SON XƏBƏRLƏR

İran Statistika Komitəsi: “İnflyasiya həddi 42%-ə çatıb”

2021.10.20, 07:36
İran Statistika Komitəsi: “İnflyasiya həddi 42%-ə çatıb”

Gunaz.tv

GünAz TV: İran Mərkəzi Statistika Komitəsi ölkədə mehr ayına (23 sentyabr- 22 oktyabr) qədər keçən 12 aylıq dövrdə ötən illə müqayisədə inflyasiya həddinin 42% təşkil etdiyi barədə məlumat yayıb.

 

Yeni statistikaya əsasən, şəhər əhalisi üçün inflyasiya həddi 61.3, kənd əhalisi üçün isə 64.3% olub. Digər sözlə, qiymətlərin artması kənd və rayon yerlərində şəhərlərə nisbətən daha çox hiss edilib.

 

Bundan başqa, bəzi məhsulların qiymətlərində nəzərə çarpan inflyasiya həddi digərlərinə nisbətən daha yüksək olub.

 

Misal üçün, Mərkəzi Statistika Komitəsinin dəyərləndirməsi göstərir ki, qida məhsullarında qeydə alınan inflyasiya 61%, tütün məmulatlarında 80%, geyim və ayaqqabılarda 51%-dan çox, eləcə də mebel və ev əşyalarında 70%  təşkil edib.

 

Qeyri-qidan məhsulları və xidmət sektorunda isə 32%-dən bir az artıq inflyasiya müşahidə edilib.

 

Qeyd etmək lazımdır ki, 1979-cu il inqilabından bu günə qədər İranda ən yüksək inflyasiya həddi təqribən 50% olmaqla, 1995-ci ildə qeydə alınıb. İkinci ən yüksək hədd 42.7% olmaqla, cari ilin avqust-sentyabr aylarında müşahidə edilib.

 

Sanksiyalardan öncə də inflyasiya həddi yüksək olmuşdu. 2013-cü ildə bu sahədə qeydə alınan ən yüksək rəqəm 34.7% təşkil etmiş, lakin bir müddətdən sonra göstəricilər aşağı enmişdi.

 

Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarının 2018-ci ildə nüvə razılaşmasından çıxmasından sonra İranda dolların qiyməti 18 min tümənə qədər qalxmış, sonra tədricən aşağı düşmüşdür. Hazırda ölkədə dolların məzənnəsi 12 min tüməndə bir az aşağıdır. Milli valyutanın öz dəyərini kəskin itirməsi təbbi ki, qiymətlərin bahalaşmasına təsirsiz ötüşməyib.

 

İran Statistika Komitəsi bildirir ki, sentyabr oktyabr aylarında avqust-sentyabr aylarına nisbətən inflyasiya həddi 0.7% azalıb.

 

Lakin inflyasiya həddinin azalması qiymətlərin ucuzlaşması anlamına gəlmir. Bu, o deməkdir ki, qiymətlər əvvəlki sürətdən bir az yavaş artmağa davam edir.

 

Statistikada həmçinin qeyd edilir ki, cari ilin mehr ayı ərzində ötən ilin analoji dövrü ilə müqayidəsə qiymətlər 28.3 faiz bahalaşıb. Başqa sözlə, əhali mehr ayı ərzində ötən ilə nisbətən məhsul alışında və xidmət sektoruna orta hesabla 28.3 faiz daha çox pul sərf edib.

 

Digər tərəfdən, Beynəlxalq Valyuta Fondu cari il ərzində İranda  37.5 % inflyasiya olacağını proqnozlaşdırıb. Lakin Dünya Bankının proqnozunda bu rəqəm 38.3% təxmin edilib. Gələn il üçün isə Fond bu rəqəmi 31%, Bank isə 29% proqnozlaşdırıb.

 

Beynəlxalq Valyuta Fondu qeyd edir ki, Venesuela və Sudandan sonra dünyada ən yüksək inflyasiya həddi İranda qeydə alınıb.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar