SON XƏBƏRLƏR

İran türkləri mövzusu Məhəmməd Əmin Rəsulzadə yaradıcılığında

2021.10.20, 07:36
İran türkləri mövzusu Məhəmməd Əmin Rəsulzadə yaradıcılığında

Gunaz.tv
Dr. Dos. Mübariz Süleymanlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti İran türkləri mövzusu Məhəmməd Əmin Rəsulzadə yaradıcılığında Tarixin müxtəlif mərhələlərində İran-Turan münasibətlərinin yaxınlaşdırılmasına dəfələrlə cəhdlər göstərilmişdir. Həm siyasət, həm də mədəniyyət xadimlərinin bu yöndəki çalışmaları əksər hallarda uğursuzluqla nəticələnsə də, hər halda həmin istiqamətdəki səylər öz bəhrəsini də vermişdir. Xüsusilə də bu ölkələrin tarixi, dili, dini, ənənəsi, mənəviyyatı eyni olan türk əhalisi üçün həyati əhəmiyyət daşıyan bu məsələ müəyyən ziyalıları çox kərə rahatsız etmiş, onlar mövzu ilə bağlı yazıların qələmə alınması zərurətini duymuşlar. Istisna təşkil edən məqamlar nəzərə alınmazsa bu sahədə atılan addımlar həmişə maneələrə tuş gəlmiş, uğursuzluğa düçar olmuş, ideologiya və siyasətlər, mənafe və intriqalar bu yaxınlaşmaya heç bir vəchlə imkan verməmişdir. Hətta islam birliyi uğrunda fədakarcasına mübarizə aparan Nadir şah belə istəyinə qismən də olsa nail ola bilməmişdir. Halbuki “Nadir, Səfəvilərə rəğmən, şiəliyi deyil, ittihadi islam şüarını ortaya atmış və bu məqsədlə Muğanda dəvət etdiyi Qurultaya bir qərar çıxartdıraraq bu məqsədlə bütün Islam dünyasına xitab etmiş, Türkiyəyə də müraciətdə bulunmuşdu”[1]. Nadir şahın yalnız din birliyi ideyasına söykənən və uğursuzluqla nəticələnən bu şücaət və təəssübkeşliyini son yüzillikdə mədəniyyət sahəsində M.Ə.Rəsulzadə təkrarlamış, səngiməkdə olan mövzunu yenidən gündəmə gətirmişdir. İranda, Türkiyədə, Rusiyada və eləcə də Avropanın Polşa, Rumıniya, Almaniya kimi ölkələrində yaşamaq və fəaliyyət göstərmək məcburiyyətində qalsa da yaradıcılığının bütün mərhələlərində məqsəd və amalına sadiq qalan M.Ə.Rəsulzadə hansı ölkədə, hansı məkanda olmasından asılı olmayaraq islami dəyərləri, ümumtürk ruhunu və mədəniyyət ənənələrini uca tutmuş, var qüvvəsilə milli-mədəni birliyin reallaşmasına çalışmışdır. Rusiyada irtica və terrorun şiddətlənməsi səbəbindən doğma yurdunu tərk edərək mühacirət həyatı yaşayan M.Ə.Rəsulzadə çoxşaxəli yaradıcılığı ilə zəngin olan iki illik İran dövründən sonra – 1911-1913-cü illərdə ictimai-siyasi və mədəni fəaliyyətini İstanbulda davam etdirir. Milli varlığın qorunması, milli mədəniyyətin inkişafı, xalqın həyat səviyyəsinin yüksəldilməsi və nəhayət milli birliyə nail olunması yolunda siyasi təşkilatlarla yanaşı elm, maarif və mətbuatın da nə dərəcədə mühüm əhəmiyyət kəsb etdiyini düzgün dərk edən M.Ə.Rəsulzadə Bakı və Tehran dövrü fəaliyyətində artıq zəngin həyat təcrübəsi qazanmışdı. İstanbulun qaynar ictimai-siyasi hə­yatında fəal iştirakı, milliyyətçi türk mütəfəkkirlərinin fikirləri ilə yaxından tanışlığı və onların ən görkəmli nümayəndələri ilə bilavasitə təmasda olması onu xalqlarımızın tarixi, mədəniyyəti və gələcək taleyi ilə bağlı məsələlər ətrafında daha çox düşünməyə vadar edirdi. Bu səbəbdəndir ki, İranlı-Turanlı bütün müsəlman Şərqinin, şimallı-cənublu vahid Azərbaycanın xoş gələcəyi naminə səy və bacarığını əsirgəməmişdir. Onun qətiyyətli mücadiləsində İran və Türkiyə mühitinin, dil və din qardaşlarımızın həyat mübarizəsinin, yaşayış tərzinin, onların milli adət-ənənələrinin dərindən öyrənilməsi və mənimsənilməsi əhəmiyyətli rol oynamışdır[2]. Bu sevgi, məhəbbət, qayğı və təəssübkeşlik M.Ə.Rəsulzadənin bir çox əsərlərinin də canına, ruhuna hopmuşdur. İran türkləri mövzusunda qələmə aldığı yazılarının mayası da həmin istək və yanğıdan yoğrulmuş, yaradıcılığı fərqli ictimai-siyasi quruluşlarda yaşayan türk xalqlarının bir-birinə laqeyd və biganə münasibətinə təəssüf hissindən, mübarizlik ruhundan mayalanmışdır. Bu baxımdan İranın coğrafiyası və əhalisi, məişəti və mədəniyyəti barədə oxuculara geniş və əhatəli məlumat verən “İran türkləri” başlığı altında “Türk yurdu” jurnalında dərc olunmuş silsilə məqalələri səciyyəvidir[3]. Bir-birinin məntiqi davamı kimi altı məqalədən ibarət həmin yazıların ən mühüm cəhəti Türkiyədə ilk dəfə İran türklərinin yaxın keçmişi haqqında müfəssəl məlumat verilməsi və o mühiti çox yaxşı bilən və təsvir edən bir şəxsin qələmindən çıxmasıdır. O dövrün ən çox sayılan və geniş yayılmış dərgilərindən biri kimi “Türk yurdu”nda çıxan bu yazılar hətta türkiyəli ziyalıların nəzərində belə o vaxta qədər “əcəmi”lərin yurdu kimi canlanan İranın, üçdə biri türk olan bir ölkə həqiqətini açıqlamışdır. Məlum olduğu kimi, əsrlərlə davam edən və Avropa dövlətləri tərəfindən daha da qızışdırılan Osmanlı-İran ixtilaflarının bir nəticəsi olaraq Türkiyə ziyalıları XX əsrin əvvəllərində “əcəm” dedikləri və “şiə” olduqları üçün də farslardan ayırmadıqları İran türkləri haqqında çox az məlumata malik idilər. M.Ə.Rəsulzadə adı çəkilən silsilə yazılarına giriş xarakteri daşıyan birinci məqaləsində üç min illik tarixi bir ənənəyə malik, Şərq mədəniyyət aləmində xüsusi bir mövqe qazanan və mühüm bir qismini türklər təşkil edən İranın həyatının ən çətin, ən qorxunc günlərini yaşadığını diqqətə çatdırır. M.Ə.Rəsulzadənin “İran türkləri” adı ilə nəşr edilən məqalələrinin İstanbul mühiti üçün son dərəcə mühüm dəyərini azaltmadan deyə bilərik ki, artıq o dövrdə digər amillər də var idi ki, bunlar tədricən Osmanlı-İran ixtilaflarını zəiflədirdi. Yəni M.Ə.Rəsulzadənin münasibətlərin yumşaldılmasına, qarşılıqlı anlaşmaya yönəlmiş səyləri zamanına görə nə qədər istisna bir hal idisə, bir o qədər də hadisələrin təbii axarı ilə nizamlanmış qanunauyğun bir zərurət, ictimai-siyasi gedişatın məntiqi davamı idi. Getdikcə genişlənməkdə olan türkçülük şüurunun təşəkkül tapması sünni-şiə, İranlı-osmanlı münasibətini yumşaltmış, aralarındakı düşmənçilik zəifləməyə başlamışdı. Eyni zamanda iki ölkənin müştərək demokratik düşüncələrlə cərəyan edən dövrə qədəm qoyması əlaqələri nisbətən yaxşılaşdırmış, qədim tarixi olan ixtilafların aradan qaldırılmasına yardım etmişdir. Bu yaxınlaşmada “İslamçılıq” hərəkatının da təsiri olmuşdur. Bütün bu səbəblərin nəticəsi idi ki, ittihadçılar 1906—1911-ci illərdə İranda əsasən türklərin rəhbərlik etdikləri məşrutə hərəkatına böyük rəğbət bəsləmiş və onu dəstəkləmişlər. İttihadçı Ömər Nacının bu illərdə Təbriz civarındakı fəaliyyəti buna gözəl bir nümunədir[4]. M.Ə.Rəsulzadə yazır ki, həqiqətən İran intibah və azadlıq hərəkatını qüvvətləndirən amillər iki mərkəzdə toplaşmışdı: Bakıda və İstanbulda. İlk İran inqilabi cəmiyyəti də məhz Bakıda təşəkkül tapmışdı. Buradan istər Tehrana və istərsə Təbrizə mürşidlər, fədailər, bombalar və s. partlayıcı maddələr göndərilirdi[5]. Qafqaz türk mətbuatının İran inqilabı üzərindəki təsiri çox mühüm olduğu kimi qafqazlı bir çox türk fədailəri də İran hürriyyət çarpışmalarında can və başlarını fəda etmişlər. M.Ə.Rəsulzadə bir mühüm məqama da nəzər-diqqəti cəlb edir: “Türk inqilabçıları, Türk məbusları, Türk əncümənləri dediyimizdə bunla­rın məhz Türklük namına hərəkət etdikləri düşünülməsin. İran Türk məşrutiyyət­pər­vərləri Türklüklərini düşünmədilər; bütün fədakarlıqları ancaq İranlılıq və müştərək vətən namına icra etmişlər”[6]. Deməli İran türklərinə biganəliyin səbəbləri ylanız qon­şu dövlətlərin ideoloji təbliğatlarında deyil, həm də İranın daxili siyasətində, bila­vasitə türklərin milli təəssübkeşlik hisslərinə laqeyd yanaşmalarında axtarılmalıdır. Necə ki, həmin illərdə Azərbaycanda türk kəlməsi əvəzinə müsəlman sözü işlədilərdi. Şübhəsiz ki, vəziyyətin belə bir səviyyəyə çatmasında əsas amil İran və Rusiya dövlətlərinin imperiya siyasəti idi. Bu da uzun zaman milli şüurun formalaşmasına əngəl törədən, milli özünüdərk prosesini ləngidən ən aşılmaz bir sədd olmuşdur. Sözsüz ki, toplumun məhdud siyasi şüuru və mədəni səviyyəsi də türklüyün öz-özünə etinasızlığında az rol oynamamışdır. O ki, qaldı İran-Türkiyə, İran-Azərbaycan münasibətlərində, ümumiyyətlə, müsəlmanlar arasında münaqişə mənbəyi, xarici dövlətlərin, düşmən tərəflərin əlində isə qızışdırıcı bir vasitə olan sünni-şiə məsələsinin həllinə cəhd göstərilməsinə, onu da deyək ki, bu sahədə birincilik Azərbaycan türklərinə məxsusdur. Qeyd etdiyimiz kimi ilk dəfə Nadir şah tərəfindən qaldırılan, lakin baş tutmayan bu cəhd XX əsrin əvvəllərində Bakıda yenidən müzakirə obyekti olmuş və bu sahədə müəyyən müsbət nəticələr əldə edilmişdi. İran türklərinə diqqətin yönəldilməsi baxımından müsbət ictimai-siyasi dəyişikliklərin müşahidə edildiyi bir dönəmdə M.Ə.Rəsulzadənin “İran türkləri” əsəri Türkiyədə dil və din qardaşlarına qarşı artmaqda olan marağın, rəğbətin ehtiyac hiss edilən tərəfləri ilə oxucuları tanış etmiş və İranın həqiqi mənzərəsini göz önündə canlandırmışdır. Yalnız bununla kifayətlənməyən M.Ə.Rəsulzadə bütün türk və islam aləmində oxunan “Səbilürrəşad” dərgisində doqquz məqalədən ibarət olan İran və İran türkləri haqqında silsilə yazılarını davam etdirmişdir[7]. M.Ə.Rəsulzadənin İran türkləri haqqında olan yazılarını kitab halında nəşrə hazırlayanlardan biri və ön sözün müəllifi Y.Akpinar yazır ki, nədənsə “Səbilürrəşad”dakı yazılar ondan bəhs edən bütün qaynaqların gözündən qaçmış, unudulmuşdu. Biz M.Ə.Rəsulza­dənin Stalinlə bağlı xatirələrindəki bir-iki cümləsinə istinad edərək bu yazıları axtarıb tapa bildik[8]. Bir məsələni də oxucuların nəzərinə çatdırmağı vacib bilirik. Belə ki, “İran türkləri”nin 1993-cü il nəşrində M.Ə.Rəsulzadənin cəmi səkkiz yazısı verilmişdir. Həmmüəlliflərdən Səbahəddin Çağın etiraf edir ki, M.Ə.Rəsulzadənin “İran türkləri”[9] əsərini yayınlayarkən onun “Səbilürrəşad” dərgisinin sentyabr 1912-ci il tarixli sayında dərc edilmiş ilk yazısı bir çaşqınlıq nəticəsi olaraq unudulmuşdur. S.Çağın “Osmanlılarda İran ahvaline biganelik” başlıqlı həmin məqaləni “Kardaş edebiyatlar” dərgisinin otuzuncu sayında[10] çap etdirməklə “İran türkləri”nin son nəşrində yol verilmiş yanlışlığa iki ildən sonra da olsa bir aydınlıq gətirmişdir. M.Ə.Rəsulzadənin əsərlərinin çapa hazırlanması kimi çətin, məsuliyyətli və eyni zamanda şərəfli bir vəzifəni öhdəsinə götürmüş professor Şirməmməd Hüseynov 2001-ci ildə ikinci cildin nəşrinə nail olmuşdur[11]. Lakin qəribə də olsa “Osmanlılarda İran ahvaline biganelik” məqaləsi ilə bağlı İstanbul nəşrində yol verilmiş xəta burada da təkrarlanmışdır. Çox ehtimal ki, bu, mənbə kimi 1993-cü il nəşrinə istinad edildiyindən baş vermişdir. Ola bilsin də ki, əvvəlki tərtibçilər kimi bu dəfə də orijinaldan – “Səbilürrəşad” dərgisindən transliterasiya zamanı həmin məqalə yenə də gözdən qaçmış və eyni hal təkrarlanmışdır. M.Ə.Rəsulzadənin mövzu ilə bağlı digər məqalələrindən fərqli olaraq “Osmanlı­larda İran ahvaline biganelik” adlı yazısında İran türklərinə laqeyd münasibət kimi acınacaqlı bir vəziyyət çılpaqlığı ilə təsvir edilir və türkün türkə olan bu ədalətsizliyinə qarşı həyəcan təbili çalınır. Burada məqsədinin heç də Osmanlı və İran cəhalətinin müqayisəli təhlilindən ibarət olmadığına toxunan müəllif onu da qeyd edir ki, bu xüsusda İstanbulun da öz mövqeyinə münasibət bildirilməyən qəflətləri vardır. M.Ə.Rəsulzadə İrana və Qafqaza dair bir çox uydurma, əfsanə və nağıllar eşitdiyini, İranda böyük bir türk ünsürünün mövcudluğunu, onların əhvali-xüsusiyyətlərini, habelə Qafqaz müsəlmanlarına aid ən sadə və bəsit xəbər və ya məlumatı yeni bir şey kimi hesab edənlərə təsadüf etdiyini təəssüf hissi ilə bildirir. O, həmçinin Osmanlı ümumi fikrində İran haqqında bir ingilis, fransız qədər də bilgi olmadığını diqqətə çatdıraraq yazır ki, İstanbul mətbuatı nəinki Avropa mühüm qəzetləri kimi İranın qaynar mərkəzləri olan Tehran və Təbrizə müxbirlər göndərmiş, heç İran inqilabı ilə bağlı tanınmış ingilis professoru Brawn’un böyük kitabı bir yana qalsın, ümumiyyətlə İran haqqında müxtəsər bir kitabça belə olsun türkcə bir əsər nəşr edilməmişdir. M.Ə.Rəsulzadə Osmanlı ictimai rəyinin İran türklərinə etinasız münasibətini təşvişlə xatırladır, onları qəflət yuxusundan oyanmağa, dil və din qaradaşları ilə həmrəyliyə səsləyir. Ürək ağrısı ilə bildirir ki, Osmanlı mətbuatının İran haqqındakı nəşriyyatını ən zəngin ədəbiyyata malik olan İngilis mətbuatı ilə deyil, fransız, alman və hətta rus dillərində İran əhvalına aid intişar tapmış kitablarla müqayisə etsək bunların yüzdə bir mislinə də türkcədə təsədüf edə bilmərik. Gülünc deyilmi ki, XX əsrdə belə İran ilə Osmanlı bir-birilərini iki əsr bundan əvvəl yazılmış kitablar vasitəsilə anlasın, biri digərinə o dövrün qərəzli hissləri ilə baxsın. M.Ə.Rəsulzadəyə görə yeni bir mərhələyə daxil olan hər millət kimi Osmanlılarda da ictimai, siyasi, elmi, mədəni, ədəbi sahələrdə bir çox gizli olmayan nöqsanlar vardır ki, bunlardan biri İran məsələsinin Osmanlı ictimai rəyində məchul qalmasıdır. 10 iyul inqilabından sonra İran haqqında mərhum şair Əşrəfin “İranda yanğın var!” risaləsindən başqa bir əsərə təsadüf edilməməsi, qəzetlərin bu xüsusda verdikləri məlumatların isə iqtibas və tərcümə qəbilindən və həm də çox naqis olması, heç bir qəzetdə “İran məsələsi”nin ayrıca problem kimi izlənilməməsi, bir-iki mühərririn ara-sıra hissiyyat üzərinə yazmış olduqları məqalələr istisna edilərsə bu barədə ciddi və əsas məlumatları əhatə edən yazıların yox dərəcəsində olması M.Ə.Rəsulzadəni adıkeçən əsəri yazmağa sövq etmişdir. O, “Səbilürrəşad”da dərc edilmiş bu ilk yazısında Osmanlı müqtədir jurnalistlərinə müraciətlə məsələnin həlli ilə bağlı onların qüdrətli qələmlərinin, elmlərinin intizarında olduğunu nəzəri-diqqətə çatdırır. Öz yazılarını isə Osmanlı ümumi fikrinə acizanə bir xidmət kimi təqdim edərək, bunların ictimai rəyə umulan təsir bəxş edəcəyini və osmanlıların İranın faciəli müqəddəratına laqeyd və biganə qalmayacaqları ümidində olduğunu bildirir. O dövrdə Türkiyədə İran həqiqətlərini M.Ə.Rəsulzadədən daha gözəl bilən və izah edən ikinci bir şəxs olmamışdır. İranın siyasi, iqtisadi və mədəni həyatında türklərin mühüm rol oynadığını açıqlayan bu yazılar hər şeydən öncə İran türklərinin varlığını və bu ölkənin “Hər zaman üçdə biri Türkdür”[12] gerçəkliyini açıqlayır* . Eyni zamanda M.Ə.Rəsulzadə Avropanın imperialist dövlətləri qarşısında Türkiyə ilə İranın qarşılıqlı əməkdaşlığı zərurətini irəli sürmüşdür ki, sonrakı hadisələr də bu fikrin doğruluğunu təsdiqləmişdir. Əsər müasir dövrdə də aktuallığını saxlamaqdadır. M.Ə.Rəsulzadənin fars-türk münasibətlərinin nizama salınmasına xidmət edən yazıları bu gün də təcrübə məktəbidir. Onun Türkiyə-İran, Azərbaycan-İran münasibətlərinə baxış tərzi, məsələlərin nizama salınması sahəsindəki təklifləri xalqlarımızın inkişaf yolunu işıqlandıran bir çıraq kimi indi də dəyərini saxlamaqdadır. “Türk yurdu” və “Səbilürrəşad” dərgilərində dərc edilmiş bu yazılar o dövr üçün İran türklərinin ictimai-siyasi vəziyyətini, həyat tərzini obyektiv əks etdirən etibarlı mənbə və həmçinin Azərbaycanla bağlı “Cənub mövzusu”nda yazılmış ilk elmi, siyasi və bədii nümunələr kimi də dəyərləndirilməlidir. -------------------------------------------------------------------------------- [1] Mehmed Emin Resulzade. Kafkasya türkleri. Türk Dünyası Araştırmaları Vakfı, İstanbul 1993, s.15. [2] M.Süleymanov. M.Ə.Rəsulzadə və Azərbaycan mədəniyyəti. Namizədlik dissertasiyası, 2000, s.100, Bakı, ADMİU-nun kitabxanası. [3] Bu barədə ətraflı bax: M.E.Resulzade. İran Türkleri, “Türk yurdu”, sayı: 4, 11 ocak 1912, sayı: 14, 30 mayıs 1912, sayı: 18, 25 temmuz 1912, sayı: 21, 5 eylül 1912, sayı: 22, 19 eylül 1912; sayı: 24, 17 ekim 1912; M.E.Resulzade. İran Türkleri (“Türk yurdu” ve “Sebilürreşad”dakı yazıları), Türk dünyası araştırmaları vakfı, İstanbul 1993; Türk yurdu. 1 cilt (1-2) 1911-1912, Ankara, Tutibay yayınları 1999, s.66-68, 236-238, 299-301, 347-350, 359-362, 299-401. [4] M.E.Resulzade. İran Türkleri. Türk Dünyası Araştırmaları Vakfı, İstanbul 1993, s.1-2. [5] Yenə orada, s.26. [6] Yenə orada, s.30. [7] “Səbilürrəşad” dərgisi, 1912-ci il, 29 (211), 30 (212), 31(213), 32(214), 33(215), 34(216), 35(217), 36(218), 40(222) sayları. [8] M.E.Resulzade. İran türkleri, İstanbul 1993, s.2. [9] M.Ə.Rəsulzadənin “Türk yurdu” və “Səbilürrəşad”dakı yazılarının toplandığı “İran türkləri” əsəri Dr. Yavuz Akpinar, İrfan Murad İldırım və Səbahəddin Çağın tərəfindən nəşrə hazırlanmışdır. [10] M.E.Resulzade. Osmanlılarda İran ahvaline biganelik. “Kardaş edebiyatlar” dergisi, Erzurum 1995, sayı:30, s.26-27. [11] M.Ə.Rəsulzadə. Əsərləri, II cild, Bakı, Şirvannəşr, 2001. [12] M.E.Resulzade. İran türkleri. İstanbul, 1993, s.3. * Yəqin ki, M.Ə.Rəsulzadənin dəqiq statistik məlumat toplamaq imkanı olsaydı bu rəqəm üçdə bir deyil, ən azı ikidə bir olardı. http://www.azadtribun.net/x19078.htm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar