GünAzTV: İran Xarici İşlər Nazirliyi yanvarın 17-də Amerikanın yeni seçilmiş prezidenti Donald Trampın İranla bağlanmış nüvə sazişinə qarşı bəyanatları haqda məlumat yayıb.
Vyanada əldə edilən nüvə sazişinin (Bərcamın) icrasının 4-ü üçaylıq hesabatında bildirilir ki, Trampın sazişlə bağlı vaxtaşırı səsləndirdiyi bəyanatları, bu razılaşmanın icrasına mənfi təsir göstərib: “Təəssüflər olsun ki, Trampın bəyanatları nüvə sazişinin icrasına psixoloji baxımdan mənfi təsir edib. Trampın səsləndirdiyi şüarlar, bu sazişin gələcəyini sual altına qoyaraq onun icrası ilə bağlı bəzi ləngimələrə gətirib çıxarıb. Bu isə, bəzi xarici şirkətlər arasında müəyyən nigaranlıqların ortaya çıxmasına səbəb olub. Həmin şirkətlər, hazırda Amerikanın yeni hökumətinin məsələ ilə bağlı strategiyasının müəyyənləşdirilməsini gözləyirlər”.
Xatırladaq ki, Donald Tramp komandasındakı bəzi rəsmilərin son günlər nüvə sazişinə qarşı bəyanatları, rəsmi Tehranın və İranda sərmayə yatırmaq istəyən xarici şirkətlərin ciddi nigaranlığına səbəb olub.
A.M