlər naziri M.C.Zərif də 2018-ci il 11 noyabrda “xəbər online” saytı ilə Maliyyə Tədbirləri üzrə İşçi Qrupu- FATF ilə bağlı qanun layihələrinin hazırlanması barəsində video müsahibəsi zamanı bildirmişdi ki, İranda çox böyük pul yuma əməliyyatları həyata keçirilir: “İranda çirkli pulların yuyulması təkzib olunmaz faktdır və bir çoxları bu yolla mənfəət əldə edir. Bu pul yuma əməliyyatlarını haralarasa bağlamaq istəmirəm. Amma trilyonlarla (tümən-red) çirkli pulu yuyanların öz təbliğatlarını aparmaq və ictimai fikir formalaşdırmaq üçün on milyardlar, yüz milyardlar xərcləməyə gücü çatır. Bir ticari əməliyyatda 30 trilyon (tümən-red) gəlir əldə edən şəxslər elə ictimai fikir formalaşdırıblar ki, biz onunla mübarizə apara bilmirik.”

 

Zərifin bu fikirləri ölkənin mühafizəkar millət vəkilləri, eləcə də digər rəsmilərinin etirazlarına səbəb olmuşdu. Onlar buna görə xarici işlər nazirinin qanun qarşısında cavab verməsini tələb edirdilər. Zərif isə məsələ ilə bağlı açıqlamasında sözü öz ünvanına dediyini və buna görə çirkli pulların yuyulması ilə məşğul olanların onun sözündən narahat olmasının daha doğru olduğunu bildirmişdi.

 

Bütün bu faktlara baxmayaraq, İranın sabiq ədliyyə naziri və məhkəmə sisteminin sədrinin müavini Mustafa Purməhəmmədi çirkli pulların yuyulması ilə məşğul olanları cəzalandırmaq əvəzinə, bu məsələyə görə media orqanlarını günahlandırmış və onları faktları gizlətməyə çağırmışdı. O, jurnalistləri məsələni qabartmaqda ittiham etmiş və onlara bu mövzu ətrafında müzakirələri dayandırmağı tövsiyə etmişdi.

 

“Qeyri-qanuni yollarla əldə edilmiş pulların siyasi arena və seçkilərdə sərf edilməsi qanuni deyil. Biz bu məsələni nəzarətdə və diqqətdə saxlayırıq. Çirkli pul məsələsi media, ictimai rəy və çıxışlarda səsləndirilməməli və qabardılmamalıdır”- deyə sabiq ədliyyə nazirinin açıqlamasında bildirilirdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar